SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “REGAL” MTK-nın rəhbərindən Prezidentə şikayət

“REGAL” MTK-nın rəhbərindən Prezidentə şikayət

Tarix:

7-05-2019, 13:55

/ 1 545 dəfə oxundu.
“REGAL” MTK-nın rəhbərindən Prezidentə şikayət

Həkim İskəndərov Qafar Bədəlxan oğlu: “Nəsimi rayon İH-nin başçısı Asif Əsgərov, DİN-nin bəzi baş idarə rəisləri vətəndaşların evini qanunsuz olaraq uçurdan şirkəti himayə edirlər...”

Azərbaycandan kənarda cərrah işləyən İskəndərov Qafar Bədəlxan oğlu Prezident İlham Əliyevə müraciət edib. “Təzadlar” həmin müraciəti təqdim edir. Xatırladırıq ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 25/27 saylı ünvanda yerləşən evinin qanunsuz olaraq uçurulduğunu deyən həkim baş verənlərdə “REGAL” MTK-nın rəhbərliyini və MTK-nın himayəçilərini günahlandırıb.

Müraciətdə deyilir:

“Hörmətli, cənab Prezident!

Sizə açıq məktubla müraciət etməyimə səbəb indiyə qədər ünvanladığım müraciətlərin Sizə çatdırılmasının kimlərsə tərəfindən qarşısının alınması və bu üzdən cavablandırıla bilinməməsi ilə bağlı qənaətim, aidiyyəti dövlət orqanlarının mənim şikayətlərimə baxmamaları olmuşdur.

İlk öncə istərdim ki, bu məktub şikayətçi bir ölkə vətəndaşının müraciəti kimi deyil, Sizə və apardığınız islahatlara dəstək verən, ölkəmizin firavanlığını və Vətənimzin rifahını, dövlətimizin qüdrətli və dövlət rəhbərliyinin güclü olmasını istəyən bir ziyalının sözü, fikri, istəkləri kimi qəbul edilsin. Bəli, Sizə müraciət edən bu ziyalı həkim-cərrahın Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “REGAL” MTK rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib. Bu sıradan, adi hesab olunan bir hadisə deyil, bu, bir faciədir. Elə bir ziyalı həkimin faciəsidir ki, evini ölkəsinə və dövlətinə əmanət edərək ruzi qazanmaq, yanaşı olaraq, millətini və məmləkətini xaricilərə tanıtdırmaq üçün müxtəlif xarici ölkələrə üz tutub.

Vətən bir insanın varının-yoxunun, malının-mülkünün, yaxınlarının və sevdiklərinin olduğu, qorunduğu bir diyardır. Vətən mal-mülkün, əmanət olunduğu bir yerdir, istər dövlətə, istər dövlətin məmuruna, istərsə də vətənin hər bir övladına etibar olunan əmanətdir. Yalnız bu cür yanaşmaqla Vətən anlayışının ətrafında birləşmək mümkündür. Mən bu məktubumda mülkiyyət hüquqlarımın müdafiəsi ilə bağlı bir hüquqi normanın adını belə çəkməyəcəyəm. Təəssüf ki, bu anlayış öz dəyərini artıq itiribdir, yaxud bəzilərinin gözündə dəyərsizləşibdir. Halımızı düşünərək hesab edirəm ki, ölkəmizdə mülkiyyətin toxunulmazlığı və qorunması, bu anlayışın “müqəddəsliyi” təkcə normativ qanunlarla deyil, düşüncə və yanaşmalarımızla, söz və əməllərimizlə təmin olunmalıdır. Mülkiyyətin qorunması, başqalarının mülkiyyətinin toxunulmazlığı, başqalarının malına-mülkünə göz dikilməməsi, başqasının mal-mülkünə hörmət qoyulması bu günkü gündə əsas ictimai və fərdi müzakirə mövzusu olmalıdır. Əks halda, mal-mülklə bağlı məhkəmə çəkişmələrinin sonu görünməyəcəkdir. Qənaətimcə, başqasının mal-mülkünə, onun toxunulmazlığına qarşı düşüncə təkcə Konstitusiya norması ilə deyil, ailə tərbiyəsi mövzusu və ictimai tərbiyə yanaşması ilə də formalaşdırılmalıdır.
Diqqət yetirək! Özlərini sahibkar adlandıranlar, özlərini xüsusi dini ziyarət titulları ilə “bəzəyənlər” (“hacılar”, “seyidlər”) bir ziyalının, ömrünün böyük bir hissəsini elmə-peşəyə həsr edən bir həkimin evini nə üçün, hansı düşüncə ilə uçurublar? Milyonlara sahib olmaq üçünmü? Axı bu cür necə milyonlara sahib olmaq olar ki, bu milyonların bünövrəsi birilərinin lənəti, ah-naləsi, mənəvi sıxıntıları və ruhi sarsıntıları üzərində qurulsun? Birisinin mülkiyyətinə qəsd edəninin, yaxud qəsd etmək düşüncəsində olanın, ilk öncə, düşünürəm ki, bunu dərk etməsi lazımdır. Yoxsa ki, məhkəmə cəzası, dövlət tədbiri bu insanlara nə tərbiyə verəcəkdir?

İlk öncə, bu insanların düzgün tərbiyəsinə, düşüncə və baxışlarını dəyişmələrinə nail olmamız lazımdır. Əlbəttə ki, müvafiq cəza da yerində olmaqla, yoxsa, təkcə tərbiyə ilə də bu məqsədlərə nail olmaq mümkün olmayacaqdır. Hal-haırda sirkətin mənə vurduğu zərər 843 min 726 manatdır.

“Deyirlər ki, biz buyuq, güclüyük, məhkəmə qərarı olmadan belə evinizi yox edə bilirik!”

Hörmətli cənab Prezident!

Bəlkə də evim, məhkəmə qərarı ilə, yaxud hər hansı sair qanuni əsaslarla sökülsə idi, mənə bu qədər təsir etməzdi. Amma, məsələ tamamilə fərqlidir. Mənim evim sökülməmiş, yaxud təbii axarı ilə uçmamışdır, “REGAL” MTK-nın rəhbərliyi, bu tikinti şirkətinin sahibləri və ona havadarlıq edənlər tərəfindən məhz qəsdən uçurulmuş və bilərəkdən məhv edilmişdir. Özü də, Bakıda olmadığım müddətdə, xarici ölkələrdən birində müqavilə əsasında işlədiyim bir vəziyyətdə. O vəziyyətdə ki, bir həftə sonrasına biletim var idi. O vəziyyətdə ki, MTK rəhbərliyi müqavilə əsasında işlədiyimdən məlumatlı idi. O vəziyyətdə ki, bir həftə sonra Bakıda olacağımdan xəbərdar edilmişdilər və bunu qəbul da etmişdilər. Bəs nə idi onları bir həftə belə gözləməyə, mənim gəlişimə səbirli olmalarına imkan verməyən? Bu, onları uçuruma aparan nəfsləri və təkəbbürlükləri, mənəm-mənəmlikləridir. Onlar, sanki mənimlə - ölkələrinin bir ziyalısı ilə döyüşürlərmiş kimi davranıblar. O üzdən mən Bakıya çatana kimi masada döyüş üstünlüyü qazanan tərəf kimi oturmaq düşüncəsi ilə uçurmuşlar evimi. Yəni, deyirlər ki, artıq evin yoxdur, nə edə biləcəksən, barışmaq məcburiyyətindəsən, biz buyuq, güclüyük, məhkəmə qərarı olmadan belə evinizi yox edə bilirik.

Hətta evini sökdükdən bir sutka sonra 13 № dövlət natoriusu ilə səlahiyyəti olmayan şəxslə sənin adına müqavilə bağlaya bilirik. Bizim gücümüzlə hesablaşmaq məcburiyyətindəsən.

Bunların mənə vermək istədikləri mesajlar bu idi. Havadarlarını da sadalamaqdan çəkinmirlər: rayon İcra Hakimiyyətinin başçısı, şəhər və rayon prokurorları, şəhər və rayon polis idarəsi rəisləri, DİN-nin bəzi baş idarə rəisləri və s. Görün, bir həkim-cərrahın qarşısına öz evinin əlindən alınması üçün kimləri çıxarıblar.

O həkimin ki, öz əlləri ilə hər gün iş başında neçə-neçə insanın həyatda qalmasına səbəb olur. Təsəvvür edin, Müqəddəs Quran bir insanın ölümdən qurtarılmasını bütün bəşəriyyətin xilası kimi təqdim edir insanlığa. Elə isə, gündə dəfələrlə bəşəriyyətin xilası ilə məşğul olan birisinə, sənəti insanlığa xidmət olan birisinə qarşı bu cür əməl törətmək, onu evindən məhrum buraxmaq günah deyilmi, cinayət deyilmi?

Əziz Prezidentim!

Məhz bu cinayətkar əməllərinə görə bunları tərbiyələndirmək və qanunin gücü ilə cəzalandırmanız lazımdır. Mənə görə deyil, ölkəmiz adına, ölkəmizin əmin-amanlığı və firavanlığı adına. Əslində bunlar sahibkar, investor deyildirlər. Bunlar bu adlarla pərdələniblər. Bunlar kapitalisdirlər, “kapital- kar”lardırlar. Mən çox ölkələrdə olmuşam, lakin heç bir ölkədə bu cür kapitalistlərə rast gəlməmişəm. Bunlar insanları talan etmək düşüncəsində olan kapital “aşıqləridirlər”.

Bu cür düşüncəli, bu cür əməl sahibləri olan şirkət rəhbərləri məmləkəti satmağa hazır olan, məmləkətin varını-yoxunu xaricə daşımağa və daşıtdırmağa hazır olan mənfəətkar məxluqlardırlar. Bu gün bunların bu ölkədə qazandıqlarının bir qəpiyini belə ölkədə saxlamaq firkiləri yoxdur. Çünki bunlar ölkəni düşünən, onun gələcəyini düşünən həqiqi sahibkar deyillər. Düşünsəydilər bir ziyalıya qarşı bu cür hərəkətə yol verməzdilər. Bunların düşünən beyinləri olsa idi, insanlığa xidmət edən həkim-cərrahın evini uçurmaz, üstəlik də bu əməlləri ilə təkəbbürlənməzdilər.

Hazırda, işim Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsində təkrar baxışa qaytarılmışdır. Özüm isə hazırda xarici ölkələrdən birində iş başındayam. Məhkəmədə şəxsən iştirak etmək niyyətindəyəm. Rəhbərimiz olaraq Sizdən bir ziyalı vətəndaşınız kimi umduğum başıma gətirilənlərlə bağlı mübahisəyə məhkəmələrimiz tərəfindən ədalətli yanaşmağın təmin olunmasına göstəriş verməyinizidr.

Eyni zamanda, araşdırılmalıdır ki, nədən Nəsimi Rayon İcra Hakimiyyəti, Nəsimi rayon polisi, Nəsimi Rayon Prokurorluğu bu qanunsuzluğa göz yummuşlar? Nədən asayiş keşikçimiz olan polisimizin 102 xidməti hadisə zamanı və hadisədən dərhal sonra zənglərə əhəmiyyət verməmişdir? Nə üçün, yuxarı prokurorluq orqanları əmlakımın məhv edilməsi ilə bağlı indiyə kimi heç bir tədbir görməmişlər?

Necə olmuşdur ki, qanunsuz tikintiyə icazə verməyən Fövqəladə Hallar Nazirliyi qanunsuz söküntünü diqqətdən yayındırmışdır? Ölkə Prezidenti insanlara xidmətə çağırdığı bir şəraitdə bu aidiyyəti orqanları mənə qarşı edilən haqsızlıq ətrafında birləşməyə vadar edən, yaxud maraqlandıran nə olmuşdur? Hansı maraqları naminə bu qanunsuzluğa göz yummuşlar? Onların bu dar maraqları, “boğazdan aşağı” olan mənfəətləri ölkənin ümumi maralarına xələl gətirmirmi?

Hərdən mənə tövsiyyə edirlər, hətta məhkəmə hakimlərindən bəziləri də utanmadan “istəyirsiniz Avropa Məhkəməsinə müraciət edin” kimi fikirlər söyləyirlər. Mən isə bu ölkənin ziyalısı kimi düşünürəm, “görəsən bir şirkətin insanlığa sığmayan, rüsvayedici bir əməlinə görə ölkəmdən Avropa Məhkəməsinə şikayət etməyə və dövlətimiz əleyhinə məhkəmə iddiası qaldırmağa dəyərmi?” Hələki bu barədə düşünmürəm.

Hörmətli, cənab Prezident!

Başımıza gətirilən bu faciələr və müsibətlər Sizin, həqiqətən də nə qədər ağır bir yük daşıdığınızı, nə qədər ağır bir yükün altında olduğunuzu bariz şəkildə gözlərimiz önünə qoyur. Uca Allah Sizə yardım etsin! Sizin bu ölkəmiz üçün etdikləriniz edəcəklərinizin təminatıdır. Mən buna öz varlığım kimi inanıram. Bir ziyalı kimi Sizi və siyasətinizi dəstəkləyirəm. Ziyalı “ziya”, “nur”, “işıq”, “yol göstərən”, “bəsirət” mənalarında işlədilən bir termindir. Xaricdə yaşayan biz ziyalılar Sizin humanist və sosial yönümlü islahatlarınızı öz ziyamızla, işığımızla bütün dünyada tanıtdrımağa və yaymağa hazırıq. Yetər ki, ölkəmizdə mal-mülkümüzün qorunması, qohum-əqrəbamızın təhlükəsizliyi təmin olunsun, əmin-amanlıq və firavanlıq olsun. Mən və bütün xalgımız Sizin və hörmətli 1-ci vitse-Prezidentimizin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və köməyi ilə ölkəmizdə dünya standartlarina cavab verən neçə-neçə səhiyyə ocaqlarının açılmasını görür və sevinirik.

Müvəqqəti olaraq qürbət həyatı yaşasaq da, daima arzumuz budur ki, vətənimizdə sülh və barışıq olsun. Heç kim heç kimin malına, canına, həyatına qəsd etməsin. Bir ziyalı kimi ölkəmiz üçün istədiklərimiz budur: əmin-amanlıq, hüquqlara hörmət, firavanlıq və xoşbəxtlik.

Ümidvaram ki, yüksək rəhbərlik keyfiyyətləri və insani dəyərlərinizlə Siz barəmdə olan qanunsuzluğun araşdırılmasında, haqsızlığın aradan qaldırılmasında öz köməkliyinizi əsirgəməyəcəksiniz.

Dərin hörmət və ehtiramla, Tibb Elmləri üzrə Fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin üzvü, Çexiya Həkimlər Birliyinin üzvü, Avropa Endoskopic Cərrahlar Birliyinin üzvü Qafar İskəndərov”.

Prezident Administrasiyası ən çox şikayət edilən tikinti şirkəti kimi “REGAL” MTK-nın adını “qara siyahı”ya salıb...

“Təzadlar” kiçik bir araşdırma apardı... Məlum olur ki, Prezident Administrasiyasının şikayətlər şöbəsinin müdiri Süleyman İsmayılov bu ilin fevralın 8-də ötən il barəsində daha çox şikayətlər edilən qurumların siyahısını mətbuata bəyan edib. Cənab S.İsmayılovun açıqlamasından məlum olur ki, “...2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət etmişlər. Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, “TFM Smart Project”, “Fədək”, “Sizin mənzil”, “NV Construction”, “Dönüş-1”, “MVVL Verus Praedium”, “Azadlıq Residence”, “Pilot-1”, “FVS İnşaat”, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, “İnşaat Konstruksiyaları”, “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, “SKY Residence”, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, “Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olmuşdur”. Adı çəkilən şirkət isə Nəsimi rayonu ərazisində pilot layihələrin icrasına cəlb edilib, köhnə yaşayış binalarını sökərək yerində hündürmərtəbəli binalar tikir. Amma...

Bəs şirkətin pilot layihə icraçılığından niyə narazılıq edilir???

“Təzadlar” hələ ötən il, PA rəsmisinin söylədiyi kimi, Nəsimi rayonunda “REGAL” MTK-ya məxsus hündürmərtəbəli binada tikinti normalarına riayət olunmaması barədə konkret şikayəti dərc etmişdi. Məlum olurdu ki, adı çəkilən şirkətin inşa etdiyi bina yaxınlıqda yerləşən digər yaşayış evinin sakinlərinin rahat yaşamasına, təhlükəsizliyinə ciddi şəkildə təhlükə yaradır. Məsələn, Nəsibbəy Yusifbəyli küçəsi, ev-19-da yaşayan ehtiyatda olan polis zabiti Aqil Ağayev ötən ilin noyabrında yazdığı şikayətində baş verən təhlükə və narazılıqdan belə yazırdı: “...Mənim mülküm olan mənzildə ən azı üç ailə məskunlaşmışıq. Zəngilan rayonundan olan məcburi köçkünük. Atam Ağayev Səyihəddin Bilal oğlu 1989-cu ildə Bakıda tələbə olan zaman bu evi mənə alıb. Sonradan rayonumuz işğal edildikdən sonra ailəmiz (atam, anam, qardaşlarım) bu evə köçüblər. Bu mənzilin rəsmi qaydada çıxarışı var. Sözügedən il atam bu mənzili adıma rəsmiləşdirdikdən sonra çıxarış (kupça) alıb. Hələ o dövürdə Bakıda cəmi 400-500 evdə çıxarış var idisə, bunun biri də bizdə idi. Atamın Zəngilanda 5 evi olub. Düşmən sözügedən evlərə od vurub yandırdı, torpaqlarımız işğal edildi. İndi isə, “REGAL” MTK rəsimləri adıma olan və ailəmizə məxsus bu mənzili uçurmaq üçün bütün çirkin addımlara əl atırlar. Bizi iki illik kirayədə qalmağı tövsiyə edirlər. Bizə “bu evdən çıxın, iki ildən sonra yerində bina tikildikdən sonra siz mənzillə təmin ediləcəksiniz” deyilir. Biz buna razı deyilik!

Əvvəla, mənə məxsus olan mənzildə 20 nəfərdən çox qonaq qəbul edə bilərəm. Evin ölçüsü 510 kvadrat metr və həyətində isə 20 nəfərə məxsus avtomobil saxlamaq olar. Bu böyüklükdə mülkdən çıxıb nəyə görə dar şəraitli binada yaşamalıyam? Digər tərəfdən evimin altı obyekt kimi istifadə edə bilirik. Nəyə görə bu obyekt də əlimizdən çıxmalıdır ki? Bütün bunlara razılıq vermədiyimiz üçün, “REGAL” MTK yaxınlıqa tikdiyi binanın bünövrəsini qəsdən evimizin yaxınlığına salıb. Nəticədə evimiz təhlükəli vəziyətə düşüb, hasarı isə uçub. “REGAL” MTK nümayəndələri qəsdən hasarın kənarında su kranını açıb, yerini yumuşaldıb və nəticədə bu qəzanın baş verməsinə imkan yaradıblar. Hadisə ilə bağlı polisə, Bakı şəhər İcra Hakimiyətinə, Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq orqanlara da müraciət etmişik. Hazırda ölkə başçısı İlham Əliyevə müraciət etməyi düşünürəm. Cənab prezident dəfələrlə çıxışlarına bəyan edib ki, insanların icazəsi olmadan, onlarla razılaşmadan mülklərini əlindən almayın! Amma Nəsimi rayonunda “REGAL” MTK nümayəndələri kimlərəsə güvənərək ölkə başçısının bu tələbinə riayət etmirlər. Digər tərəfdən, Nazirlər Kabinetinin 2016-ci il 16 fevral tarixli qərarı var. Qərarda göstərilir ki, istismara yararsız, qəzalı vəziyyətdə və şəhərin görünüşünə xələl gətirən binaların söküntüsü aparılsın və yerinə yeni müsair tələblərə uyğun binalar tikilsin. Orada həyət evləri nəzərdə tutulmayıb. Bütün bu qərarla yanaşı, sahibkarlardan mülk sahiblərinin icazəsi əsasında bu işi həyata keçirmələri tələb olunur. Amma “REGAL” MTK nümayəndələri ərazidə yerləşən əksər mülk sahiblərini aldadaraq, məcburiyət qarşısında qoyaraq mənzillərindən çıxarıb. Hazırda o mənzillərin yerində hündürmərtəbəli bina tikirlər. Atam və övladları hər zaman Vətənə, millətə, dövlətə bağlı olan şəxslərdir. “REGAL” MTK nümayəndələri Qarabağ döyüşçüsü olan atamın xahişini və tələbini heçə sayır və bu cür qeyri-qanuni əməllərini davam etdirirlər. Ümid edirik ki, onlar bu çirkin əməllərindən geri çəkiləcəklər”.

Redaksiyadan: yazıda adı çəkilənləri də dinləməyə hazırıq. Bunun üçün adı çəkilən MTK-nın konkret ünvan və ya ofisini tapam bilməsək də, tikinti elanlarındakı telefon nömrələrinə zəng vurduq. Zəngimizə cavab verən şəxs isə “Biz ev alqı-satqısı ilə məşğuluq” dedi... Şirkətin sahibi barədə isə sosial şəbəkələrdə heç bir məlumat yoxdur...

Tezadlar

Şərhlər

XƏBƏR LENTİ