SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyirlər

Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyirlər

Tarix:

16-03-2017, 13:55

/ 1 353 dəfə oxundu.
Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyirlər

Hələ bir neçə ay öncə Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllənin bir qrup sakini redaksiyamıza müraciət edərək yaşadıqları ərazidə standartlara cavab verməyən çoxmərtəbəli binanın tikintisinə başlanılmasından narahatlıqlarını bildirmişdilər

Əlaqədar dövlət qurumlarına, müxtəlif idarə və təşkilatlara üz tutan sakinlər üzləşdikləri bu problemin aradan qaldırılmasına kömək edilməsini istəyirdilər.

Lakin bu müddət ərzində sakinlərin müraciətinə müvafiq qurumlar tərəfindən heç reaksiya verilməyib.

Bu günlərdə həmin binanın bir qrup qadın sakini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciətin mətnini təqdim edirik.

"Çox hörmətli Mehriban xanım! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların qanuni hüquqlarının qorunmasına daim böyük diqqət və qayğı göstərir, bu sahədə yol verilən hər bir nöqsana qarşı barışmaz və qətiyyətli mövqe tutur, belə halların dərhal aradan qaldırılmasını dövlət orqanlarından tələb edir. Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunmağınız barədə dövlətimizin başçısının müdrik qərarı hər bir sadə vətəndaşın, xüsusən, biz qadınların qəlbində dərin məmnunluq doğurub və cəmiyyətimizdə özünü büruzə verən neqativ hallara qarşı mübarizənin daha da güclənəcəyinə böyük inam yaradıb.

Siz Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, Birinci xanım kimi də xalqımızın ümid yeri, biz qadınların isə əsl dayağı, sadiq mənəvi dəstəkçisi olmusunuz, ən kəskin problemlərimizi həllində öz dəyərli yardımınızı heç vaxt əsirgəməməsiniz.

Bu gün biz - eyni binanın sakinləri olan qadınlar qarşılaşdığımız haqsızlıqla əlaqədar Birinci vitse-prezident kimi Sizə müraciət edir, dövlətimizin ali vəzifəli nümayəndəsi kimi Sizdən kömək gözləyirik.

Məsələnin mahiyyəti belədir: sakini olduğumuz 12 mərtəbəli binadan cəmi 6 metrlik bir məsafədə daha bir çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb. Tikinti Rəmzi Əvəz oğlu Şükürov və onun atası Əvəz Bayram oğlu Şükürov tərəfindən aparılır. Bu şəxslər şəhərsalma və tikinti qaydalarını kobud şəkildə pozaraq, bizim qanuni tələblərimizə məhəl qoymadan öz bildiklərini edir, əlaqədar dövlət və hökumət orqanları isə yaranmış vəziyyətə göz yumur, heç bir tədbir görmürlər.

Tikinti işləri təkcə bizim binaya deyil, həm də ərazidə yerləşən dövlət təşkilatlarının - Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Məlumat və Resurs Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin, 69 saylı uşaq bağçasının və Azərbaycan Kooperasiya Universitetinin binalarına da, mövcud qaydalara zidd şəkildə, çox yaxın bir məsafədə aparılır.

Bu vaxta qədər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla müvafiq dövlət və hökumət orqanlarına etdiyimiz çoxsaylı müraciətlər, demək olar ki, heç bir nəticə verməyib.

Məlumat üçün bildirməyi vacib sayırıq ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixdə təsdiq etdiyi "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın 9-cu bəndinə əsasən, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi qəbul olunur. Hazırda biz yaşadığımız binanın hündürlüyü 42 metrdir və sözügedən qərara əsasən, bizim bina ilə qeyri-qanuni tikilən binanın ara məsafəsi ən azı 25 metr olmalıdır. Hazırda isə bu məsafə cəmi 6 metrdir.

Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 51 saylı qərarın 4.13-cü bəndində ərazi zonalarında yol verilən tikinti miqyası müəyyən olunan cədvələ əsasən, orta mərtəbəli (6-8 mərtəbəli binalar) çoxmənzilli yaşayış binaları ərazinin tikinti əmsalına uyğun 500 kv.m x 0.4 = 200 kv.m torpaq sahəni əhatə edə bilər. Ərazinin tikinti sıxlığı əmsalına əsasən, 500 kv.m x 0.8 = 400 kv.m ümumi sahədən ibarət bina tikə bilər. Amma Əvəz və Rəmzi Şükürovlar yaşadığımız 12 mərtəbəli binadan 6 metr məsafədə 500 kv.m torpaq sahəsində 6000 kv.m sahəsi olan bina tikirlər.

Müraciətdə daha sonra deyilir: "Hörmətli Mehriban xanım! Əvəz və Rəmzi Şükürovlar mövcud qanunları saya salmadan və müraciət etdiyimiz dövlət orqanları ilə tez bir zamanda razılığa gələrək tikitnti işlərini davam etdirmələri bizi ciddi narahat edir. Bu şəxslər özlərinin qarşısı alınmayan qanunazidd əməlləri ilə dövlətimizin hüquqi, cəmiyyətimizin mənəvi əsaslarına, biz vətəndaşların dövlət orqanlarına olan etmad və etibarına sarsıdıcı zərbə vururlar. Biz qadın həmrəyliyinə, mənəvi birlik duyğularına güvənərək Sizə üz tutur, bu qanunazidd fəaliyyətin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, qanuni və mənəvi hüquqlarımızın pozulmasına imkan verilməyəcək".

525.az
Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyirlər
Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyirlər

Şərhlər

XƏBƏR LENTİ