SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət Sığorta Şirkəti narazılıq yaradır - ŞİKAYƏT

Dövlət Sığorta Şirkəti narazılıq yaradır - ŞİKAYƏT

Tarix:

16-03-2017, 09:46

/ 1 328 dəfə oxundu.
Dövlət Sığorta Şirkəti narazılıq yaradır - ŞİKAYƏT

“Dövlət Sığorta Kommersiya Şirkəti məni bu sığortanı almaqdan ötrü illərlə get-gələ salacaqsa, o gözəl qanun niyə qəbul edilib?”. Bu sözləri deyən Zərdab rayonu, Gödəkqobu kənd sakini Sübhan Bəndəlizadə ikinci qrup əlildir. O, danışır ki, əlilliyi hərbi xidmətdə olarkən “qazanıb”.

Sübhan Bəndəlizadə 2015-ci ildə hərbi xidmətə yollanıb. Lənkəranda xidmət edərkən xəstələnib və hərbi hospitala yerləşdirilib. Dediyinə görə, hərbi hissə rəhbərliyi əsgərin xəstəliyinə biganə yanaşdığından, xəstəliyi dərinləşib. Sübhan nə az- nə çox, 8 ay hospitalda müalicə alıb və ardınca hərbi xidmətə yararsız kimi ordudan tərxis edilib. Hüquqşünaslarla məsləhətləşəndən sonra sığortanı almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə üz tutub. İndi bir ildən çoxdur get-gələ düşsə də, sığortanı ala bilmir:

“Özləri də təsdiqləyirlər ki, “bəli, sənə 6 min 600 manat sığorta düşür”. Deyirəm, bəs niyə vermirsiniz? Bütün sənədləri təqdim etmişəm, hərbi hissəyə aparılarkən sağlam olmağım barədə arayışım, hərbi hissənin tibb məntəqəsində uzun müddət müalicə almağım, hərbi hospitalda 8 ay stasionar şəraitdə müalicəm, – hamısının sənədləri təqdim olunub. Mənim xəstəliyimin dərinləşməsinin səbəbi vaxtında düzgün müalicə almamağımdır. Nəticədə, sol böyrəyim funksiyasını itirib, əlilə çevrilmişəm. Mənim təqdim etdiyim sənədlər gizlədilir, gah deyirlər itirmişik, gah da deyirlər, araşdırarıq. Bir ildir ki, əlil canımla yollarda qalmışam. Bu gedişlə ikinci böyrəyimi də sığortapulu üçün gedib-gəldiyim yollarda itirəcəyəm”.

Dövlət Sığorta Kommersiya Şirkətindən bildirilib ki, Sübhan Bəndəlizadə sənədləri ilə yaxınlaşsa, araşdırılar. Hüquqşünas Vaqif Alıyev əlilə məhkəməyə müraciət etməsini məsləhət görür: “Hərbi xidmətdə sağlamlığını itirənlərin çoxu bu problemlə üzləşir. İllərlə bu sığortanı ala bilməyənlər var. Yeganə yolu odur ki, quruma getməsin, məktubla müraciət etsin və məktubla da cavab alsın. Sonra topladığı sənədləri və cavab məktubunu ərizəsinə əlavə edib məhkəməyə müraciət etsin. Təcrübədə belə məsələlərin məhkəmə yolu ilə həlli mümkün olub”.

Şərhlər

XƏBƏR LENTİ