SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Özəlləşmə nəticəsində daha bir sənaye müəssisəsi biznes obyektinə çevriləcək

Özəlləşmə nəticəsində daha bir sənaye müəssisəsi biznes obyektinə çevriləcək

Tarix:

17-04-2019, 10:35

/ 968 dəfə oxundu.
Özəlləşmə nəticəsində daha bir sənaye müəssisəsi  biznes obyektinə çevriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi respublikanın müxtəlif regionlarında yerləşən qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmədən sonra istehsal proseslərinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. Yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir.
Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq bu sahələrə aid dövlət müəssisələrinin özəlləşdirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Belə tədbirlərin davamı olaraq Komitə “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətininin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.
İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müsair texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllini özündə əks etdirən, həmçinin investisiya qoyuluşlarına dair təkliflərin verilməsi idi.
İnvestisiya müsabiqəsi 15 fevral 2019-cu il tarixində keçirilmişdir. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə “Ferrotex” MMC-ni “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan etmişdir.
Müsabiqənin şərtlərinə müvafiq olaraq qalib şəxs dövlət büdcəsinə 2,8 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən müəssisəyə 10 milyon manat məbləğində investisiya qoyuluşunun reallaşmasını öhdəsinə götürmüşdür. Həmçinin müəssisənin dövlət büdcəsi və DSMF-yə olan 2 milyon manata yaxın məbləğdə borclarının, 200 min manata yaxın məbləğdə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.
Təqdim olunmuş İnvestisiya Proqramına (Biznes Plana) əsasən investor tərəfindən müəssisədə yeni istehsal sexinin tikintisi, soyutma sisteminin qurulması, istehsalı idarəetmə mərkəzinin inşası, o cümlədən tökmə istehsalında istifadə olunan texnoloji avadanlıq və tərtibatların alınması, mexaniki emal sexində 3 ədəd müxtəlif tonnajlı vakuum induksion sobalarının quraşdırılması nəzərdə tutulur. Eyni zamanda məhsulların fiziki xassələri və kimyəvi tərkibini öyrənən yeni avadanlıqların alınması, mənəvi və fiziki cəhətdən aşınmış mövcud avadanlıqların təmir olunması, həmçinin bina və tikililərin əsaslı təmiri, infrastruktur təminatının yaxşılaşdırılması, habelə abadlaşdırma işlərinin görülməsi də planlaşdırılır.
Müəssisəyə bir il ərzində 10 milyon manatdan az olmayaraq özəl investisiyaların yatırılması, görüləcək işlər nəticəsində 160 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Şərhlər

XƏBƏR LENTİ