SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Atəşgah Sığorta”-nın özbaşınalığına görə prezidentə müraciət olundu - MƏTN

“Atəşgah Sığorta”-nın özbaşınalığına görə prezidentə müraciət olundu - MƏTN

Tarix:

17-04-2019, 10:01

/ 960 dəfə oxundu.
“Atəşgah Sığorta”-nın özbaşınalığına görə prezidentə müraciət olundu - MƏTN

"DəmirBank”ın bir qrup keçmiş əməkdaşının bir neçə illik maaşının geri tələb olunması ilə bağlı problem ətrafında baş verən proseslər ölkə rəhbərliyinə qədər gedib. Xatırladaq ki, "Həyatın Yığım sığortası”nın imkanlarından faydalanmaq istəyən "DəmirBank” əməkdaşları bankın ləğv edilməsindən sonra çətinliklə üzləşiblər.

Miq.Az xəbər verir ki, sözügedən qrup əməkdaşları (30 nəfərdən çox) "Atəşgah Həyat” sığorta şirkəti tərəfindən təqdim edilən "Həyatın Yığım Sığortası” adlı məhsuldan faydalanmağa çalışmışlar. Xatırladaq ki, qanunvericiliyə əsasən şirkətdə çalışan əməkdaşların əmək haqqısı və ya əmək haqqının bir hissəsi sığorta məqsədləri üçün ayrılarsa həmin məbləğ vergi və sosial ödənişlərdən azad olunur. Vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış "Həyatın Yığım Sığortası” sosial xidmətdir və bir neçə ildir ki, bir çox şirkətlərin əməkdaşları tərəfindən istifadə edilir.

Bu layihə üzre əməkdaşların vergi və sosial ödənişlərdən azad olunan və əmək haqqları hesabına toplanmış vəsait "Atəşgah sığorta” şirkətinin müxtəlif banklarda yerləşdirilən hesablarında saxlanılıb. Eyni zamanda bu vəsait əsasında işçilərin aylıq xərclərini qarşılamaq üçün "DəmirBank”dan kreditlər ayrılıb. Lakin "Həyatın Yığım sığortası”ndan faydalanmaq istəyən vətəndaşların vəsaiti nəinki verilməyəcək, hətta bank tərəfindən vətəndaşların yaşayışı üçün ayrılan kreditlər geri alınacaq.

Dolayısı ilə "DəmirBank” əməkdaşları 1 ildən (hər bir əməkdaşlarda fərqli olaraq) artıq əldə etdiyi maaşlarını geri qaytarmalı olacaqlar.

Buna səbəb "Atəşgah Həyat” sığorta şirkəti tərəfindən razılaşmaya daxil edilmiş bənddir. Bu bənd vətəndaşın iş yeri (DəmirBank) iflas olduğu halda "Atəşgah Həyat” sığorta şirkətini vəsaiti qaytarmaq öhdəliyindən azad edir. Nəticədə vətəndaşların iri miqyaslı kreditləri (əmək haqqı əvəzinə ayrılan vəsaitlər) "DəmirBank”ın ləğvedicisi olan "Əmanətlərin Sığortalanması Fondu” tərəfindən müqavilə vaxtı çatanda geri alınacaq, işçilərin əmək haqqıları isə əmanət vəsaitləri olaraq "Atəşgah Həyat” Sığorta şirkətinin hesabında qalacaq və başqalarının gəlirinə çevriləcək.Kollektiv sürətdə məhkəməyə müraciət edən "DəmirBank” əməkdaşları sözügedən mexanizmi işə salan, Atəşgah - DəmirBank rəhbərliyinin planı olan bu bəndin ləğv edilməsi üçün iddia qaldırıb. Lakin həm rayon, həm də appelyasiya məhkəməsi vətəndaşların əleyhinə qərar çıxararaq onları aciz durumda qoyub.

Məsələ ilə bağlı vətəndaşlar dəfələrlə həm "Əmanətlərin Sığortalanması Fondu” (DəmirBank-ın ləğvedicisi), həm də "Atəşgah sığorta” şirkətinin rəhbərliyi ilə görüşlər keçiriblər. Bu görüşlər 2017-ci ilin dekabırı, yəni Bankın lisenziyası ləğv edildiyi aydan başlayıb. Görüşlərin gedişatı zamanı çoxsaylı optimist vədlər ilə qarşılaşan vətəndaşlar məhkəmə zalında tam fərqli münasibətin şahidi oldular. Belə ki, sözdə bu cür ağır duruma düşən vətəndaşların vəsaitlərini qaytaracaqlarını bildirən "Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyi heç bir halda müqaviləni yeniləməyə və ya yazılı sürətdə sözünü təsdiq edən sənəd verməyə razılaşmır, hətda məhkəmələrdə ölkənin aparıcı hüquq şirkətinin əməkdaşlarını cəlb və digər yollardan istifadə edərək vətəndaşların vəsaitlərini qaytarmamaq üçün tam prinsipial mövqe nümayiş etdiriblər.

Ağır maliyyə vəziyyətinə düşəcək vətəndaşlar dəfələrlə müxtəlif dövlət orqanlarına, Maliyyə bazarlarına Nəzarət Palatasına, Əmanətlərin Sığortalanması Fonduna, Vergilər Nazirliyinə, Azərbaycan Sığortaçılar Assosiasiyasına, Dövlət Sosial Müdafiyə Fonduna, eyni zamanda, Milli Məclisin deputatlarına - Aytən Mustafayeva, Elşad Həsənova, Vahid Əhmədova, Fazil Mustafaya, Hadı Rəcəbliyə, Azay Quliyevə, Ülvi Quliyevə və digərlərinə müraciətlər ünvanlayıblar.

Bu günə qədər ədalətin bərpa edilməsi üçün bu addımların heç birinin real təsiri olmayıb. "Atəşgah Həyat” Sığorta Şirkətinin rəhbərliyi ilə 2019-cu ilin 15 Fevral tarixində keçirilən son görüş zamanı vətəndaşlar yenidən müxtəlif vədlər ilə qarşılaşaraq "Mart ayında sizə yazılı sənəd təqdim edəcəyik” sözləri ilə növbəti dəfə "yola salınmışdırlar”.

Görüşdən bir neçə ay keçdiyini və heç bir vədin yerinə yetirilmədiyini görən vətəndaşlar iri qurumların arasında qurulan "maxinasiya sisteminin” qurbanı olmayıb çətin duruma düşməmək üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Son ümidlərini Ölkə Rəhbərinə yönəlmiş müraciyətə bağlayan vətəndaşlar məktubu bizim redaksiyamıza göndərib. Müraciətin tam mətnini təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Ləğv Prosesində olan "DəmirBank” ASC – nin bəzi keçmiş işçiləri tərəfindən

Ə r i z ə


Hörmətli Cənab Prezident!

Sizin Azərbaycan Respublikası əhalisinin sosial rifah halının yüksəldilməsi siyasətinizi rəğbətlə qarşılayırıq. Əhalimizin sosial vəziyyəti Sizin daimi diqqət mərkəzinizdədir və lazımı sosial tədbirlər dərhal və opertiv həyata keçirilir. Şamaxıda baş verən zəlzələ, "Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı göstərişləriniz və həyata keçirilən tədbirlər bunun son dövrlərdəki bariz nümunələrindəndir.

"Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı müşavirədə qeyd etdiyiniz kimi, bu cür problemlərin həlli istiqamətində sığorta sisteminin böyük əhəmiyyəti vardır. Lakin təəssüf ki, sığorta sistemində olan boşluqlara, habelə bəzi vəzifəli şəxslərin məsələlərə etinasız münasibətinə görə, problemlər yaranır. Nəticədə təəssüf ki, insanlar əziyyət çəkirlər, habelə hüquqları təmin edilmir.

Biz"Dəmirbank” ASC – nin keçmiş işçiləriyik. Sığortaçı "Atəşgah Həyat” Sığorta Şirkəti ASC olmaqla, Sığortalı "Dəmirbank” ASC olmaqla, Sığorta olunan biz (işçilər) olmaqla, bizim (işçilərin) həyat yığım sığortası növündə sığortalanmışlar. İşçilərin (iddiaçıların) hər ay əmək haqları bütövlükdə "Dəmirbank” ASC tərəfindən "Atəşgah Həyat” Sığorta Şirkəti ASC – yə ödənilmişdir. "Atəşgah Həyat” Sığorta Şirkəti ASC "Dəmirbank” ASC – də əmanət hesabı açaraq, işçilərin sığorta haqqı kimi alınan əmək haqqılarını həmin hesaba yönəltmişdir. "Atəşgah Həyat” Sığorta Şirkəti ASC "Dəmirbank” ASC – də həmin əmanət hesabı üzrə, bank müflis olduqda və ya istənilən başqa səbəbdən əmanəti və hesablanmış faizləri geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə, özlərinin "mənafeyini” düşünərək, sığorta şəhadətnamələrinə belə bir şərt daxil etmişlər: "Nəzərə alaraq ki, Sığortalının seçiminə əsasən onun ödədiyi sığorta haqları Əmanət Hesablarına investisiya edilmişdir, Sığortalı (Bank) müflis olduqda və ya istənilən başqa səbəbdən Əmanət Müqaviləsi üzrə Sığortaçı qarşısında əmanəti və hesablanmış faizləri Müqaviləyə uyğun olaraq geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə Sığortaçı, bu Sığorta şəhadətnaməsi üzrə sığortalı və (və ya) sığorta olunanlar (faydalanan şəxslər) qarşısında öhdəliklərin icrasından azaddır.” "Dəmirbank” ASC – nin ləğvi prosesinə başlandıqdan sonra, "Atəşgah Həyat” Sığorta Şirkəti ASC yuxarıda qeyd edilən bəndə istinadən, öhdəliklərin icrasından özünü azad hesab etmişdir.

Nəticədə insanlar illərdir qazandıqları və həyatın yığım sığortasına yönəltdikləri əmək haqlarını itirmək təhlükəsi ilə üz – üzədirlər. Ustəlik, əmək haqqı almadıqlarına görə dolanışıqlarını təmin etmək üçün götürdükləri kreditlərə faiz borcu hesablanmaqda davam edir və sığorta ödənişini ala bilmədiyimizə görə, həmin kreditləri ödəyə bilmirik və bu bizim üçün gələcəkdə daha ağır hüquqi – sosial nəticələrə gətirəcəkdir. Bu problemlə üzləşənlər təkçə Sizə müraciət edənlərlə məhdudlaşmır. Bizim vəziyyətimizdə olan xeyli insan var.

Qeyd edilənləri nəzərə alaraq, həyatın yığım sığortasında toplanmış əmək haqlarımızı ala bilməyimizə, kredit öhdəlikllərimiz üzrə onun bizim iradəmizdən asılı olmayan səbəblərdən icra edə bilmədiyimiz dövrünə faiz borcu hesablanmasının dayandırılmasına, yaxud problemimizin həlli istiqamətində hər hansı bir kömək edilməsi üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.”/7NEWS.az/

Mövzunu davam etdirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ