SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Sosial Müdafiə Nazirliyində “kölgə korrupsiyası”: Nazir “əkdiyini” “biçməyə” başlayıb

Sosial Müdafiə Nazirliyində “kölgə korrupsiyası”: Nazir “əkdiyini” “biçməyə” başlayıb
3-08-2016, 09:21276Oxunub.

Səlim Müslümovun nazir təyin olunduğu dövrdə nazirlikdə antikorrupsiya şousunu qurmaqda əsas məqsədinin özünün quracağı korrupsiya şəbəkəsini pərdələmək olduğu haqqında dəfələrlə yazılıb. Hazırda isə ictimaiyyətə bunu bir daha əyani sübut edən faktlar məlum olub ki, Xalqxeber.Az olaraq həmin məqamların üzərində dayanmaq istərdik.
Artıq bir neçə aydır ki, Səlim Müslümov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə yoxlamalar gördərməyə başlayıb. Həmin yoxlamalarla rayon ƏSMM-lərin hər birindən keçmiş bir ilin fəaliyyətinə görə 250-300 min manat pul alınır. Bir sözlə, Səlim Müslümov son iki ildə "becərdiyi məhsulun yığımına” başlayıb. Bu işdə Səlim Müslümovun tələsik qərarlarına səbəb Hesablama Palatasının onun "yetişdirdiyi məhsula” şərik ola biləcək qorxusudur. Belə ki, rayon ƏSMM-lərin fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılması nəinki Səlim Müslümovu heç bir şəkildə qane etmir, hətta narazı salır. Odur qollarını çırmalayıb, Hesablama Palatasını qabaqlamağa çalışır. Hesablama Palatasına hətta böyük rayon və şəhər ƏSMM-lərə özünün yoxlama göndərmək istəyini çatdırmaqdan belə çəkinməyib.
Səlim Müslümovun qurduğu korrupsiya şəbəkəsini laxlatmağın əsas yollarından biri rayon ƏSMM-lərin fəaliyyətinin yoxlanılmasının bütövlükdə ancaq Hesablama Palatasına həvalə etmək ola bilər. Ona görə səlahiyyətli şəxslər bu barədə ciddi fikirləşsələr pis olmaz. Baş verənlər onu göstərir ki, sən demə indiyə qədər Səlim Müslümov rayon ƏSMM-lərdə baş verən qatı korrupsiya hallarına məqsədli şəkildə ona görə göz yumurmuş ki, həmin idarələrə yoxlama göndərdiyi zaman işçilərdən daha çox pul qopara bilsin. Bu mexanizm həm də Səlim Müslümova qurduğu korrupsiya şəbəkəsini pərdələməyə imkan verir. Korrupsiya faktlarından ancaq yoxlama zamanı mərkəz işçilərindən daha çox pul almaq üçün istifadə edir. Bu işdə işçiləri ən çox Kapital Bankdan bankomat şəkilləri çıxaracağı ilə şantaj edir. Bəli vətəndaşların ünvanlı sosial yardım kartlarının 7-8 ay işçilərdə olduğunu bilən Səlim Müslümov məqsədli şəkildə il boyu özünü bilməzliyə vurur. Yoxlama zamanı hiyləgərcəsinə işçilərə bildirilir ki, nazirlik sizdən aylıq haqq tələb etməyib ki, siz vətəndaşlardan bu qədər pul almısız. Özünü sudan quru çıxararaq bildirirlər ki, baxın nazirlik sizdən pul istəməzdi, əgər siz vətəndaşlardan rüşvət almasaydınız.
Baxın, belə bir metod həyata keçirən Səlim Müslümov son nəticədə qurduğu korrupsiya şəbəkəsinin fəalyyətini davam etdirməklə, həm rahatca yüksək məbləğdə rüşvət toplayır, həm də ictimaiyyətdə və ölkə başçısının yanında özünün heç kimdən rüşvət tələb etmədiyini və korrupsiyaya yol vermədiyi rəyini yaradır. Bu hiyləgər metod kölgə iqtisadiyyatında olduğu kimi korrupsiyanın da kölgə formasını yaratmaq deməkdir. Bu isə cəmiyyət və dövlət üçün ənənəvi korrupsiya şəbəkəsindən daha təhlükəlidir. Çünki, yaradılan rəylə baş verən korrupsiya faktları ziddiyyətli xarakter daşıdığından, hakimiyyətdə və cəmiyyətdə çaşqınlığa səbəb olmaqla, hakimiyyət üçün potensial təhlükə yaradır. Hakimiyyət vaxtında əhalinin hansı sahədən nə kimi narazılığının olduğunu dəqiq müəyyən edə bilmədiyindən vaxtında zəruri addımları atmaqda gecikərək, özünə açıq təhlükə yaratmış olur. Cəmiyyət isə deyilənlərlə baş verənlərin (bir tərəfdən Səlim Müslümovun pafoslu antikorrupsiya çıxışları, digər tərəfdən isə dəyişməyən korrupsiya reallıqları) ziddiyyətli olduğunu gördükcə, onu anlamaqda çətinlik çəkir, sonda bütün günahı hakimiyyətin özündə görməyə başlayır.
Hakimiyyətin qeyd olunanların fərqində olmaması isə ancaq acı təəssüf doğurur. Ümid edirik ki, nəhayət baş verənlərin ciddiliyini nəzərə alıb, Səlim Müslümovun korrupsiya şəbəkəsinə dur deyənlər tapılacaq.
Cavid Əliyev

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ