SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ətdən əlini üzən vətəndaş qarnını çörəklə doyurur...

Ətdən əlini üzən vətəndaş qarnını çörəklə doyurur...

Tarix:

14-03-2017, 12:52

/ 1 455 dəfə oxundu.
Ətdən əlini üzən vətəndaş qarnını çörəklə doyurur...

21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə gedən bahalaşma tendensiyası bir an belə səngimək bilmir. Hətta dolların məzənnəsinin nisbətən stabilləşdiyi bu günlərdə belə, qiymətlər “şahə qalxıb”. Hər nə qədər monopolist şirkətlər, “manatın məzənnəsi stabilləşəcəksə, qiymətləri ucuzlaşdıracağıq” desələr də, Azərbaycanda dəfələrlə qalxan qiymətlər bir daha enmir!
Sahibkarlar, biznes qurumlar xüsusilə bayram ərəfəsində insanları soymaqla məşğuldurlar. Statistik rəqəmlər bir çox hallarda reallıqla uzlaşmasa da, Dövlət Statistika Komitəsinin bu gün açıqladığı məlumatlar da bahalaşma olduğunu təsdiq edir. Rəsmi məlumata görə, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb.

Hazırda 1 kiloqramı 11-12 manata satılan mal əti, 4-4 manat 50 qəpiyə satılan toyuq ətindən əlini üzən vətəndaş qarnını yavan çörəklə doyurmağa çalışır. Gündəlik tələbat məhsulu olan çörəyin qiyməti isə nə yaxşı ki hələ stabildir. Azərbaycanda qüvvədə olan dövlətlərarası standartın tələblərinə əsasən, çörəyin çəkisi 500 qramdan aşağı olmamalıdır. Tendensiya onu göstərir ki, qiyməti artırmayan sahibkar çörəyin çəkisini azaldır, çəkini stabil saxlayan isə qiyməti artırır. Necə deyərlər, baba kündələri sayır, nənə kündədən kəsir...

Azad İstehlakçılar Birlyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında deyir ki, bu gün orta statistik azərbaycanlı qazancının 70 faizini qidaya verir:

“Həmişə maaşın, sosial müdafiənin zəif olduğu ölkələrdə qazancın böyük hissəsi qida təminatına gedir. Bu, Azərbaycan üçün də xarakterik hal alıb. Ərzaq bahalaşması fonunda insanlar yavan çörəyə üstünlük verməyə məcbur olublar.
Hazırda İqtisadiyyat Nazirliyi yalnız çörəyin qiymətini sabit saxlamaqla məşğuldur. Hansı ki, hökumətin qiymət siyasətinə qarışmağa ixtiyarı yoxdur. Çünki ölkədə azad bazar iqtisadiyyatıdır”.

Hüquq müdafiəçisi Azərbaycan istehlakçısının maaşının 25 faizinin aldadılmağa “xərcləndiyini” qeyd edir:

“Alıcılar qiymətdə, çəkidə aldadılır. Bu faktı danmaq olmaz. Mənim masamın üzərində “Bolluq bazarı”nın istehsalı olan noxudlar var. Vətəndaş açıq satışda noxudun 1 kiloqramının 6 manat olduğunu görüb almır. Marketdə qablaşdırılmış noxudu 5 manata görən kimi dərhal alır. Evə gəlib diqqət yetirəndə görür ki, paketin üzərində gözlə görünməyən kiçik rəqəmlə “700 qram” yazılıb. Vətəndaş onu 1 kiloqram əvəzi alıb. Qiymət, çəki gözlə görünən yerdə yazılmalıdır ki, istehlakçı birdən-birə 300 qram aldadılmasın. Xüsusilə devalvasiyadan sonra istehsalçı şirkətlər məhsulların çəkisini azaltmaq, amma üzərindəki çəki göstəricisini saxlamaqla da vətəndaşı aldadırlar. Ölkədə effektli istehlakçı siyasəti olmadığından biznes qurumları istədiyini edir. Həm keyfiyyətdə, həm çəkidə, həm də qiymətdə istehlakçını aldatmaqla pul qazanırlar. Ona görə də insanlar aldıqları maaşdan ayın axırına çatdıra bilmirlər. Həm qiymətlər bahalaşıb, həm də aldadılma faktları var.
Devalvasiyadan sonra Azərbaycanda istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşüb. Bu bütün zamanlar və bütün ölkələr üçün xarakterikdir. Xüsusilə Novruz bayramında qalxan qiymətlər bayramdan sonra enməyəcək. Bundan sonra isə insanların bəzi məhsullarla əlçatanlığı kəskin azalacaq. Necə ki, mən Eyyub Hüseynovun 10 ilə yaxındır ki, qara kürüyə “əli çatmır”.

Şərhlər

XƏBƏR LENTİ