XalqXəbər.Az

AZAL-ın monopolist qiymət siyasəti... - Şirkət büdcəyə necə ziyan vurur?

yüklənir...
AZAL-ın monopolist qiymət siyasəti... - Şirkət büdcəyə necə ziyan vurur?
22-02-2019, 09:39
yüklənir...

Son zamanlar Bakıdan “Wizz Air” aviaşirkəti ilə səyahət edən sərnişinlər arasında narazılıqlar artıb.

Səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Müqayisə üçün bildirək ki, “Wizz Air” vasitəsilə Bakı-Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti 540 avrodur. “Wizz Air” vasitəsilə Kutaisi - Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti isə 150 avrodur. Göründüyü kimi, qiymətlərdə 3 dəfədən çox fərq var.

Xatırladaq ki, prezident İlham Əliyevin hökumətin 2015-ci il iyulun 13-də keçirilən iclasında Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəbin olduğunu demişdi: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması. Prezident onu da qeyd etmişdi ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmnunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.

İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək demişdi ki, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir:

“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?”

İlham Əliyev problemin aradan qaldırılması üçün göstəriş vermişdi. Tənqiddən sonra Azərbaycan Hava Yolları (AZAL) turizm şirkətlərinə aviabiletlərin qiymətlərinin aşağı salındığı barədə rəsmi məktub göndərmişdi. Görünən odur ki, bir müddət qiymətlər endirilsə də, sonradan qiymət siyasətinə yenidən baxılıb. Ümumiyyətlə, AZAL hədsiz baha qiymət siyasəti yürüdür. Qiymətləri endirmək üçün zəruri olan addımları atmır, yeni aviaşirkətlər cəlb edilmir. Gürcüstanda isə vəziyyət tam fərqlidir. Əlavə aviaşirkətlər cəlb etməklə, hava limanında təqdim edilən servislərin qiymətlərini endirməklə, rəqabətli mühit yaratmaqla daha çevik qiymət siyasəti yürüdürlər. Gürcüstanın hava uçuşlarından əldə etdikləri vəsaitin 30 faizinin Azərbaycan vətəndaşları hesabına olduğunu bildirib.

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, AZAL-la bağlı narazılıqlar həmişə olub. İqtisadçı deyib ki, mövcud vəziyyət gələcəkdə də belə narazılıqların həmişə özünü göstərəcəyini deməyə əsas verir:

“Bunun başlıca səbəbi ondan ibarətdir ki, AZAL-ın aviadaşıma xidmətlərində alternativ rəqabət ortağı yoxdur. Faktiki olaraq, hava nəqliyyatında istər sərnişindaşıma, istərsə də yükdaşımada AZAL-dan başqa qurum yoxdur. Doğrudur, “Buta Airways”, “Viz Air”, eləcə də “Silk Way Airlines” kimi yük və sərnişindaşıma törəmə aviaşirkətləri var. Amma bunlar sanki müstəqil şəkildə yaranmış şirkətlər deyil. Tam mənada demək olar ki, adıçəkilən aviaxidmətlər AZAL-ın törəmə şirkətləridir. İnkişaf etmiş ölkələrin təcrübələrinə baxsaq, onlarda nəqliyyatın digər sektorlarında olduğu kimi, hava nəqliyyatında da alternativ, bir-birindən asılı olmayan və qarşılıqlı rəqabət aparan müxtəlif şirkətlər fəaliyyət göstərir. Rəqabət məhz bu cür şəraitdə yaranır. Bütün bunlardan irəli gələrək hər bir şirkət ayrı-ayrı tariflər üzrə müvafiq qiymət siyasəti həyata keçirir. Təəssüf ki, Azərbaycanda belə şərait yoxdur. Ümumiyyətlə, AZAL-ın təklif etdiyi xidmətlər üzrə tariflərinin yüksək olması barədə narazılıqlar əvvəllər də olub, indi də var və bu, həmişə də belə olacaq. Amma bu o demək deyil ki, AZAL-ın göstərdiyi xidmətin səviyyəsi aşağıdır, dünya standartlarına uyğun deyil. AZAL-ın təyyarə parkında bu gün dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan ən müasir təyyarələr mövcuddur. AZAL-ın təyyarələrində müxtəlif istiqamətlər üzrə sərnişindaşımalarda göstərilən xidmətin səviyyəsi də kifayət qədər yüksək səviyyədədir. Amma ortada rəqabət amili olmadığına görə, AZAL qiymətləri mövcud tələblərə, o cümlədən alternativsizlikdən irəli gələn şəraitə uyğun olaraq özü diktə edir. Bu da haqlı narazılıq yaradır. Amma Azərbaycanda bu sahədə mövcud qiymətlərin qonşu Gürcüstanla müqayisə edilməsi də düzgün deyil. Çünki Azərbaycanda sərnişinlərin aviareyslərə tələbatı Gürcüstanla müqayisədə qat-qat yüksəkdir. İstərdim ki, AZAL-ı Rusiyada, Avropada, Türkiyədə mövcud olan aviaşirkətlərlə müqayisə etsinlər”.

Pərviz Heydərov onu da qeyd edib ki, sərnişindaşımalar üzrə mövcud qiymətlər təkcə yerli sərnişinlər üçün mənfi hal sayılmır:

“Azərbaycanda dövlət qeyri-neft sektorunun əsas rolu kimi turizmin inkişafını qarşıya məqsəd qoyub. Son illər Azərbaycanda bu istiqamətdə mühüm işlər görülüb. Turistlərin cəlbi baxımından, aviabiletlərin yüksək qiymətə olması neqativ şərait yaradır. AZAL-ın monopolist mövqeyi ölkə iqtisadiyyatının digər sektorları üzrə mənfi tendensiyalar doğurur. Qiymətin yüksək olmasının yerli sərnişinlər üçün narazılığından daha çox, məsələnin digər tərəfinə diqqət yetirməyi vacib hesab edirəm. Belə ki, ölkəyə turist cəlbi üçün AZAL-ın qiymət siyasəti ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əsas rolu kimi, turizm inkişafı məqsədlərinə ziddir və buna mənfi təsir göstərir”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.