SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə müraciət

"Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə müraciət

Tarix:

20-02-2019, 10:04

/ 1 005 dəfə oxundu.
"Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə müraciət

Xocalı sakini Məmmədova Narxanım Heydərəli qızı Moderator.az-a ünvanladığı məktubunda prezident İlham Əliyevə müraciət edib.

Hörmətli Cənab Prezident!

Sizə bildirmək istəyirəm ki, bizim ailənin taleyinə iki dəfə qaçqınlıq yazılıb. İlk dəfə 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalından ermənilər tərəfindən didərgin salındıq. Qaçqınlıqda 1973-cü il təvəllüdlü oğlum Sərvər ermənilər tərəfindən faciəvi şəkildə qətlə yetirildi. Biz səkkiz nəfər ailə üzvlərimizlə birlikdə Xocalıya pənah gətirdik. Fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıya hücumu zamanı bu faciəni yaşayanlardan biri də bizim ailə oldu. Bütün ailə üzvlərimlə birlikdə düşmənə əsir düşdük. Səkkiz gün əsirlikdə qaldığımız zaman həyat yoldaşım Məmmədin və iki oğlum Söhbət və Möhlətin düşmən erməni qəbirlərinin üstündə başını kəsdi. Həmin gün 11 yaşlı oğlum Əhmədin doğum günü idi. Bunu bilən ermənilər oğlumu sağ əlinin içindən güllə ilə vurdular. Səkkiz gün erməni əsirliyində bizə olmazın işgəncələrin verdilər. Sonda biz 80 nəfər əsiri şəhid Milli Qəhrəmanımız Allahverdi Bağırovun vasitəsi ilə ordumuz tərəfindən öldürülən zənci döyüşçüyə dəyişdilər. Beləcə, 1992-ci ildən Qobustan rayonunda məskunlaşmışıq.

Hörmətli Cənab Prezident!

On bir yaşında əsirlik həyatı yaşayan və sağ əli güllələnən oğlum Əhməd Məmmədov 2014-cü il dekabrın 17-də evlənmək məqsədilə öz xalası nəvəsini qızın razılığı ilə qaçırdı. Qız qaçırmaq bizim dədə-baba adətimizdir və oğlum buna görə qızı qaçırarkən həbs olunacağını bilməyib. Niyyəti ailə qurmaq olub. Lakin qızın yaxın adamlarının şikayətindən sonra oğlum Əhməd Məmmədov həbs edildi. Biz onların ailə qurmasının tərəfdarı olduğumuzu desək də, qız evi bununla razılaşmadı və qıza da təzyiq göstərdilər. Bundan sonra qız da sözündə dönük çıxıb oğlum Əhməd tərəfindən məcburən qaçırıldığını bildirdi.
Bundan sonra oğlum Əhməd Məmmədov CM-nin 29.144.2.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edildi. Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Səhhətində ciddi problemlər var. Dörd şəhid verən bir ana kimi sizdən istəyim odur ki, oğlum Əhmədin qalan iki il yarımlıq cəza müddətini şərti azadlıqla əvəz edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Son altı ildə oğlum Xocalı faciəsinin ildönümünü həbsxanada keçirir. Qarşıdan Novruz Bayramı gəlir. Hər il bayram ərəfəsində yüzlərlə məhbusun azadlığa buraxılaması üçün əfv sərəncamı imzalayıb ailələri sevindirirsiniz. Biz də mart ayında bu sevinci yaşayamaq istəyirik. Öncədən sizə özüm və ailə üzvlərim adından minnətdarlıq edirəm.
"Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə müraciət
"Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə müraciət
"Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə müraciət

Şərhlər

XƏBƏR LENTİ