SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "BAKI AĞ ŞƏHƏR" LAYİHƏSİNDƏ KÜLLİ MİQDARDA YEYİNTİ

"BAKI AĞ ŞƏHƏR" LAYİHƏSİNDƏ KÜLLİ MİQDARDA YEYİNTİ

Tarix:

12-01-2019, 23:47

/ 4 083 dəfə oxundu.
"BAKI AĞ ŞƏHƏR" LAYİHƏSİNDƏ KÜLLİ MİQDARDA YEYİNTİ

Xətai rayon İcra Hakimiyyətinin hələ də sakinlərə külli miqdarda borclu olduğu bildirilir
Natiq Cəfərli: “Vətəndaşa qanedici kompensasiya vermədən, söküntü aparmağa ixtiyar yoxdur”
“Vətəndaşa həyət və qarajlara görə 300 mantın ödənilməsi doğru deyil”
Ötən ilin sonunda “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni, layihənin həyata keçirilməsində xidmətləri olan Nütvəli Abbasov, Fəzail Abdullayev, Yelena Çernova, Etibar Dadaşov və Elxan Quliyev “Tərəqqi” medalı ilə mükafatlandırıldı. Əlbəttə, biz dövlət başçısının bu qərarını şərh etmək fikrində deyilik. Amma sözügedən layihə ilə bağlı bir sıra informasiyalar var ki, R.Sadıxovun mükafata layiq olması ilə təzad təşkil edir.
“Hürriyyət”ə daxil olan informasiyaya əsasən, 221 hektar ərazini əhatə edən ərazidə yerləşən evlər söküldüyü üçün hər kvdratmetr üçün sakinlərə 1500 manat verilsə də, həyət və qarajlara görə 300 manat ödənib. Bəzi iddialara görə, hətta Xətai rayon icra başçısı Razim Məmmədovun vəzifədən azad olunmasında da “Bakı Ağ Şəhər” layihəsi zamanı milyonlarla manat yeyinti faktının üzə çıxarılması olub. Hansı ki, hələ də Xətai rayon İcra Hakimiyyətinin sakinlərə külli miqdarda borclu olduğu bildirilir.
“Açıq şəkildə bilinir ki, “Ağ Şəhər” kommersiya layihəsidir”
Картинки по запросу Natiq Cəfərli
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, söküntü aparılan ərazidə tikinti aparan şirkət və ya dövlət qurumu mütləq vətəndaşın razılığını almalıdır: “Azərbaycanda qanunvericilikdə kifayət qədər aydın yazılıb ki, dövlət tərəfindən təyin olunan qiymət ancaq dövlət əhəmiyyətli layihələrin, kommunikasiya xətlərinin və təhlükəsizliklə bağlı layiəhələrin həyata keçirilməsi zamanı mümkündür. Hələ orada da dövlətin tərəfindən təyin olunmuş məbləğ 200 gün müddətində məhkəmə qaydasında mübahisələndirilə bilər. Yəni vətəndaşlara qanunvericilik buna imkan verir. Amma “Ağ Şəhər” layihəsi nə dövlət əhəmiyyətli bir lahiyədir, nə təhlükəszliklə bağlıdır, nə də oradan böyük kommunikasiya xətləri keçir. Yəni bu, kifayət qədər biznes layihəsidir. Açıq şəkildə bilinir ki, “Ağ Şəhər” kommersiya layihəsidir. Tikilən binaların satışındakı qiymətlər də bunu göstərir. Ona görə də söküntü aparılan ərazidə əgər insanların mülkiyyət hüququnu təsdiq edən sənədləri varsa, mütləq həmin söküntünü həyata keçirən dövlət orqanı və yaxud şirkət olsun fərq etməz, vətəndaşın razılığını almalıdır. Vətəndaşın razılığını almadan, vətəndaşa qanedici kompensasiya vermədən söküntü aparmağa ixtiyarı yoxdur. Vətəndaşlara tövsiyyəmiz odur ki, belə şəraitdə mütləq qrup şəkilində şikayətçi olsunlar, məhkəmələrə müraciət etsinlər. Qrup halında şikayətçi olanda ən azı dövlət orqanlarında və həmin şirkətlərdə müəyyən məsuliyyət hissi yaranır. Qrup halında şikayətlərin ən azından müəyyən təsirləri olur. Bu nöqteyi-nəzərdən kompensasiyaların verilməsi vətəndaşları razı salacaq tərzdə olmalıdır”.
“Mənzillə həyətin və yaxud qarajın ayrılması doğru deyil”
“Ümumiyyətlə, vətəndaşa həyət və qarajlara görə 300 mantın ödənilməsi doğru deyil. İstənilən mülkiyyətçi istənilən qiyməti təyin edə bilər. Şirkətin borcudur ki, danışıqlar yolu ilə mənzil sahibini razı salsın və mənzil sahibinin mülkiyyətində olan istər həyət, istərsə də qaraj olsun fərq etməz, mülkiyyət hüququnda bunların ayrımı yoxdur. Vətəndaş mülkiyətçidirsə, fərqi yoxdur mülkiyyət hansı sahəyə aid edilir. Yəni burada mənzillə həyətin və yaxud qarajın ayrılması doğru deyil. Şirkətlərin və dövlət orqanlarının borcudur ki, vətəndaşla ümumi razılığa gəlsinlər”,-deyə iqtisadçı vurğuladı.
“Bu, özəl şirkətlərin qazancına çevilən bir layihəyə çevrilib”
N. Cəfərli onu da nəzərə çatdırdı ki, “Ağ Şəhər” layihəsində bütün kommunikasiya xətləri dövlət hesabına çəkilir: “Orada kommunikasiya xətlərinin çəkilməsi üçün büdcədən xeyli vəsait ayrılıb. Amma buna baxmayaraq həmin sahədə tikilən mənzillər kommersiya əsaslarında satılır. Bu, onu deməyə əsas verir ki, həmin sahədə tikinti aparan şirkətlərə dövlət sanki bir gözəgörünməz güzəşt tətbiq edir. Yəni kommunikasiya xətlərinin özləri tərəfindən çəkilməsinə imkan vermir və dövlət büdcəsi hesabına çəkilir. Amma satışda kommersiya prinsipləri həyata keçirilir. Burada məntiqlə ən azından həmin sahədə mənzillərin tikintisini özəl şirkət həyata keçirirsə, dövlətin büdcəsindən xərclənən vəsaitin əvəzinə, orada mənzillərin bir qismini Sosial Mənzil Fonduna ayırmalı və güzəştli şərtlərlə vətəndaşlara, aztəminatlı ailələrə, şəhid ailələrinə, əngəlli insanlara satışını həyata keçirməlidirlər. Yəni bu, daha doğru olardı. Çox təəssüf ki, biz bunu görmürük. Dövlət vəsaiti hesabına tikilən kommunikasiya xətlərinin və layihənin böyük bir hissəsinin büdcə hesabına maliyyələşməsinə baxmayaraq satışlar kommersiya əsasında həyata keçirilir və bu, özəl şirkətlərin qazancına çevilən bir layihəyə çevrilib”.
“Bu layihə üçün büdcədən xeyli vəsait xərclənir”
““Ağ Şəhər” layihəsi effekt verirmi” sualına N. Cəfərli belə cavab verdi: “Satış həcmlərinə baxdıqda kifayət qədər satış həcmləri var, amma qiymətlər bahadır. Dediyim kimi, bu layihənin sosial əlamati də olmalı idi. Çünki bu layihə üçün büdcədən xeyli vəsait xərclənir. Problem ondan ibarətdir ki, bu layihənin sosial sahəsi axsayır və qiymətlər də kifayət qədər bahadır. Satış həcminin olduğu haqqında məlumatlar var. Amma çox təəssüf ki, bu günə qədər “Ağ Şəhər” layihəsi ilə bağlı bir ciddi audit aparılmayıb ki, bizim əlimizdə də satış həcmləri ilə bağlı normal rəqəmlər olsun. Lakin mətbuatda gedən yazılardan və çevrəmizdə olan söhbətlərdən belə məlum olur ki, orada müəyyən qədər satış həyata keçirilir”.

Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ