SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ƏLİLLƏRİN PENSİYALARI DÜZGÜN HESABLANMIR, ƏMƏK, TƏHSİL HÜQUQLARI TANINMIR

ƏLİLLƏRİN PENSİYALARI DÜZGÜN HESABLANMIR, ƏMƏK, TƏHSİL HÜQUQLARI TANINMIR

Tarix:

4-12-2018, 09:52

/ 5 312 dəfə oxundu.
ƏLİLLƏRİN PENSİYALARI DÜZGÜN HESABLANMIR, ƏMƏK, TƏHSİL HÜQUQLARI TANINMIR

Bu gün beynəlxalq əlillər günüdür. Əlillər haqqında konvensiyanın , qanunvericiliyin özülündə onlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi, özəlliklə əlillik prinsipinə görə aşağılanmanın yolverilməzliyi durur. Təbii ki, yerli qanunvericilik aktları da bu prinsiplərə söykənir. Di gəl, faktiki olaraq, bu prinsiplər kağızda , yəni sözdə qüvvədə olur.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018 tarixli qanunun 2 fəsli əlillərin məşğulluğunun,peşə hazırlığı və təhsillərinin təmin edilməsi haqqındadır. Bunun üçün təhsil və peşə hazırlığı müəssisələrində xüsusi avadanlıqlardan tutmuş , əlilliyi olan şəxslərin əməyini tətbiq edən xüsusi müəssisələr, təşkilatlar yaratmağa , əlillər üçün kvota ayrılmasına qədər təminatlar təsbit olunub. Amma kimdir qanuna əməl edən? Fikir verin, Bakı Dövlət Universiteti 10 ildən çoxdur Qarabağ əlililinin əlavə təhsil almasına qadağa qoyub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Məşğulluq haqqında” qanuna zidd olaraq əlillərin işlə təminatı üçün kvota ayırmaqdan imtina edir. Hər halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) Dövlət Məşğulluq Xidmətindən sözügedən şirkətin onlara vakansiya vermədiyi bildirilib. Erməni kilsəsini pulsuz qazla təmin etməkdən qürur duyan bir qurumdan nəsə gözləməyə də dəyməz Amma, axı bu şirkət özbaşına deyil ki ?! Niyə ƏƏSMN bu qurumu qanunlara boyun əyməyə vadar etmir? Ümumiyyətlə, məşğulluq xidmətləri iş axtaranların məşğulluğunu təmin etməyəcəksə, əlilləri kvotaya uyğun iş yerlərinə göndərməyəcəksə, bu Xidməti dövlət büdcəsinin vəsaiti hesabına saxlamağa ehtiyac varmı?

Əlillərə qarşı ayrı-seçkilik pensiya təminatında daha qabarıq üzə çıxır. İşləyən əlil müəllimlərə, həkimlərə və s. pensiyaya çıxandan sonrakı iş-sığorta stajına görə əlavə hesablanmamasından yazmışıq. Bu ayrı-seçkiliyi DSMF yetkililəri əlil müəllimlərin, həkimlərin əlilliyə görə güzəştlə pensiyaya çıxmaları ilə izah edirlər. Qəribə məntiqdir, vallah. Əlilliyə görə pensiyaya çıxan şəxsin əməyi, belə çıxır, əmək sayılmır? Bu əlillərin əməyinin istismarı anlamına gəlir. Müharibə əlillərinə gəldikdə, ayrı-seçkiliyin hətta qanunla təsbit olunması acı gerçəkdir. “Əmək pensiyaları haqqında” qanunun 19-cu və 20-ci maddələri bu ayrıseçkiliyi açıq şəkildə ortaya qoyur. Həmin qanunun 19.1.8 maddəsinə əsasən, Böyük Vətən Müharibəsi əlilləri və iştirakçılarına - 1-ci qrup əlillərə 154 manat, 2-ci qrup əlillərə 121 manat, 3-cü qrup əlillərə və müharibə iştirakçılarına 99 manat əlavə hesablandığı halda, Qarabağ əlillərinə 19.1.7 maddəsi əsasında 1-ci qrup əlillərə 110 manat, 2-ci qrup əlillərə 77 manat,3-cü qrup əlillərə 55 manat əlavə hesablanması təsbit olunub . Yəni “Qarabağa qarşı ikiqat -üçqat ayrıseçkilik” rəqəmlərlərlə ifadə olunub. Amma bu da son deyil:QARABAĞ ƏLİLLƏRİNƏ AYRILAN BU ƏLAVƏLƏR ÜMUMİYYƏTLƏ HESABLANMIR! (??) Eləcə də Qanunun 20.16.1 maddəsinə əsasən 1-ci qrup Qarabağ əlillərinə müvafiq təminat xərcliyinin 100 faizi, 2-ci qruplara 80 faizi, 3-cü qruplara 55 faizi miqdarında qulluq stajına görə əlavəni də DSMF hesablamaqdan imtina edir

Qarabağ əlillərinə qarşı “qanuni” ayrıseçkiliyi Böyük Vətən Müharibəsi əlilləri və iştirakçılarının sayının azlığı ilə izah edənlərin məntiqi anlaşılan deyil. Axı , Qarabağ əlilləri heç o ikiqat -üçqat az məbləği də almırlar! ? Öz “kiçik” Vətənini qorumağa, onun yolunda əlil olmağa belə aşağı (layıcı) qiymət verilir? Bəyəm Ukraynada, Gürcüstanda, düşmən ölkədə belə qayda -qanun hökm sürür?
Məğrur Bədəlsoy
TEREF.AZ

Şərhlər

XƏBƏR LENTİ