SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kapitalbank” DSMF-nun ahıl yaşlı pensiyaçılarının kartlarını niyə bloklayıb? – Səbəb

Kapitalbank” DSMF-nun ahıl yaşlı pensiyaçılarının kartlarını niyə bloklayıb? – Səbəb

Tarix:

25-11-2018, 23:58

/ 1 423 dəfə oxundu.
Kapitalbank” DSMF-nun ahıl yaşlı pensiyaçılarının kartlarını niyə bloklayıb? – Səbəb

Adının hələlik açıqlanmasını istəməyən Vətəndaş redaksiyamıza müraciət edərək bildirmişdir ki, ahıl yaşlı valideyninin xahişi ilə onun pensiyasını almaq üçün plastik kartı bankomata daxil edəndə cihaz kartı oxumayıb. Səbəbini aydınlaşdırmaq üçün “Kapitalbank”ın “196” xidmətinə zəng edib. Cavab alıb ki, Pensiyaçının özü danışmalıdır, bankın daxili nizamnaməsinə görə Pensiyaçının hətta birinci dərəcəli qohumuna belə heç bir məlumat verilmir. Vətəndaş bildirib ki, Pensiyaçı ahıl yaşlı adamdır, eşitmə və yaddaşla bağlı problemi var, telefonla danışmasının problemin həllinə köməyi olmayacaq. Həmçinin, deyib ki, qeydiyyatda olduğu əyalətdə deyil, müalicə üçün gəldiyi paytaxtda övladının yanında qalır. Odur ki, hazırda yalnız problemin nədən ibarət olduğunu öyrənmək istəyir, ola bilsin, həlli ilə məşğul olmağı sonraya saxlasın. Amma xahişi keçməyib, məsləhət görüblər ki, Pensiyaçı bankın filiallarından birinə yaxınlaşsın.

Vətəndaş deyir ki, ertəsi gün valideyninə zəhmət verərək “Kapitalbank”ın paytaxtda yerləşən filiallarından birinə aparıb. Filialın terminalında da kartı yoxlayıblar, yenə oxunmayıb. Vətəndaşın sözlərinə görə, kart təzədir, bu ilin fevral ayında dəyişilib, növbəti dəfə dəyişdirilməsi üçün hələ üç il vaxt var. Axırıncı dəfə istifadə olunandan sonra sükunət vəziyyətində qalıbmış, üzərində heç bir zədə əlaməti müşahidə olunmur. Ancaq filialın əməkdaşları və sonra da söhbətə qatılan müdiri bildiriblər ki, belə hal adətən kart zədələndikdə baş verə bilər. Kartın dəyişdirilməsi üçünsə Pensiyaçı mütləq qeydiyyatda olduğu əyalətdəki DSMF şöbəsinə getməlidir. Şöbə onun müracətinə əsasən yeni kart sifariş verməlidir. Kartı zədələmədiyinə əmin olan Vətəndaş filial müdiri ilə fikir mübadiləsi də aparıb. Filial müdiri deyib ki, kartın tez xarab olacaq qədər keyfiyyətsiz hazırlanması kimi istisna hallar yüz mində bir dəfə baş verə bilər. Əgər belə təsadüflər kütləvi hal alarsa, o zaman plastik kartları hazırlayan şirkəti dəyişmək barədə məsələ qaldırıla bilər.

Lakin Vətəndaş onu da qeyd edir ki, valideyni ilə birgə filialı tərk etdiyi zaman ofisin məlumat mərkəzinə yaxınlaşan başqa bir pensiyaçı qadın eyni problemlə rastlaşdığından şikayətlləndi. Filalın əməkdaşları ona da eyni məsləhəti görüblər.
Əlbəttə, oxucuya bu hadisə o qədər də diqqətəlayiq görünməyə bilər. Lakin bu adi hadisə indi altını cızacağımız digər məsələlərin fonunda, yəni, başqa rakursdan baxanda təsadüfdən fərqli görünür.
Gəlin xatırlayaq, “Kapitalbank” sovet dövrü əmanətçilərinin yenidən qiymətləndirilmiş əmanətlərinin qaytarılması üçün müvəkkil bank seçildi.

Başa düşülən seçim idi – “Əmanətbank”ın varisi idi. Məhz bu bankın pensiyaçılara xidmət etməsi üçün müvəkkil seçilməsinin səbəbini isə tutarlı arqumentlə izah etmək çətindir. Axı bu xidmət havayı deyildir. Pensiyaçılar özləri ödəməsə də, hökumət xidmət haqqını banka ödəyir. Bu da az pul eləmir. Belə yerdə bir məsəli də yada salmağa dəyər: Kim mahnını sifariş edir, o da oynayır.

Çəkdiyimiz misalda “Kapitalbank”ın müştərisi pensiyaçılar deyil, hökumət sayılır. O üzdən bank pensiyaçıların nazı ilə deyil, hökumətin çaldığı havanı oynamalıdır. Vətəndaşın söz açdığı əngəlli kartın verildiyi fevral ayından bu yana dəyişən odur ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən gedib, onu həmin postda Sahil Babayev əvəzləyib. Sirr deyil ki, sabiq nazirin rəhbərliyi dövründə sistemdə rast gəlinən korrupsiya hallarından biri də DSMF-nin bəzi rayon şöbələrində dünyasını dəyişmiş pensiyaçıların adlarının hələ də siyahıda saxlanılaraq kartları ilə pul çıxarılarıb mənimsənilməsi faktları olmuşdur.

Məsələn, “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatında göstərilib ki, 2016-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edən audit tədbirlərində 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub. Ehtimal böyükdür ki, nazir Sahil Babayev öz sələfindən miras qalan bu kimi qanunsuzluqların tam aşkarlanması üçün ahıl pensiyaçıların hələ də sağ olub-olmadıqlarını müəyyənləşdirmək istəyir. Bununsa ən qısa və effektiv yolu kartların bloklanmasıdır. Kim özü zəhmət çəkib kart açdıracaqsa, demək yaşayır. “Kapitalbank”ın daxili nizamnaməsinin sərtləşdirilməsi, yəni, pensiyaçıların birinci dərəcəli qohumlarının belə of-saydda qoyulması da yəqin ki məhz bu siyasətə xidmət edir. Axı niyə bankdan alınmış kartı zədələndiyi təqdirdə dəyişdirmək üçün banka deyil, DSMF-ə müraciət edilməlidir? Demək, problem Fondla əlaqəlidir.

Metroda polisin əlində indikator-çubuq var. Stansiyaya daxil olan şəxslərin çantalarını yoxlayır. Əgər çantanın içində metal və ya başqa elektrikə həssas maddə varsa, indikatorun işığı yanır. Yox əgər polis çantadan deyil, onun sahibindən şübhələnibsə, zərərsiz çantaya baxmaq bəhanəsi ilə indikatorun işığını özü yandıracaq, çubuğun üstündəki düyməni basmaqla. Bizim misalda isə bank kartları bloklayan düyməni basır. Adını da qoyur ki, zədələnib. Kart pensiyaçıda qaldığından, belə izah olunur ki, zədə məhz onun ehtiyatsızlığından baş verib, hazırlatdıracağı yeni kartın pulunu da o ödəməlidir.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ