SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsığorta” Milli Arxiv İdarəsinə verildiyini bildirir, idarə isə... - QALMAQAL

“Azərsığorta” Milli Arxiv İdarəsinə verildiyini bildirir, idarə isə... - QALMAQAL

Tarix:

5-11-2018, 10:35

/ 1 198 dəfə oxundu.
“Azərsığorta” Milli Arxiv İdarəsinə verildiyini bildirir, idarə isə... - QALMAQAL

11 min manat sığorta ödənişi almaq hüququndan məhrum olan şəhid ailələrinin etirazları davam etdiyi bir vaxtda dövlət orqanları həmin şəxslərə ödənişin edildiyini bəyan etsələr də, bunu bütövlükdə sübuta yetirə bilmirlər.Xatırladaq ki, sığorta ödənişi almaq hüququndan məhrum olanların sayı 117 nəfərdir. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") həmən şəxslərə 1991-1997-ci illərdə 50 000 və ya 500 000 rubl ödəniş edildiyini iddia etsə də, bunu bütünlüklə əsaslandıra bilmir.

Doğrudur, bununla bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), həm də şığorta şirkəti tərəfindən siyahı cəmiyyətə açıqlandı, amma bu siyahı da bütünlüklə narazı qalan şəhid vərəsələrini əhatə etmədi.

Nazirliyin mətbuat katibi Fazil Talıblı “Cümhuriyət” qəzetinə açıqlamasında hazırda sənədlərin araşdırıldığını bildirib:

“Nazirlikdə onların şikayətləri rəsmiləşdirilib. Söhbət 117 hərbi qulluqçunun vərəsəsindən gedir.Onlardan 70 nəfərin arxiv sənədlərində sığorta ödənişi alması barədə sənədlər özlərinə təqdim olunub.47 nəfərlə bağlı araşdırma davam edir”.

47 nəfərin sığorta ödənişi alıb-almaması haqqında sənədləri “Azərsığorta” da axtarır. Sığorta Şirkəti əvvəlcə vərəsələrə ödəniş almaları haqqında şəhadətnaməni yaşadıqları şəhər və rayonların notariat kontorundan almalarını tövsiyə etsə də, daha sonra özü bu sənədləri axtarmağa başlayıb:

“Vətəndaşların Şirkətə çoxsaylı müraciətlərini nəzərə alaraq, bildiririk ki, Dövlət Sığorta Şirkətində mövcud olan elektron informasiya bazasında yerləşdirilmiş siyahılara və sənədlərə uyğun olaraq 1991-97- ci illər ərzində şəhid olmuş hərbi qulluqçuların sığorta ödənişinin verilməsi və vərəsələri tərəfindən alınması yoxlanılır. Nəticəyə uyğun olaraq hərbi qulluqçuların adları sıyahı üzrə sığorta ödənişinin alınmaması dəqiqləşdirilir”.

Şəhid vərəsələrinin sənədlərinin harda olması ilə bağlı adıçəkilən qurumlardan biri də Milli Arxiv İdarəsidir. Dövlət Sığorta Şirkəti qurumun rayon və şəhər şöbələri tərəfindən sənədlərin Milli Arxiv İdarəsinə verildiyini bildirir:

"1991-97-ci illərdə Dövlət Sığorta Şirkətinin rayon və şəhər filialları tərəfindən bütün maliyyə sənədləri, o cümlədən hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişlərinə dair ilkin sənədlər Dövlət arxivinə təhvil verilib. Sənədlərin Dövlət arxivinə təhvil verilməsi barədə müvafiq aktlar mövcuddur”.

Sonuncu açıqlama isə Milli Arxiv İdarəsindən verilib. İdarənin rəisi Əsgər Rəsulov Sənədlərin bu qurumda da olmadığını bildirib:

"Biz hazırda 1942-ci ilin sənədlərini daimi saxlamaq üçün arxivə qəbul edirik. "Azərsığorta"nın ödənişlərindən 75 il keçməlidir ki, o sənədlər Milli Arxiv İdarəsinə verilsin.Yəni, şirkət hələ ki, onları saxlamalı, sənədlər mənşəyində qalmalıdır.Bu gün müxtəlif idarə, müəssisə və təşkilatlarda milyonlarla sənəd yaranır.Onları dərhal dövlət arxivinə götürmürük. Sənədlərin arxivə verilməsi müddəti ilə bağlı xüsusi siyahı var. Bəzi sənədlər 5 il, bəziləri 15 il, bəziləri - fərdi xarakterli sənədləri isə 75 ildən sonra arxivə təhvil verilir. "Azərsığorta"dakı sənədlər də 75 il saxlanılmalı sənədlərdir".

Xatırladaq ki, bu “Azərsığorta”nın açıqlaması ilə ziddiyyət təşkil edir. Belə ki, sığorta şirkəti sənədlərin müvafiq idarələrdə saxlanma müddətinin 5 il olduğunu iddia edir:

“Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununa və “İcra Hakimiyyəti orqanlarının idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanması müddətləri göstərilməklə siyahısı”nın 254-cü bəndinə əsasən mühasib qeydiyyatı üçün əsas olan, təsərüffat əməliyyatının aparılmasını qeydə alan ilkin sənədlər və onlara aid olan əlavələrin (kassa, bank sənədləri, bank xəbərdarlığı və köçürmə tələbnamələri, bank çıxarışı, iş naryadları, cədvəllər, əmlak və materialların qəbulu, təhvil verilməsi və hesabdan silinməsi aktları, əmtəə materiallarının uçotu üzrə qəbz və qaimələr, avans hesabatları və başqaları) saxlanılması müddəti 5 il göstərilib”.

Hələlik, məlum olan fakt ondan ibarətdir ki, 43 nəfər şəhid vərəsəsinə sığorta ödənişinin edilməsi haqqında sənədlər ortada yoxdur.Amma, məsələnin əsas mahiyyəti sənədlərin üzə çıxıb-çıxmayacağı deyil, canlarını vətən torpaqları yolunda fəda edən şəxlərin varisləri ilə bağlı ədalətli qərarın çıxarılmasıdır.Çünki, qanunvericilikdə şəhid hərbi qulluqçularına sığorta ödənişinin edilməsi bir dəfə nəzərdə tutulsa da, 1991-1997-ci illərdə və hazırda nəzərdə tutulan sığorta ödənişlərinin dəyərində ciddi fərq var. Ekspertlər həmin illərdə edilən ödənişlərin indiki məbləğlə cəmi 100-150 manat dəyərində olduğunu bildirir.

Bu baxımdan iqtisadçılar, ictimaiyyət şəhid ailələrinin hamısına 11 min manatın verilməsini və ya bundan əvvəl verilməsi iddia olunan sığorta ödənişinin dəyərinin bu məbləğdən çıxılaraq, qalan məbləğin şəhid ailəsinə ödənilməsini məqsədəuyğun hesab edirlər.Milli Məclisdə deputatlar tərəfindən də bununla bağlı təkliflər irəli sürülüb.ƏƏSN-dən isə şəhid ailələrinin şikayətlərinə baxılacağı və uyğun variantların irəli sürüləcəyi ilə bağlı açıqlamalar problemin həllini tapacağına ümid etməyə əsas verir. Bu isə çox güman ki, həm əvvəllər sığorta ödənişi almaları haqqında siyahıda adı olan 70 nəfərə, həm də bu haqda sənədlərin hansı idarədə itdiyi məlum olmayan 43 nəfəri əhatə edəcək.

Şərhlər

XƏBƏR LENTİ