SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hərbi xidmətdə sağlamlığını itirən Şəmkir sakini hərbi qulluqçu sığortası ala bilmir - VİDEO

Hərbi xidmətdə sağlamlığını itirən Şəmkir sakini hərbi qulluqçu sığortası ala bilmir - VİDEO

Tarix:

2-11-2018, 17:52

/ 1 456 dəfə oxundu.
Hərbi xidmətdə sağlamlığını itirən Şəmkir sakini hərbi qulluqçu sığortası ala bilmir - VİDEO

Eldəniz Əsgərov: "Sıravi əlil kimi ayda 55 manat pensiya alıram, bu pul isə nəinki dolanışığa, heç dərmanlara belə, çatmır"

"Mən oğurluğa, quldurluğa gedərkən sağlamlığımı itirməmişəm, Vətən üçün, hərbi xidməti vəzifəmi yerinə yetirərkən sağlamlığını itirmişəm"

Bugünlərdə redaksiyamıza müraciət edən Şəmkir rayonu, Mehirli kənd sakini, 1984-cü il təvəllüdlü Eldəniz Əziz oğlu Əsgərov "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanundan yararlana bilməməsindən şikayətləndi.

Belə ki, 02.04.2002-ci il tarixdə həqiqi hərbi xidmətə çağırıldığını, hərbi xidməti dövründə sağlamlığında ciddi problemlər yarandığını və nəticədə 2003-cü ilin yanvar ayında tərxis olunduğunu bildirən Eldəniz Əsgərovun sözlərinə görə, 07.05.2004-cü il tarixdə xəstəxanaya müraciət edib və bu zaman "Sol ağ ciyərin fibroz kavernoz vərəmi, infiltrasiya mərhələsində xroniki diffuz bronxit, tənəffüs çatışmazlığı II dərəcə" diaqnozları ilə Şəmkir rayon Ağciyər Xəstəlikləri Xəstəxanasında qeydiyyata düşüb: "Hazırda da müalicə olunuram. Bununla əlaqədar mən Dövlət Sığorta Şirkətinə müraciət etmişəm. Lakin mən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun "C" bəndində göstərilən müddəti xəstəxanada olduğum üçün ötürmüşəm. Bu səbəbdən də Dövlət Sığorta Şirkətinə müraciət etdim və imtina məktubu aldım. Daha sonra məktubda göstərildiyi kimi məhkəmə orqanlarına müraciət etməli oldum. Lakin buna baxmayaraq, nə məhkəmə, nə də digər müvafiq qurumlar hərbi xidmət dövründə ağır vərəm xəstəliyinə tutulmağıma əhəmiyyət vermir".

Aidiyyatı orqanlardan "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun "C" bəndində göstərilən müddəti məhz xəstəxanada olduğu üçün ötürdüyünü nəzərə alaraq, səhhəti ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənilməsini xahiş edən Şəmkir rayon sakini ciyərinin bir payının ümumiyyətlə sıradan çıxdığını qeyd etdi: "Səhhətim ağır olduğu üçün xəstəxanada müalicə alıram. Onu da nəzərinizə çatdırım ki, uşaqlıqdan atamı itirmişəm, yetimçiliklə böyümüşəm. Ailəmizin maddi durumu olduqca ağırdır. Buna görə də müalicəm üçün maddi imkanımız yoxdur. Mən yalnız sıravi əlil kimi ayda 55 manat pensiya alıram. Bu pul isə nəinki dolanışığa, heç dərmanlara belə, çatmır. Halbuki hərbi xidmətdə, daha doğrusu xidməti vəzifəmi yerinə yetirərkən sağlamlığını itirdiyim, ağır vərəm xəstəliyinə yoluxduğum üçün qanunla mənə hərbi qulluqçu sığortası düşür. Həmin sığorta üçün 3 il ərzində aidiyyəti qurumlara müraciət etmək lazımdır. Mənsə həm bundan məlumatsız olduğumdan, həm də həmin dövrdə xəstəxanada müalicə aldığımdan hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənilməsindən məhrum qalmışam. Bununla bağlı bütün müvafiq qurumlara müraciət etmişəm. Ancaq heç bir nəticəsi olmayıb".

Məsələ ilə bağlı ilk öncə Şəmkir Rayon Məhkəməsinə müraciət etdiyini vurğulayan Eldəniz Əsgərovun bildirdiyinə görə, orada süründürməçiliyə məruz qalıb: "Bir xeyli süründürməçiliyə məruz qoyduqdan sonra dedilər ki, bu iş bizlik deyil, gedin Gəncə Şəhər İnzibati-İqtisadi Məhkəməsinə müraciət edin. Məcbur olub Gəncə Şəhər İnzibati-İqtisadi Məhkəməsinə üz tutduq. Orda da işi bir ay saxladıqdan sonra dedilər ki, bizlik deyil, rayon məhkəməsinə müraciət edin. Beləcə, məhkəmələrdə əsir-yesir qaldıq. Məsuliyyəti hərə bir-birinin üzərinə atır. İnandırım sizi, elə bir qurum qalmayıb ki, ora müraciət etməyim. Lakin baxan, dərdimə əlac edən yoxdur. Artıq bir böyrəyim sıradan çıxıb, digəri isə 20-30 faiz işləkdir. 34 yaşım var, baxın görüm səhhətim hansı vəziyyətdədir. Mənim gələcəyim məhv olub. Bu cür ağır xəstəliklə kim mənimlə ailə qurmaq istəyər?! Mən oğurluğa, quldurluğa gedərkən sağlamlığımı itirməmişəm, Vətən üçün, hərbi xidmət zamanı xidməti vəzifəmi yerinə yetirərkən sağlamlığını itirmişəm. Ancaq buna baxmayaraq, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanundan yararlana bilmirəm. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənilməsindən məhrum qalmışam. Odur ki, sizin vasitənizlə ölkə başçısına, o cümlədən müvafiq qurumlara müraciət edərək, sözügedən qanundan yararlanmağıma, hərbi qulluqçu sığortası almağım üçün yardımçı olmalarını xahiş edirəm".

Hurriyyet.org

Hərbi xidmətdə sağlamlığını itirən Şəmkir sakini hərbi qulluqçu sığortası ala bilmir - VİDEO
Hərbi xidmətdə sağlamlığını itirən Şəmkir sakini hərbi qulluqçu sığortası ala bilmir - VİDEO
Hərbi xidmətdə sağlamlığını itirən Şəmkir sakini hərbi qulluqçu sığortası ala bilmir - VİDEO
Hərbi xidmətdə sağlamlığını itirən Şəmkir sakini hərbi qulluqçu sığortası ala bilmir - VİDEO

Şərhlər

XƏBƏR LENTİ