SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabunçu rayonu 67 saylı məktəb valideynləri növbətçiliyə məcbur edir

Sabunçu rayonu 67 saylı məktəb valideynləri növbətçiliyə məcbur edir

Tarix:

2-11-2018, 10:27

/ 2 815 dəfə oxundu.
Sabunçu rayonu 67 saylı məktəb valideynləri növbətçiliyə məcbur edir

Kamran Əsədov: “Valideynlər özləri prosesdə iştirak etməyə səy göstərməlidirlər”

"Övladlarımızın oxuduğu məktəbin dərs hissə müdiri bizi məcbur edir ki, hər gün bir neçə valideyn məktəbə gəlib, növbətçi olaq. Növbətçi uşaqların dərslərinə nəzarət etməlidir, dərslərdə oturmalıdır və s. Biz valideynlər isə bununla razı deyilik. Yeni qaydadır? Harda görülüb valideynlərin dərslərə nəzarət etməsi?"

Sabunçu rayonu 67 saylı məktəbin valideynləri belə deyirlər. Məktəb rəhbərliyinin valideynlərə növbətçilik sistemi ilə bağlı göndərdiyi səsli mesaj da Meydan TV-yə təqdim edilib. Həmin mesajda növbətçiliyin məcburi olduğu bildirilir.

Səs yazısında deyilir ki…

"Deyirlər, rəhbərliklə danışıblar və müəyyən qərarlar alıblar. Valideynlər birinci gündən növbətçi olacaqlar. “Körpəm var, yoldaşım icazə vermir” kimi bəhanələr olmaz. Yoldaşın icazə verməyənin özü gəlməlidi”.

Səs yazısında deyilir ki, övladı birinci növbədə oxuyan uşaqların valideynləri 8:45-dən 13:15-ə kimi məktəbdə olmalı, uşaqla birgə məktəbə gəlməlidirlər. Valideynlərə müəyyən vəzifələr də verəcəklər. Sonda isə müşahidələrilə bağlı hesabat verilməlidir.

“Biz hansı müəllimin dərsinin boş keçməsini və ya müəllimin dərsi normal izah etməməsini və s. yazmalıyıq. Bunu biz niyə yazırıq, məktəb özü nəzarət etsin də", - adını açıqlamaq istəməyən valideyn narazılıq edir.

Valideynlər bildirirlər ki, onlar bu işi görmək istəmirlər. Buna vaxtları, imkanları yoxdur:

Bunu niyə özləri etmir axı?

"Uşaqları məktəbə göndərəndən sonra nə qədər işimiz olur. Hələ bir onunla birgə gedib məktəbin işlərini də biz görməliyik? Doğru deyil axı. Deyir, tutaq ki, məktəbdə hansısa şagirdin halı pisləşir. Tibb bacısı vaxtında gəlirmi, ya gəlmirmi. Hamısını yazıb bizə bildirin. Anlamırıq, onların işçilərinə nəzarəti niyə biz etməliyik? Bunu niyə özləri etmir axı? Və ya deyirlər ki, fikir verin, texniki işçi nə dərəcədə təmizliyə riayət edir. Məktəb təmizdirmi, zibillidirmi? Zəng vurulduqdan sonra şagirdlər zəngdən neçə dəqiqə sonra sinifə girdilər? Ümumiyyətlə, bütün mənfi nüansları qeyd etməliyik. Sonra onlar həmin qeydləri toplam şəkildə həll etməyə çalışacaqlar. Bununla məktəbin qüsurunu, nöqsanını aradan qaldıracaqlar. İşimiz maksimum dərəcədə şagirdlərin həm təhsilinə, həm tərbiyəsinə yönəlməlidir".

Onları buna kimsə məcbur etmir

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sabunçu rayonu 67 saylı məktəblə əlaqə saxlayıb. Məktəbin dərs hissə müdirəsi Ceyran Məmmədova bildirib ki, bəli, valideynlərə ayda heç olmasa bir dəfə, növbə ilə məktəbə gəlmələri söylənib. Ancaq bu, onların uşaqlarının keyfiyyətli təhsil almaları üçündür:

"Gəlib uşaqlarını məktəbə yerləşdirsinlər, dərslərdə otursunlar. Amma onları kimsə buna məcbur etmir. İşləyənlər var, vaxtı olmayanlar var, anlayırıq. Biz demirik ki, hər gün gəlin və yaxud da mütləq gəlməlisiniz. Bir sinfdə az qala 30 uşaq var. Hərəsinin valideyni ayda bir dəfə gəlsə, bəsdir. Demişik, yaxşı olar ki, hərdən gəlib övladlarınızın dərslərində oturasınız. Hansı müəllim yaxşı dərs keçmirsə və yaxud şikayətiniz varsa, bu barədə qeydlərinizi aparıb, direktora məlumat verəsiniz. Bu, məktəb valideyn işinin təşkilidir. Yəni, biz uşaqların təhsili üçün birgə çalışmalıyıq. Görünür, bunu yalnış dəyərləndirənlər olub. Əminliklə deyirəm ki, bizim təklifimiz onların uşaqlarının yaxşı təhsil almasından ötrüdür".

Yaxşı addımdır, məcburi olmamalıdır

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov məktəbin addımını müsbət qiymətləndirir. Deyir, bu, orta ümumtəhsil məktəblərinin 2011-ci ildə qəbul edilmiş nümunəvi nizamnaməsində də qeyd edilir. Valideynlər məktəbin işində iştirak etməlidirlər:

"İndi məktəb valideynlərin dərsdə iştirak etməsini qadağan etsə, yenə narazılıqlar olacaq. Qadağan etmir, əksinə, sərbəstlik verir ki, gəlin, uşaqlarınızın dərs prosesini izləyin. Valideynlər buna sevinməlidirlər, məktəb daxilində baş verən prosesləri izləyə bilərlər. Əksinə, etiraz edirlər. Müəllim birdir, şagird 35-40 nəfər. Müəllim şagirdləri sinfdə gözləyir. 35 valideynin hər gün gəlib uşağı sinifə ötürməyindənsə, hər gün 2 valideyn bunu etsə, daha yaxşı olar. Mütərəqqi addımdır. Valideynlər bu gün narahatdır ki, dərslər necə keçir, bilmirik. İndi xəbərləri olacaq. Nəyi pisdir ki? Sadəcə təəssüf ki, bizim valideynlərin tənbəlliyi, səhlənkarlığı bu işin həyata keçirilməsinə maneə yaradır. Bütün məktəblər bu addımı atmalıdır. Burada valideynlər haqslızdırlar. Məktəbin addımı isə çox yaxşıdır".

K. Əsədov deyir ki, təbii, bu proses məcburi xarakter daşımamalıdır. Valideynlər özləri prosesdə iştirak etməyə səy göstərməlidirlər:

"35-40 valideynə az qala 2 ayda bir düşəcək növbətçilik. Yəni 2 ayda bir dəfə vaxt ayırmaq nə qədər çətin bir il ola bilər? Söhbət uşaqlarının gələcəyindən, təhsilindən gedirsə, olmalıdır. Əksinə, valideynlər məktəblə bərabər işləsələr, həmişə şikayətləndikləri pulyığma halları da azalar. Məncə, hər bir valideyn uşağının təhsili ilə yaxından maraqlanmalıdır".

Şərhlər

XƏBƏR LENTİ