SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Səlim Müslümovun yaratdığı narazılıq: - Qara mühasibatlıq, gizlədilən işçilər...

Səlim Müslümovun yaratdığı narazılıq: - Qara mühasibatlıq, gizlədilən işçilər...

Tarix:

26-10-2018, 09:24

/ 1 472 dəfə oxundu.
Səlim Müslümovun yaratdığı narazılıq: - Qara mühasibatlıq, gizlədilən işçilər...

Özəl sektorda qeyri-leqal çalışanların sayının çox olması bu gün ölkəmizdə əhali məşğulluğunun əsas problemlərindən biridir. İşçi sayının gizlədilməsinə qarşı dövlət orqanlarının apardığı mübarizə demək olar ki, nəticəsiz qalır. Bu durumun yaranması isə məcburi dövlət sosial sığorta haqlarının yüksək olması ilə bağlıdır. Sosial Sığota Fonduna yüksək məbləğli vəsaitləri ödəmək istəməyən işəgötürənlər çıxış yolunu qeyri-leqal işçilərlə çalışmaqda görürlər. İndi isə müvafiq qanunvericiliyə dəyişiklik etməklə sığorta yükü işçilərin üzərinə yönəldilə bilər.

2019-cu ilin büdcə layihəsi bütövlükdə mətbuata açıqlanmasa da layihənin bəzi məqamları KİV-də yer alıb.

Açıqlanan məlumatlara əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi ilə bağlı islahat aparılacaq.

Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3%, işəgötürən üzrə 22%, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissəsinin 10%-i, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissəsinin 15%-i həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Büdcə zərfində təklif olunan islahatın tətbiqi nəticəsində dövlət büdcəsinin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların azalması ehtimal olunur. Bununla belə növbəti illərdə iqtisadi fəaliyyətin stimullaşdırılması, iş yerlərinin “kölgədən çıxması” və müvafiq olaraq ödənilən əmək haqlarının şəffaflaşdırılması, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi hesabına həmin azalmanın aradan qaldırılmasına və büdcə daxilolmalarının artaraq mövcud səviyyəni üstələməsinə şərait yaradacağı qeyd olunub.

Büdcə zərfinin ilkin layihəsində qeyd olunub ki, həyata keçirilən islahatla sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında və tam həcmdə hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanları tərəfindən təmin ediləcək.

Layihəyə nəzər saldıqda, dəyişikliyin heç də məcburi sosial sığorta siyasətinin yumşaldılmasına deyil, əksinə, bu sahədə ödənişlərin həcminin artmasına gətirib çıxaracağını demək olar. Çünki, onsuz da 26 faizlik sosial sığorta əvvəl də tətbiq olunurdu ki, bunun böyük hissəsi işəgötürənlərin payına düşürdü. Dəyişiklər qəbul olunarsa, 200 manatdan yuxarı məvacib verən işəgötürənlərin, o cümlədən, işçilərin ödəyəcəyi məbləğ vəsaitdən asılı olaraq, 2, 3 dəfə arta bilər. Sosial sığorta ödənişinin əsas yükü isə işçilərin əmək haqlarının üzərinə düşür.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Cumhuriyət” qəzetinə açıqlamasında bildirib ki, layihə ilə tanış deyil. Sadəcə, bu barədə məlumatı KİV-dən alıb:

“Sosial Sığorta Fonduna ödəmələr əvvəlki ilə müqayisədə 1 faiz artıb. Əvvəl işəgötürən 22 faiz, işçi 3 faiz ödəyirdi, 2018-ci ilin yanvar ayından isə işçi 3,5 faiz, işəgötürən isə 22,5 faiz ödəyir. Təklif olunan yeni dəyişikliklər qəbul olunsa, kommersiya qurumlarında 200 manatdan yuxarı əmək haqqı almaq sərfəsiz olacaq. Məsələn, bu gün 1000 manat əmək haqqı alan şəxs 35 manat sosial ödəmə (0,5% işsizlikdən sığorta fonduna ödəmə də daxil olmaqla) edirdi. Təkilf olunan qaydalar qəbul edilsə sosial ödəmə 35 manatdan 91 manata qalxacaq. Bu işçi üçün böyük itkidir”.

Sahib Məmmədovun sözlərinə görə, bu, qeyri-formal əmək bazarının dərinləşməsinə və ikili (qara) mühasibatlığın genişlənməsinə yol aça bilər:

“İşçilər rəsmi əmək haqqı almaqda maraqlı olmayacaq. Bu islahat dövlət proqramlarının birində nəzərdə tutulub və gözlənilən idi. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun planlarından biri də bu olmuşdu. Dəyişikliklər qəbul olunarsa, bu, ilk növbədə əmək haqlarının azalmasına şərait yaradacaq. Özəl sektorda muzdla işləyən və 300 manat məvacib alan həkim əgər əvvəllər 11,5 manat ödəyirdisə, indi 17,5 manat ödəməlidir. 500 manat alan müəllim 2018-ci ildə 17,5 manat ödəyirdisə, indi 38,5 manat ödəyəcək. Əmək haqlarının artırılmasının gözlənildiyi hazırkı durumda bu dəyişikliklərin edilməsinin nə dərəcədə effektli olduğunu bilmirəm”.

Hazırda işəgötürənlərin yükünün ağır olduğunu və bunun azaldılmasının vacib olduğunu deyən ekspert bu yumşalmanın təqdim olunan variantda edilməsinin mənfi nəticələrə gətirib çıxara biləcəyini qeyd edir:

“Onsuz da qeyri-dövlət sektorunda ikili müsahibatlıq geniş yayılıb. Təsəvvür edin ki, muzdla işləyən 1,5 milyonun işçinin hardasa 960 mini ya büdcə təşkilatlarında, ya da dövlətin tabeliyində olan təsərrüfat subyektlərində çalışır. Bundan sonra isə daha çox gizlədiləcək. İşçilər müqaviləsiz işləməyə maraqlı olacaqlar ki, “əllərinə aldıqları” məbləğ daha artıq olsun”.

Əmək hüquqları müdafiəçisi qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər həm də ədalətsiz münasibət ortaya qoyur: “Bu həm də ədalətsizlikdir. Dövlət sektoru ilə özəl sektorda fərqli yığım müəyyən olunur”.

Şərhlər

XƏBƏR LENTİ