SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Sevil" və “Yeni Bakı”dan sonra: Hansı massiv qanunsuz çıxacaq? - ARAŞDIRMA

"Sevil" və “Yeni Bakı”dan sonra: Hansı massiv qanunsuz çıxacaq? - ARAŞDIRMA

Tarix:

12-10-2018, 09:53

/ 2 509 dəfə oxundu.
"Sevil" və “Yeni Bakı”dan sonra: Hansı massiv qanunsuz çıxacaq? - ARAŞDIRMA

"Sevil" massivindən sonra Abşeron rayon Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin qanunsuz olaraq inşa edilməsi barədə məlumatların yayılmasıyla həmin ərazidə inşa edilən digər obyekt və yaşayış massivlərinin də qanunsuz olub-olmaması ilə bağlı şübhələr yaranıb.

Xatırladaq ki, Abşeron rayon Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin yerləşdiyi 13 hektar ərazinin kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu üzə çıxıb. Buna görə də “ASAN xidmət”-də sakinlərə evin qeydiyyat şəhadətnaməsinin (kupça) verilməsindən imtina edilib. Hazırda 57 binadan ibarət olan massivdə 10 minə qədər sakin yaşayır. “İlin dörd fəsli” MTK-nın həmin ərazidə böyük yaşayış kompleksi salmasına kimlərin şərait yaratması isə sual altında qalmaqdadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda, Nazirlər Kabineti tərəfindən torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam verilir. Özbaşına tikinti və digər qanuna zidd əməllərə, kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, bu 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Belə olan halda həmin ərazidə inşa olunan digər obyekt və yaşayış massivləri ilə də bağlı gələcəkdə problemin yaranması ilə bağlı narahatlığın yaranması anlaşılandır. Belə ki, sakinlər birbaşa və ya kredit formasında həmin mənzillərin əldə edilməsi üçün yüksək məbləğlərdə vəsait ödəyirlər. Bu baxımdan “Yeni Bakı”-nın tam yaxınlığında yerləşən “Absheron City” yaşayış massivi və “Villa Badam” adlanan kompleksin yerləşdiyi torpaqların təyinatının hansı kateqoriyaya aid olmasını araşdırmaq qərarına gəldik.

Qeyd edək ki, “Villa Badam”ın rəsmi internet səhifəsində villa və bağ evlərindən ibarət kompleksin badamlıq ərazidə yerləşdiyi qeyd olunur: “Müasir avtmobil yolu ilə cəmi 15 dəqiqə getdikdən sonra siz artıq vurnuxan şəhərdən uzaqlaşır, rahatlıq və komfort aləminə düşürsünüz. Müasir şəhərətrafı Villa Badam qəsəbəsi üzü gölə baxan 30 illik badamlıqda yerləşir. Burada bütün il yaşamaq üçün hər şey nəzərə alınmışdır”.

Masazır qəsəbəsində yerləşən digər “Absheron City”nin də çoxillik ağaclarla zəngin bir yer olması istisna edilmir: “Absheron City” Bakıdan 10 km şimalda Abşeron yarımadasının ən səfalı yerində - Masazır gölünün yanında yerləşir. Qonşuluqda təbii duzlu gölün və çoxillik ağacların olması sayəsində Siz rayonun çox gözəl ekologiyasından həzz almaq və səhhət üçün zəruri olan yod və brom ilə zəngin təmiz hava ilə nəfəs almaq imkanı əldə edirsiniz”.

Həmin yaşayış məntəqələrində minlərlə sakin yaşayır. Onların inşa edildiyi torpaqların təyinatı ilə bağlı Dövlət Əmlak Komitəsinə sual ünvanladıq. Komitədən məsələnin araşdırılacağı bildirildi. Amma araşdırmanın nəticəsi haqqında məlumat ala bilmədik.

“Absheron City”-nin özünü təqdim etməyən əməkdaşı isə torpaqların təyinatının necə olmasından xəbərsiz olduğunu desə də, əlavə etdi: “Bizim sənədlərimiz qaydasındadır”.

Bu binalarda yaşayan sakinlərə evin qeydiyyat şəhadətnaməsinin (kupça) verilib-verilməməsinə gəlincə, araşdırmamız zamanı məlum oldu ki, ev alanlara sənəd olaraq ilkin növbədə müqavilə və maliyyə arayışı verilir. Müştərilərə vəd edilir ki, mənzilin çıxarışı kredit borcu tam ödənildikdən sonra veriləcək.

Qeyd edək ki, paytaxt Bakıda, torpaqların təyinatı üzrə istifadə olunmaması faktı təkcə “Yeni Bakı” ilə bağlı deyil. Bu cür faktlarla bağlı dəfələrlə məsələ qaldırılıb, mübarizə tədbirlərinin gücləndiriləcəyi bildirilib.

Bu cür hallara Azərbaycanın bölgələrində də rast gəlinib.

Bu baxımdan, arzu edərdik ki, adınıçəkdiyimiz yaşayış kompleksinin salınması ilə bağlı hər hansı bir qanunsuzluq ortaya çıxmasın. Əks halda, qanun pozuntularının zərbəsi böyük yaşayış kompleksi salan sahibkarlara və ya onlara bu şəraitin yaradılmasına icazə verən məmurlara deyil, bu komplekslərdə mənzil alan vətəndaşlara dəyir.

Əlavə edək ki, adıçəkilən şirkətlərin, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ