SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Özəlləşdirmə çeklərini məşhur yazıçının adı ilə “diriltmə” planı - TƏFƏRRÜAT

Özəlləşdirmə çeklərini məşhur yazıçının adı ilə “diriltmə” planı - TƏFƏRRÜAT

Tarix:

5-10-2018, 17:01

/ 1 676 dəfə oxundu.
Özəlləşdirmə çeklərini məşhur yazıçının adı ilə “diriltmə” planı - TƏFƏRRÜAT

Son günlərdə yazıçı Çingiz Abdullayevə qarşı bir naməlum sosial şəbəkə istifadəçiləri tərəfindən təxribat həyata keçirilib. Virtualaz.org saytında yayımlanan məqalədə qeyd edilib ki, həmin qrup Azərbaycanda özəlləşdirmə qəbzlərinin dəyərinin bərpası üzrə kampaniyaya başlayıb və bu kampaniyanın siması olaraq Çingiz Abdullayevi seçiblər. Yazıçının proseslə bağlı heç bir məlumatı olmadığı halda onun və ziyalıların adından ölkə rəhbərliyinə müraciət edərək, özəlləşdirmə qəbzlərinin qiymətsizləşdirilməsi fırıldağını həyata keçirən məmurların cəzalandırılması üçün çağırış ediblər.

Sözügedən facebook istifadəçiləri qeyd ediblər ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkədə “xalq” mülkiyyətinin özəlləşdirilməsi üçün bu model tətbiq edildi və 65 faiz mülkiyyət 32 milyon ədəd özəlləşdirmə qəbzi vasitəsilə əhali arasında bölündü. Ancaq bu qəbzlər özəlləşdirmə prosesində öz rolunu tamamilə oynamadan qiymətdən düşdü. Kampaniyanın təşkilatçıları insanları onlarda olan özəlləşdirmə qəbzlərini satmamağa, həmçinin belə məmurları cəzalandırmaq xahişi ilə ziyalılara və ölkə rəhbərliyinə müraciət etməyə çağırırlar.

Çingiz Abdullayev isə sözügedən sayta açıqlama verərək bu təbliğatçılıq kampaniyasında iştirakı haqda informasiyanı təkzib edib və bunu özünə qarşı təxribat adlandırıb.

Yazıçı ona qarşı yönələn təxribatın hüquq-mühafizə orqanları tərəfindən araşdırılması ilə bağlı müraciət edib.

“Yeni Müsavat” isə özəlləşdirmə çeklərinin taleyi ilə bağlı məqama aydınlıq gətirməyə çalışıb. Görəsən, hazırda özəlləşdirmə çekləri nə işə yarayır, onlarla nə etmək mümkündür? Yaxın zamanlarda bu çeklərin canlandırılması ilə bağlı hər hansı qərar verilə bilərmi?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda özəlləşdirmə çekləri 90-cı illərdə buraxıldı və əsas məqsəd əhalinin dövlət mülkiyyətindən pay almasını təmin etməkdən ibarət idi. “Təəssüf ki, elə o vaxt bu çeklər öz məqsədinə çatmadı, fiaskoya uğramış bir layihə oldu. Yeganə olaraq, 1996-1998-ci illərdə dəyəri bir qədər yüksəldi, insanlar özlərinin çek payını satmaqla təxminən 50-60 dollar gəlir əldə etdilər. Bununla da hər şey bitdi” deyə, o bildirib.

İqtisadçının sözlərinə görə, bu çeklər bir çox başqa problemlərlə də yadda qaldı: ““Minaret Qrup” adlı bir xarici şirkət çek bazarında aktiv yer aldığı dövrlər oldu. Amma sonradan bu qrupun əldə etdiyi çeklərin işə yaramadığı üzə çıxdı və özəlləşdirmədə iştirakından imtina etdi. Bununla bağlı hətta beynəlxalq böhran da yaşandı. Xarici investorlar həmin qrupa qarşı böyük iddialar irəli sürdülər. İndiki dövrdə isə bu özəlləşdirmə çekləri demək olar ki, yaddan çıxıb. Çünki həm bu çeklərin zamanı bitib, həm də istifadə imkanları daralıb".

Ekspert vurğuladı ki, artıq dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı hərraclarda nağd vəsaitlərdən istifadə olunur: “Çeklərin özəlləşdirmə prosesində hər hansı formada iştirak etməsi mümkünsüzdür. Kimin əlində bu çeklərdən qalıbsa, dövlətin bununla bağlı bir qərarı olmayacağı təqdirdə yararsız kağız parçasına çevriləcək. Lakin xüsusi bir qərar olsa və onun zamanı uzadılsa, həmçinin daha effektiv istifadə olunması ilə bağlı yeni qərarlar verilsə, o zaman çeklərin yenidən ”dirilərək" dövriyyəyə qayıtmasını görə bilərik".

Şərhlər

XƏBƏR LENTİ