SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Novxanıda qazsız qalmışıq” - ŞİKAYƏT

“Novxanıda qazsız qalmışıq” - ŞİKAYƏT

Tarix:

2-10-2018, 14:50

/ 1 416 dəfə oxundu.
“Novxanıda qazsız qalmışıq” - ŞİKAYƏT

Abşeron rayonu Novxanı qəsəbəsi Salatın Əsgərova küçəsinin sakinləri qaz problemindən əziyyət çəkdiklərini deyirlər. Onların sözlərinə görə, illərdir bu ərazidə yaşasalar da, evlərini bütün lazımı sənədlərlə, çıxarışla təmin etsələr də, yaxınlıqdakı evlərdə qaz xətti olsa da, illərdir evlərinin qaz problemi öz həllini tapmır.
Məsələ ilə bağlı müsahibə verən kənd sakini Əli Əhmədovun sözlərinə görə, ərazidə 40-dan çox ev var, ümumilikdə təxminən 100-nəfərdən çox insan yaşayır, amma dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də müraciətləri cavabsız qalıb və qazla təmin olusnmayıblar:
“Biz 2016-cı ildə “Azəriqaz”a ərizə verdik. Dedilər ki, sizi qaz ilə təmin edəcəyik. “Azəriqaz”ın baş direktorunun əsas tikinti üzrə müavini Elman Abbasovdan bizə məktub gəldi. Məktubda yazılıb ki, Prezdentin fərmanına əsasən, 2018-ci ilədək mərhələli şəkildə qaz xətti evlərə çəkiləcək. Artıq 2018-ci ilin bitməyinə az qalıb. Yenə ərizə verdik ki, bəs bizim qazımız harada qaldı? Amma cavab yoxdur”.
Sakin beş ildir burada ev tikib, yaşamağa başladığını da əlavə edib: “Evimizin də bütün lazımı sənədləri, çıxarışı var. Amma bu illər ərzində təbii qazımızın olmadığına görə qışda burada yaşamaq çox çətin olur. Təsəvvür edin, ölkənin paytaxında, odun sobası, “salyarka”, qaz balonu yandırırıq. Odunu da tikintilərdən sınıq taxta və s. alıb istifadə edirik”.
Artıq payızın gəldiyini və havaların nisbətən soyumağa başladığını deyən şikəyətçi qışdakı vəziyyəti təsəvvür belə etmək istəmədiyini deyir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 Mart 2018-ci ildə “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ