SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Dərnəgül" yarmarkası sökülür

"Dərnəgül" yarmarkası sökülür

Tarix:

17-09-2018, 18:10

/ 1 488 dəfə oxundu.
"Dərnəgül" yarmarkası sökülür

Paytaxtın Binəqədi rayonu, "Dərnəgül" qəsəbəsi, Koroğlu Rəhimov küçəsi 53 ünvanında hər həftənin şənbə və bazar günləri təşkil edilən yarmarkanın bağlanacağı məsələsi yenidən gündəmə gəlib.
"Kommersant.az" xəbər verir ki, buna əsası yarmarkadan çəkilmiş fotolar yaradıb. Fotolardan da göründüyü kimi, məkanın dam örtüyünün bir hissəsi sökülüb.

Xatırladaq ki, ötən ilin sentyabrında da oxşar problem baş vermişdi. Yarmarkada üzərinə məhsulların yığılması üçün nəzərdə tutulmuş stollar sökülərək aparılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Murtuzəli Hacıyev mətbuata açıqlamasında bildirmişdi ki, orada quraşdırılmış stolların xeyli hissəsi qırıldığı üçün, onlar başqa əraziyə daşınaraq təmir olunur.

Məsələyə aydınlıq gətirmək üçün əlaqə saxladığımız Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza verilən açıqlamada bildirdilər ki, Dərnəgüldəki yarmarkanı Binəqədi Rayon İcra Hakimiyyəti təşkil edir:

"Kənd Təsərrüfatı Nazirliyinin yarmarkaların təşkilində birbaşa iştirak forması yoxdur. Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarının 21-ci maddəsinə əsasən, yarmarkalar yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq həmin orqan tərəfindən təşkil edilir. Digər bəndə əsasən, kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkaları hər həftənin şənbə və bazar günləri, habelə Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bayram günləri və digər əlamətdar hadisələrlə bağlı müəyyən edilən günlərdə keçirilir. Yarmarkalar başdan-ayağa bərbad gündədir. Antisanitariya halları baş alıb gedir. Nazirliyin həmin yarmarkaların təşkilində hansısa iştirakı olsa idi, əminliklə deyə bilərik ki, o yarmarkalarda belə biabırçılıqlar olmazdı. Kənd Təsərrüfatı Nazirliyinə əsasən Sumqayıt və Binəqədidəki yarmarkalardan, qiymət artımı ilə bağlı müraciətlər daha çox olur".

Nazirlikdən eyni zamanda qeyd etdilər ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzarət funksiyası 1 iyuldan etibarən Qida Təhlükəsizliyi Agentliyinə verilib:

"Qurban bayramı yarmarkalarının təşkilində də birbaşa iştirakımız olmadı. Yer məsələlərini isə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə təmin etdik. Hər yarmarkaya Nazirliyin 1 əməkdaşı monitorinq məqsədi ilə gedir".

Binəqədi Rayon İcra Hakimiyyətindən isə redaksiyamıza bildirdilər ki, məsələ ilə bağlı açıqlama vermək üçün məsul şəxs təyin olunacaq. Lakin sonradan etdiyimiz saysız zənglər cavabsız qaldı.

Şərhlər

XƏBƏR LENTİ