SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda QİÇS-ə yoluxan 8 min ərəb? - BU UYDURMA KİMƏ SƏRF EDƏ BİLƏRDİ...

Bakıda QİÇS-ə yoluxan 8 min ərəb? - BU UYDURMA KİMƏ SƏRF EDƏ BİLƏRDİ...

Tarix:

12-09-2018, 09:36

/ 1 432 dəfə oxundu.
Bakıda QİÇS-ə yoluxan 8 min ərəb? - BU UYDURMA KİMƏ SƏRF EDƏ BİLƏRDİ...

Bu günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində iraqlı bloqqer Ali Athabın Bakıda ərəb turistlərin necə əyləndiyi barədə çəkdiyi filmin fraqmentləri yayılmağa başladı. Həmin fraqmentlərdə Ali Athabın Bakıda ərəb turistlərinin ən çox baş çəkdikləri əyləncə məkanlarından xəlvəti çəkilişlər, habelə ərəb turistlərə bələdçilik edən Sevinc adlı azərbaycanlı qızın danışdıqları yer alırdı.

Və həmin bələdçi deyir ki, Azərbaycana gələn ərəb turistlər əsasən iki qrupa bölünürlər-gəzmək, istirahət etmək üçün ailələri ilə birlikdə gələnlər və içki içib yerli fahişələrlə əylənmək istəyən pullu gənclər. İkincilər Bakıda əsasən “İnfiniti” adlı gecə barına axın edirlər və tanış olduqları yüngül əxlaqlı qadınları özləri ilə qaldıqları otelə aparırlar. Habelə Ali Athabın araşdırmasında deyilirdi ki, guya son illər Azərbaycanda 8 minə yaxın ərəb turist yüngül əxlaqlı qadınlardan QİÇS virusuna yoluxub...

Virtualaz.org araşdırıb ki, əslində Ali Athab təkcə sosial şəbəkələrdə populyar bloqqer deyil, İraqın “Alforat TV” peyk kanalının əməkdaşıdır. Onun Azərbaycanda ərəb turistlərlə bağlı araşdırması 1 saatlıq filmdən ibarətdir. Həmin film sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən izlənilib və peyk üzərindən yayılıb.

“Alforat TV” kanalının sahibi İraqın Ali İslami Şurasıdır. Bu, İraqda şiələrin islamçı siyasi partiyasıdır və 1982-ci ildə ayətullah Məhəmməd Baqir əl-Hakim tərəfindən qurulub. 2003-cü ildə onun ölümündən sonra partiyaya qardaşı Abdul Aziz əl-Hakim başçılıq edib. Abdul Aziz 2009-cu ildə öləndə isə oğlu Ammar əl-Hakim partiyanın başına keçib.

Sirr deyil ki, Bakıya son illərdə ərəb turistlərin axın etməsi həm də gecə barları və digər əyləncə məkanlarının müştərilərini artırıb. Və burada təəcüblü heç nə yoxdur. Gecə əyləncələri dünyanın başqa turizm mərkəzlərində də turistləri cəlb etməyin əsas alətlərindən biridir. Üstəlik Bakıda əyləncə məkanları, gecə barları ərəb turistlərin axını ilə yaranmayıb, belə məkanlar SSRİ-nin dağılmasından cəmi iki-üç il sonra Bakıda peyda olmağa, sürətlə artmağa başladı. O başqa məsələdir ki, Bakının xarici turistlər arasında təkcə gecə əyləncələrinə və yüngül əxlaqlı qadınlara görə populyarlıq qazanması yolverilməzdir, buna yol açan tendensiyaya qarşı mübaizə aparılmalıdır.

Lakin Ali Athab Bakıda guya 8 mindən çox ərəbin dəhşəti virusa yoluxduğu haqda rəqəmi haradan alıb və nəyə əsaslanıb, burası məlum deyil. Ümumiyyətlə onun filminin ruhu Azərbaycanın ərəb turistlər üçün dəhşətli virusun hər yerə yayıldığı qorxunc məkan obrazını yaratmaq üzərində qurulub.

Virtualaz.org turizm sektorundakı mötəbər mənbələrdən bu film barədə soruşub. Həmin mənbələr deyirlər ki, Athabın filminin sifarişli olması onlarda şübhə doğurmur. Bəs bu sifariş haradan qaynaqlana bilərdi?

Mənbələr deyirlər ki, sifarişin haradan qaynaqlanması ilə bağlı müxtəlif ehtimallar ola bilər. Ancaq əvvəlcə ona diqqət yetirmək lazımdır ki, hazırda Cənubi Qafqaz ölkələrinin turizm sektorları arasında ərəb turistlərlə bağlı ciddi rəqabət var.

“Son illər Azərbaycanın ərəb turistlər arasında populyarlığının artması Gürcüstan və Ermənistan turizmçilərinin diqqətindən yayına bilməz. Əvvəl Gürcüstan, onun Batumi şəhəri ərəb turistləri regionda cəlb edən əsas məkan idi. Amma indi Azərbaycan həm turizm infrastrukturu sarıdan sürətlə inkişaf edir, bütün dörd mövsüm ərzində ölkəyə xarici turistləri cəlb etmək üçün imkanlar genişlənir, xidmət səviyyəsi yüksəlir, vizaların verilməsi tamamlə liberallaşır. Nəticədə Azərbaycan o cümlədən ərəb turistlər arasında populyarlaşır. Görünür bu tendensiya qonşu ölkələrin turizmçilərinin diqqətini cəlb edir”-mənbəmiz deyir.

Səhiyyə qaynaqlarında da Azərbaycanda 8 mindən çox ərəbin QİÇS-ə yoluxması barədə deyilənləri ağlabatan hesab etmirlər. Və deyirlər ki, ölkəyə gələn turistlərin nə qədərinin bu virusa yoluxduğunu müəyyən etmək hansısa jurnalistin işi ola bilməz. Əlbətdə, belə yoluxma halları mümkündür, amma yoluxmanın bu cür kütləvi miqyas almasını iddia etmək görünür ərəb turistləri qorxutmaq məqsədinə hesablanıb...

QİÇS-lə mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova da oxu.az-a açıqlamasında minlərlə ərəbin Bakıda bu virusa yoluxması haqda deyilənləri uydurma adlandırıb. Onun sözlərinə görə, son iki ildə bir nəfər də olsun xarici ölkə vətəndaşı Mərkəzə QİÇS diaqnozu ilə müraciət etməyib. “Könüllü müayinə mərkəzlərinə də müraciət daxil olmayıb. Məlum deyil ki, bu rəqəmi haradan götürüblər və nə dərəcədə etibarlıdır. Hərə ağzına gələni danışır”-Mərkəzin direktoru belə deyib.

Şərhlər

XƏBƏR LENTİ