SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hövsanın bahalı, ancaq çirkli avtobusları: - Sərnişinlər narazı, qurumlar biganədir

Hövsanın bahalı, ancaq çirkli avtobusları: - Sərnişinlər narazı, qurumlar biganədir

Tarix:

5-09-2018, 09:46

/ 1 408 dəfə oxundu.
Hövsanın bahalı, ancaq çirkli avtobusları: - Sərnişinlər narazı, qurumlar biganədir

Bakının ictimai nəqliyyat sektorunda problemlər bitib-tükənmək bilmir.

Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslarla bağlı isə ümumiyyətlə, şikayətlərin ardı-arası kəsilmir. Hələ də xəttlərdə çirkli, yararsız avtobuslar var. Ən çox şikayət olunan məqamlar isə xəttə buraxılan avtobusların azlığı, interval çoxluğu və gecikmələrdir. Hər gün ictimai nəqliyyatdakı sıxlıq, sürücülərin yol hərəkət qaydalarına əməl etməməsi, yollarda təhlükəli vəziyyət yaratması və digər nöqsanlarla bağlı şikayətlər eşidirik.

Hövsan qəsəbəsinin bir neçə sakini redaksiyamıza müraciət edərək qəsəbədən Suraxanı rayonunun mərkəzinə işləyən 161 saylı marşrutdan şikayətlər ediblər. Sakinlərin dediyinə görə həmin avtobuslar vaxtlı-vaxtında işləmədiklərinə görə, sərnişinlər saatlarla yollarda qalır. Avtobuslar arasındakı interval 30-45 dəqiqə arası olur. Axşam saatlarında, yəni saat 8-dən sonra isə ümumiyyətlə, avtobus tapmaq müşkülə çevrilir. Bəzən isə 1 saata yaxın marşrut gözləmək lazım gəlir. Buna görə də hər gün pik saatlarda sıxlıq yaşanır. Avtobusda ayaq qoymağa yer olmur. İmkanı olan sərnişinlər isə məcbur qalıb evə taksi ilə gedirlər. Hər gün bu mənzərə təkrarlanır. Yollarda xeyli əziyyət çəkdiklərindən gileylənən sərnişinlər artıq bu durumdan təngə gəldiklərini bildiriblər. Bu azmış kimi avtobuslar da yararsızdır.

Sakinlərin dediklərinə görə istismara yararsız, salonu yuyulub-təmizlənməyən, sərinləşdirici sistemi olmayan avtobuslarda 20 dəqiqəlik yolu 1 saat yarıma getmək də bir başqa işgəncədir. Məsələ ilə bağlı isə aidiyyatı qurumlara üz tutsalar da, vəziyyətlə bağlı ölçü götürülmür. Hər gün bu avtobuslardan istifadə edənlər deyir ki, 161 saylı marşrutdan xəttə çox az sayda buraxılır. İlk növbədə sadalanan problemlərin başında bu məsələ dayanır. Digər problem isə bu xəttdə tamamilə istismara yararsız avtobusların olmasıdır ki, mənzərə göz önündədir.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Mayis Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, məsələ araşdırılacaq: “Əgər sakinlərin iddia etdiyi hal varsa, təbii onun aradan qaldırılması ilə bağlı daşıyıcıya göstəriş veriləcək”.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi dəfələrlə belə məsələləri nəzarətə aldıqlarını bildirirlər. Qurumun bildirdiyinə görə daşıyıcıların qarşısına istismara yararsız avtobusların xəttdən çıxarılması tələbi qoyulur. Agentliyin açıqlamalarında, ümumiyyətlə, ictimai nəqaliyyatda nasaz olan bütün avtobusların yenisi ilə əvəzlənəcəyi qeyd olunur. Ümid edirik ki, qısa müddət ərzində 161 saylı marşrutla bağlı problem də öz həllini tapacaq.

Şərhlər

XƏBƏR LENTİ