SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik

Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik

Tarix:

4-09-2018, 09:03

/ 1 731 dəfə oxundu.
Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik

Xətai rayonunda Ukrayna dairəsi yaxınlığında tikilən obyektə görə kimsəyə “gözün üstə qaşın var” deyən yoxdu; amma üzbəüzdə inşası bitməkdə olan xeyli tikili yerlə yeksan edilib
Neçə gündür Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda söküntü işlərinə başlayıb. Bu işlərin gedişinə Dövlət Şəhərsalma və Arxitektura İdarəsi də nəzarət edir.

Söküntü işlərinə Xətai rayonunda başlanıb. Məlumata görə, rayon ərazisində zəbt edilən 7 sahə aşkarlanıb və həmin ərazilərdə söküntü işləri aparılıb. Bu haqda ötən sayımızda məlumat verilmişdi. Dünən söküntünün aparıldığı ərazidə olduq, işlərin gedişi ilə maraqlandıq.

“Yeni Müsavat”ın reportyor qrupu söküntülərin aparıldığı Xətai rayonu Məhəmməd Hadi və Neapol küçələrində olub. Hazırda Məhəmməd Hadi küçəsində asfalt örtüyünün yenilənməsi işləri gedir. Bu küçənin yaxın gələcəkdə prospektə çevriləcəyi xəbəri yayılıb. Bu məlumatın nə dərəcədə doğru olması bilinməsə də, sakinlər deyirlər ki, sökülən məhəlləarası kiçik obyektlərdir. Hansıların ki, sahibləri nə baş verdiyini hələ də aydınlaşdıra bilmirlər. Adının çəkilməsini istəməyən xırda bizneslə məşğul olan yerli sakinlərdən biri deyib ki, adamlar illər öncə müvafiq instansiyalara müraciət edib küçənin müxtəlif yerlərində çayxana, saatsaz köşkü, dönərxana, ətir, siqaret satılan kiosk və bu kimi iaşə obyektləri açıb özlərini işlə təmin ediblər. İndi isə bir gecədə həmin kiçik obyektləri qanunsuz elan edib söküblər.

Bu arada redaksiyamızın poçtuna Məhəmməd Hadi küçəsində aparılan söküntü işləri ilə bağlı məktub göndərilib. Həmin məktuba fotolar da əlavə olunub. Məktubla, əlavə olunan fotomateriallarla tanış olanda belə rəy yaranır ki, Xətai rayonunda böyük söküntü işləri aparılır. Əslində isə reallıq başqadır. Konkret olaraq Məhəmməd Hadi küçəsində az qala Ukrayna dairəsinin içinə girən obyektlər var və hazırda tikilməkdədir. Belə obyektlərdən biri haqda “Yeni Müsavat” 5 ildir ki, yazır. Tikinti dayandırılır və az sonra yenidən davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin başladığı yeni kampaniyanın hara qədər davam edəcəyi, qanunsuz tikililər siyahılaşdırılarkən “daydaylı” obyektlərin də həmin siyahılara salınıb-salınmayacağını indidən söyləmək çətindir.

M.Hadi küçəsində olarkən illərdir ki, yazdığımız obyektə də baş çəkməyi qərara aldıq. 2013-cü ildə həmin obyektin özülü qazılarkən Ukrayna dairəsinin az qala yarısında yol hərəkəti məhdudlaşdırılmışdı. Bundan başqa, ağır tonnajlı ekskavatorlar özülü qazarkən Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binalarının kommunikasiya xətlərini darmadağın etmişdilər. Minlərlə insan 3 gün işıqsız, susuz qalmışdı. O dövrdə məsələ ilə bağlı bir neçə yazı dərc etdikdən sonra işə Hacıbala Abutalıbov qarışmışdı. Tikintini qanunsuz elan edən sabiq BŞİH rəhbəri orada aparılan işləri dayandırmışdı. Bakıda yeni söküntü işlərinin məhz Məhəmməd Hadi küçəsindən başlanması xəbəri gələndə də belə düşündük ki, həmin obyektin özülü torpaqlanar, orada illər öncə çıxarılmış ağacların yerinə yeniləri əkilər. Amma belə deyil. Əksinə, illərdir tikintisi dayandırılan həmin obyektdə qızğın iş gedir.

Yaxşı olar ki, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi sözügedən tikili ilə bağlı komissiya yaradıb, araşdırmalara başlasınlar. Kommunikasiya xətlərinin üstündə tikilən bu obyekt həm də avtomobillərin, həmçinin piyadaların hərəkətinə ciddi mane olur. Tədbir görüləcəyi ümidi ilə...

“Yeni Müsavat”
Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik
Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik
Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik
Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik
Xətai rayonunun Məhəmməd Hadi kontrast: bir tərəfdə sökhasök, digər yanda tikhatik

Şərhlər

XƏBƏR LENTİ