SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kənd Təsərrüfatı Nazirliyi qeyri-rəsmi olaraq "AZƏRSUN"A HƏDİYYƏ EDİLDİ

Kənd Təsərrüfatı Nazirliyi qeyri-rəsmi olaraq "AZƏRSUN"A HƏDİYYƏ EDİLDİ

Tarix:

31-08-2018, 09:43

/ 1 508 dəfə oxundu.
Kənd Təsərrüfatı Nazirliyi qeyri-rəsmi olaraq "AZƏRSUN"A HƏDİYYƏ EDİLDİ

Abdolbari Goozalın Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə gətirilməsiylə İnam Kərimov arxa plana keçdi

Məhəmməd Talıblı: "İnhisarçı bazar payı olan şirkətlərin rəqabəti təşviq edən təklif və tövsiyələrlə nazirliyə müraciət etmələri inandırıcı gəlmir"

Natiq Cəfərli: "Böyük şirkətlər tərəfindən belə bir formatın yaradılması kiçik və orta sahibkarlığın tamamilə susdurulub sıradan çıxarılmasına xidmət edə bilər"

Bu ilin aprel ayında İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunarkən çoxları, daha dəqiq desək, ekspertlərin və media mənsublarının bir qismi, o cümlədən fermer təsərrüfatı ilə məşğul olan şəxslər ümid edirdilər ki, onun gəlişindən sonra nəhayət, ölkənin kənd təsərrüfatı inkişaf edəcək, bu sahədə mövcud olan problemlər aradan qaldırılacaq. Lakin indi aydın olur ki, bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Yəni İnam Kərimov rəhbərliyi dönəmdə "Asan Xidmət"də (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) tətbiq etdiyi şəffaf, qüsursuz sistemi Kənd Təsərrüfatı Nazirliyinə gətirə bilmədi.

Heç kimə sirr deyil ki, o, "Asan Xidmət"ə rəhbərlik etdiyi 6 il ərzində üzərinə düşən vəzifəni layiqincə icra edib, vətəndaşların bürokratik əngəllərlə üzləşməsinin qarşısını alıb. Ancaq nədənsə, bu gün İnam Kərimov kənd təsərrüfatı naziri kimi tamam fərqli ampluada görünür. Bəlkə də bu, onun bu sahənin mütəxəssisi olmaması ilə bağlıdır. Və elə bu səbəbdən də yeni nazirin gəlişindən sonra aqrar sahənin inkişafı ilə bağlı elə də ciddi addım atılmayıb. Sadəcə bəzi tədbirlər keçirilib, rayonlarda fermerlərlə görüşlər təşkil olunub. Lakin bunlar kənd təsərrüfatının inkişafını əngəlləyən amillərin aradan qaldırılması üçün yetərli deyil. Bunun üçün ilk növbədə aqrar sahədə, o cümlədən qida sənayesində inhisarçılığa son verilməli, sahibkarlar üçün azad rəqabət mühiti formalaşdırılmalıdır. Təəssüf ki, İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunduğu vaxtdan indiyədək bunun öhdəsindən gələ bilməyib. Əks halda, ölkənin qida sənayesi hələ də "Azərsun Holding"in inhisarında olmazdı.

"Azərsun"un Aqrar Məşvərət Şurasına rəhbərliyi rəqabət mühitinə MƏNFİ TƏSİR GÖSTƏRƏ BİLƏR

Bu arada, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tədbirlərdən söz düşmüşkən, nəzərinizə çatdıraq ki, bu gün İnam Kərimovun rəhbərliyi və aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin - "Azərsun Holding", "Pasha Holding", "Gilan Holding", "CTC Holding", "AS Group İnvestment", "Modern Group", "Agrarco", "AzProtein Foods Group" və "Səba Qrup"un rəhbər şəxslərinin iştirakı ilə toplantı keçirilib. Qeyd edək ki, toplantıda iştirak edən şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini müzakirə edib və bu zaman Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Bundan sonra isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə "Azərsun Holding"in prezidenti Abdolbari Goozal adıçəkilən şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə katibliyin rəhbəri seçilib. Bir qədər öncə də bildirdiyimiz ki, "Azərsun Holding" bu gün ölkənin qida sənayesini inhisarında saxlayır. Belə ki, Azərbaycanda 1994-cü ildən fəaliyyətə başlayan, ana şirkəti Birləşmiş Ərəb Əmirliklərindəki «Intersun International Sun Group FZCO» müəssisəsi olan "Azərsun Holding" ölkəmizdə qida bazarının böyük hissəsinə nəzarət etməklə, yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Beləliklə, Kənd Təsərrüfatı Nazirliyində baş tutan məlum toplantıda alınan qərara görə, sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən onlarla müəssisəni birləşdirən "Azərsun Holding"in prezidenti Abdolbari Goozal artıq Aqrar Məşvərət Şurasının sədri vəzifəsini icra edəcək. Bu isə o deməkdir ki, Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına yox, məhz "Azərsun Holding"in daha da genişlənməsinə, əhatə dairəsini artırmasına, aqrar və qida sənayesini tam şəkildə nəzarətə götürməsinə, bu sahədə azad rəqabətin aradan qaldırılmasına gətirib çıxaracaq. Söz yox ki, bu da öz növbəsində, antiinhisar (rəqabət) qanunvericiliyinin pozulmasına, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılmasına və digər neqativ hallara səbəb olacaq. Yəni bununla da "Azərsun Holding" daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları əldə edəcək.

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı nazirlik və komitələrin nəzdində konsultativ məzmun daşıyan yan qurumların yaradılması təşəbbüsünü yaxşı hal kimi qiymətləndirməklə yanaşı, bildirdi ki, belə qurumlar kollegial məzmun daşımalıdır: "Buna bir neçə aspektdən yanaşmanın tərəfdarıyam. Bu qurumlar sahibkarlıq subyektlərinin maraqlarını və problemlərini yuxarı instansiyaya daşıyan təşəbbüskar qurum olmalıdır. Onlar nazirə "ütülü" hesabatlar verməyi yox, problemləri bütün çılpaqlığı ilə onların diqqətinə çatdırmalıdır. İkincisi, bu cür qurumların yaxın illərdə nazirliklərin yanında yaradılmış Appelyasiya Şuralarının analoji aqibəti kimi olmamalıdırlar. Bizdə bu sistem işləmədi və elə bir ciddi effekt doğurmadı. Üçüncüsü, belə qurumların kollegial məzmun daşımalıdırlar. Yəni, onlar rəhbər-işçi subordinasiyasından uzaq olaraq işgüzar xarakter daşımalıdır. Onlar sədr, müavin və s. kimi seçkili orqan yox, kollegial formatda işçi qrup kimi fəaliyyət göstərməlidirlər".

Aqrar Məşvərət Şurasına eləcə birinci gündə sədr seçilməsini komanda işindəki effektivliyi motivasiya edən deyil, məhz aşağı salan amil kimi dəyərləndirən Məhəmməd Talıblı hesab edir ki, həmin işçi heyətdə inhisarçı şirkətlərin təmsil olunması maraqlar konflikti yaradan haldır: "Diqqət etdinizsə, həmin işçi heyətdə yalnız bazarda ən ciddi paya malik olan inhisarçı şirkətlərin - "Azərsun Holding", "Pasha Holding", "Gilan Holding", "CTC Holding", "AS Group İnvestment", "Modern Group", "Agrarco", "AzProtein Foods Group" və "Səba Qrup" təmsilçiləridirlər. Bazar paylarının yüksək olması onların Şurada iştirakı ilə maraqlar konflikti yaradan haldır. Mən inanıram ki, ucqar kəndlərdə və qəsəbələrdə fermer təsərrüfatı ilə məşğul olan çoxsaylı peşəkarlar vardır ki, resurs çatışmazlığından başlamış istehlakçıya çatdırılacaq məhsulların bütün mərhələlərdindəki dəyər zəncirinin harada qırıldığını dəqiqliklə bilirlər. Çünki onlar məhz bu problemlərdən əziyyət çəkir. Kənd təsərrüfatı məhsulların istehsalında və idxalında inhisarçı bazar payı olan şirkətlərin rəqabəti təşviq edən təklif və tövsiyələrlə nazirliyə müraciət etmələri mənə inandırıcı gəlmir".


Bu tip qurum və şuraların müxtəlif nazirliklərin tərkibində də yarandığını vurğulayan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, son nəticədə onlar heç bir effekt verməyib: "Kənd təsərrüfatı ilə məşğul olan bir məşvərət məclisi olacaqsa, burda tərəfsiz mütəxəssislərin, şəxsi və ya korparativ marağı olmayan insanların, əsasən də aqrar sahədə ciddi araşdırmaları olan ekspertlərin toplaşıb müəyyən fikir mübadiləsi aparması və nazirliyə yol göstərməsi, yön verməsi daha doğru olardı. Yəni əgər hər hansı bir sahədə yaradılacaq qurumun rəhbərliyində həmin sahə ilə bağlı şəxsi və korparativ marağı olan şəxs olacaqsa, təbii ki, bundan ciddi bir effekt gözləmək olmaz. Keçmiş təcrübələr də bunu sübur etdi. Belə ki, bir neçə nazirliyin nəzdində belə şuraların yaradılması ciddi bir effekt vermədi".

Prinsip etibarı ilə belə bir məşvərət şuralarının yaradılmasının pis olmadığını deyən ekspertin fikrincə, aqrar sahədə ixtisaslaşmış böyük şirkətlər tərəfindən Aqrar Məşvərət Şurasının yaradılması kiçik və orta sahibkarlığın tamamilə susdurulub sıradan çıxarılmasına xidmət edə bilər: "Ataların sözü var ki, məsləhətli don gen olar. Yəni belə bir yanaşmanın, məsləhətləşmələrin olması yaxşıdır. Lakin burda heç bir tərəfi, şəxsi marağı olmayan mütəxəssislərin iştirakı, açıq şəkildə diskusiyaların aparılması, yaranmış problemlərin birbaşa müzakirə olunması, heç nəyin gizlədilməməsi daha vacibdir. İndiki halda isə belə bir məsələ ortalığa çıxır ki, həm özünün, həm də rəhbərlik etdiyi şirkətin korparativ maraqlarını təmin edə biləcək bir şəxsin belə bir məşvərət şurasına rəhbərlik etməsi effektivliyi və obyektivliyi xeyli dərəcədə aşağı salacaq. Bu səbəbdən də belə yanaşmanı doğru saymıram. Düşünürəm ki, böyük şirkətlər tərəfindən belə bir formatın yaradılması kiçik və orta sahibkarlığın tamamilə susdurulub sıradan çıxarılmasına xidmət edə bilər. Yeri gəlmişkən qeyd edim ki, Aqrar Məşvərət Şurasının formalaşdırılmasında iştirak edən şirkətlərin böyük əksəriyyəti müxtəlif nazir və ya məmurlara yaxın şirkətlərdir. Buna görə də onlarla rəqabət aparmaq çətin, hətta mümkünsüzdür. Odur ki, belə bir formatın olması iri şirkətlərin önə çəkilməsinə, rəqabət mühitinə isə ciddi mənfi təsir göstərir".

"Hürriyyət"in Araşdırma Qrupu

P.S. Qeyd edək ki, "Azərsun Holding"lə, daha doğrusu adıçəkilən şirkətin inhisarçı fəaliyyəti, o cümlədən istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı əlimizdə yetərincə məlumatlar var. Lakin yay tətili ilə əlaqədar olaraq "Hürriyyət" qəzeti sentyabr ayından öz işinə başlayacaq və sözügedən materialları ardıcıl oxuculara təqdim edəcəyik.

Şərhlər

XƏBƏR LENTİ