SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Ucuzluq" marketlərində dövlətin qanunları işləmir? - ŞİKAYƏT

"Ucuzluq" marketlərində dövlətin qanunları işləmir? - ŞİKAYƏT

Tarix:

16-08-2018, 10:25

/ 2 338 dəfə oxundu.
"Ucuzluq" marketlərində dövlətin qanunları işləmir? - ŞİKAYƏT

"“Ucuzluq” kimi şirnikləndirici adı olan mağazalarsa son vaxtlar yağışdan sonrakı göbələklər kimi artmaqdadır. Bu mağazaların məqsədi guya ki, kasıb təbəqəyə qismən keyfiyyətli malların təqdim edilməsidir". Bu sözlər xalqxeber.az-a göndərilən bir vətəndaş şikayətində yer alıb.

Daha sonra yazan narazı vətəndaş bildirir: "Mətbuatda tez-tez istehlakçıların hüquqlarını pozan ticarət obyektləri haqqında yazılar dərc olunur və çox vaxt da bu öz təsdiqini tapır.Belə dükanlardan biri də Sumqayıtda yerləşən “Ucuzluq”univermağıdır.

Sumqayıtda fəaliyyət göstərən “Ucuzluq” adlı geyim univermaqlarında ,ələlxusus 13 mikrorayon, yerləşən univermaqdan mal almazdan əvvəl min dəfə fikirləşin.Çünki buradan mal alsaz və birdən mal sizi qane etmədiyindən qaytarmaq fikrinə düşsəz, bilin ki,bu halda sizi böyük ehtimalla problem gözləyəcək. Aldığınız malı,əlinizdə çekiniz də olsa belə çox güman ki,nə qaytara biləcəksiz,nə dəyişə.Çox güman ki, buranın sahibləri bu şikayəti oxuyandan sonra deyəcəklər ki,bu onlara qarşı qara piardır-filandır,amma bu həqiqətdir.Bunu bu məkandan mal alan çoxsaylı insanlar deyir.Demək istehlakçının hüquqlarını pozmaq yaxşıdır ,amma həqiqəti demək yox?!

Sanki burada bu şəbəkənin rəhbəliyi tərəfindən satıcılara göstəriş verilir ki,alınan heç bir mal qaytarılmasın.İstər bu qanuni olsun,istəsə də qanunsuz. Bu univermaqdan mal alan alıcıya isə bu və ya digər səbəbdən malını qaytarmaq istəyəndə,ona min bir bəhanə ilə malını adətən qaytarmırlar.Gah deyirlər ki,bu cür mal qaytarılmır,gah deyilir o geyilib(???) və sairə.Halbuki aydındır ki,mal geyinməlidir də...Əgər buna görə mal qaytarılmırsa onda nəyə görə geyimi univermaqda geyinməyə icazə verilir?!Elə onda da desinlər geyinmək olmaz.Nə fərqi var evdə geyildi ,yoxsa burda?!Əgər mal zədələnməyibsə,ləkələnməyibsə onu qaytara bilmək hər bir istehlakçının hüququdur.Deyə bilərsiniz ki,bəs niyə şikayətçinin konkret adı çəkilmir?!İş orasındadır ki,bir çoxları hər şeydən ötrü başını ağrıtmaq istəmir.Bəziləri ümumiyyətlə öz hüquqlarından xəbərsizdir,bəziləri isə öz hüquqlarının tələb etməyi də mənasız bilir,çünki əmindirlər ki,bu cür dükanın sahibinə heç nə sübut edə bilməyəcələr.Ya da bu çox vaxt aparacağından,müəyyən maddi imkan tələb etdiyindən(məhkəməyə-filana,ora-bura getmək,vəkil-filan tutmaq)hüquqları tapdalanan çox alıcılar bundan vaz keçir. Əlbəttə istehlakçı hüquqlarını təmin etmək üçün İqtisadi İnkişaf Nazirliyinin 195-2 Qaynar xətti də zəng edə bilər,amma bu hələ o demək deyil ki.bununla problem tam və operativ həll oluncaq.

Hər halda şikayətçi vətəndaşlar qanuni hüququndan istifadə edə bilərlər.Univermaq müdiriyyəti də çox güman ki.bir çoxlarının rəsmən şikayət etməməsindən və qanundakı boşluqlardan,qanunların əməl edilməməsindən ustalıqla istifadə edir.Bunu onlar özü də yaxşı bacarırlar.Onu da qeyd etmək lazımdır ki, “Ucuzluq”un işçiləri adama “sifət” göstərməyi çox gözəl bilir,çox güman ki,satıcılar bu haqda xüsusi təlimat alırlar və malı qaytarmağa onlara icazə verilmir deyə hər bir vəchlə mal qaytarılmır. Əgər deyilənlərə şübhəniz varsa gəlin özünüz eksperiment kimi bu univermaqdan mal alın və buna çox güman ki,özünüz əmin olacaqsınız.

Ümumiyyətlə ,bu tip univermaqlarda satılan mallar əslində adında olduğu kimi ucuz da deyil,adi qiymətlərdir və burada satılan malların keyfiyyətləri də şübhə doğurur və çox brend mallardan da qat-qat uzaq mallardır.Halbuki geninə-boluna reklam olunur ki,guya burada keyfiyyətli mallar ucuz satılır.Bir çox hallarda bu cür dükanlarda elə də məlum olmayan pal-paltar markalarının malları satılır. “Ucuzluq” adı altında fəaliyyət göstərən Sumqayıtda və ümumiyyətlə ölkədə bir çox mağazalar olmalıdır.

Bu adda bir müddət əvvəl şəhərin Sülh küçəsində də fəaliyyət göstəriridi və sonra elə çox güman ki,alıcılara “belə” xidmətin nəticəsində,müştərilərini qaçırdı və bağlandı.

Bilmirəm “Ucuzluq” adı altında fəaliyyət göstərən bu mağazalar hansı məmurların və kimlərin nəzarətindədir və bir şəbəkədir,amma konkret adı çəkilən yerdəki univermaqda istehlakçıların hüquqları açıqcasına pozulur və bu barədə çoxsaylı şikayətlər səslənir. Çox təəsüf ki,Sumqayıtdakı “Ucuzluq” univermağı normalda müştəriləri yaxşı xidmətlə artırmaq əvəzinə,tam əks və səhv mövqeyi tutub.

İnsafən qeyd etmək lazımdır ki,çox acınacaqlıdır ki,istehlakçıların hüquqlarının pozulması ümumiyyətlə Azərbaycanda adi məsələdir və alış-veriş mərkəzlərininəksəriyyəti üçün xarakterikdir.Bu baxımdan “Ucuzluq” univermağı istisna deyil.

Mövzunun çox aktual olmasını və çoxlarını narahat etməsini nəzərə alaraq ölkə mətbuatında əvvəllər getmiş (onlar aktuallığını saxladığına görə) bəzi yazıları, bu maraq doğura biləcəyindən təqdim etmək istərdim.Ümid edirəm Sumqayıtda yerləşən “Ucuzluq”univermağı bu yazılanlardan düzgün nəticə çıxaracaq:

“"Alınan mallar geri qaytarılmır". Yəqin bir çox mağazaların divarlarından bu sözlərin yazıldığı kağızın asıldığını görmüsünüz. Bu da o deməkdir ki, alınan mal tələblərə cavab verməsə də, evə aparandan sonra malın yararsız olduğu məlum olsa da, hədiyyə etdiyin adamın ölçüsünə və zövqünə uyğun gəlməsə də, qaytara bilməzsən. Bunun mümkünsüz olduğunu bildirdilər. Amma malı dəyişməyi təklif etdilər. Amma burada da ortaya "əmma" çıxdı. Məlum oldu ki, endirimə düşən malları dəyişmək də mümkünsüzdür. Qanun nə deyir? Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, bütün hallarda, əgər istehlakçının tələblərinə uyğun gəlməyibsə, mal qaytarıla və dəyişdirilə bilər. Çünki istehlakçıya bu haqqı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun verir: "Qanunda bildirilir ki, əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində qaytarıla və ya dəyişdirilə bilə. Belə ki, istehlakçının bəyəndiyi başqa mal varsa, dəyişdirilə bilər, yoxdursa, istehlakçı malı qaytara bilər".

Qeyd edək ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir ki, "lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər". Sözügedən -15-ci maddəsinin 2-ci bəndində isə malı qaytarmaqla bağlıdır: "Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir". Sözügedən maddədən göründüyü kimi, satışda istehlakçıya uyğun mal olmadıqda, onu qaytarmaq mümkündür.

“Satıcı malın satışa daxil olduğu gün dəyişdirilməni tələb edən istehlakçıya məlumat verməlidir.. Əslində burada bir qədər subyektiv yanaşma da qaçılmazdır. Məsələn, satıcıya görə müştəriyə uyğun başqa bir mal alıcının zövqüncə və ona uyğun olmaya bilər. Odur ki, bu maddədə hər iki tərəfin hüquqları qorunsa da, bütün hallarda son söz istehlakçınındır”. Kassa qəbzi ləğv edilə bilər

E.Hüseynovun sözlərinə görə, bəzən satıcılar qəbzin artıq kassaya vurulduğunu və malın buna görə qaytarılmasının mümkünsüz olduğunu deyirlər: "Amma istənilən kassa qəbzini ləğv etmək mümkündür". E.Hüseynov onu da bildirdi ki, başqası üçün alınan hədiyyəni, heç bir qüsurunun olmadığına baxmayaraq, hədiyyə aldığın adam bəyənməsə, yenə də istehlakçının malı dəyişmək və qaytarmaq haqqı var: "Çünki mal istehlakçının tələbatını ödəməyib". Nəyi dəyişmək və qaytarmaq olmaz? Amma bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Bu malların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bura qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr), parfümer-kosmetika malları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları, diş fırçaları, daraqlar, biqudilər və s., uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadə olunmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

E.Hüseynov gigiyenik malların dəyişdiriliməsinin, yaxud qaytarılmasının mümkünsüz olduğunun başa düşüldüyünü, amma qızıl və qızıl məmulatlarının bu siyahıya salınmasını başa düşmədiyini dedi: "Nədənsə qızıl əşyaları da geri qaytarılmayan mallar sırasındadır. Hazırda biz iş aparırıq ki, həmin mallar da geri qaytarılan mallar siyahısına daxil olsun". Alıcıya dəyən mənəvi ziyana görə kompensasiya AİB sədri onu da qeyd etdi ki, bəzən istehlakçıya vurduğu mənəvi ziyana görə mağaza sahibi ona kompensasiya ödəməlidir: "Bəzən satışda normalara uyğun olmayan mal çıxarılır və istehlakçı bunu alıb aparandan sonra qüsuru aşkar edir. bu halda mağaza sahibi tərəfindən alıcıya vurulan ziyana görə ona kompensasiya ödənməlidir. Amma təəssüflər olsun ki, şahidi olduğumuz məhkəmələrin heç birində belə hallarda heç vaxt proses alıcının xeyrinə başa çatmayıb. Çünki Azərbaycan məhkəmələri buna hazır deyil. Baxmayaraq ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 26-cı maddəsinə yazılıb ki, istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Hətta istehlakçılar hüquqlarının pozulması barədə məhkəmədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər". AİB sədri onu da dedi ki, böyük həcmli mallar qüsurlu olması səbəbiylə qaytarılarkən, malın qaytarılması üçün çəkilən yol xərcini də satış obyekti ödəməlidir.

E.Hüseynovun sözlərinə görə, dünyada bütün zamanlarda istehlakçıların hüquqları ilə bağlı problem olub Malı qaytarmayana 1500 manat cərimə İstehlakçıların qarşılaşdıqları problemlərdən biri də brend mağazalarda mal alarkən çekin üzərində 14 gün ərzində malın dəyişdirilə biləcəyi ilə bağlı informasiyanın yazılmamasıdır. Bu da o deməkdir ki, malı qaytarmaq olmaz. Amma "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 16-cı maddəsində qeyd edilir ki, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. E.Hüseynov bildirdi ki, əgər mağazada qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq mal qaytarılmırsa, mağaza sahibinin 1500 manata qədər cərimələnməsi nəzərdə tutulur. Alıcı hara müraciət etsin? AİB sədri, istehlakçılar yuxarıda sadaladığımız problemlərlə qarşılaşarsa, onlara müraciət edə biləcəyini dedi: "Heç bir təmənnasız istehlakçılara kömək edirik. Sadəcə 012-441 28 33 nömrəli telefona zəng edib şikayətlərini bildirsinlər". Bundan başqa, aldanan istehlakçılar respublikanın istənilən yerindən satasionar və mobil telefonlardan İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə də müraciət edə bilərlər. Mərkəz iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir”. Qeyd edək ki, hökumətin istehlakçılarla bağlı sahədə siyasətini İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir”".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ