SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhər İcra Hakimiyyətinin qoçuları ƏSGƏR ailəsinin evini başına uçurdu

Sumqayıt şəhər İcra Hakimiyyətinin qoçuları ƏSGƏR ailəsinin evini başına uçurdu

Tarix:

7-08-2018, 13:59

/ 1 652 dəfə oxundu.
Sumqayıt şəhər İcra Hakimiyyətinin qoçuları ƏSGƏR ailəsinin evini başına uçurdu

“Araz Media” xəbər portalı redaksiyasına qandondurucu bir şikayət daxil olub.

Ailə başçısı Məhərrəmov Əmirxan Atlıxan oğlu şikayətində göstərir ki, on ildir ki, Sumqayıt şəhəri, Yaşıl-Dərə yaşayış massivində özlərinə məxsus kasıb, miskin evlərində, acınacaqlı vəziyyətdə dörd nəfər ailə üzvləri ilə birgə yaşayır. İmkansızlıqdan, yoxsulluqdan on il əvvəl həmin bir mərtəbəli, miskin evi tikərkən, dam örtüyünü yaxşı düzəldə bilmədiklərindən, həmin dam örtüyü bu illər ərzində çökmüş, qar-yağış suları evə axmış, nəticədə evdə olan bütün avadanlıqlar çürüyərək məhv olmuş, o cümlədən döşəmə və divarlar sözün əsl mənasında nəmişlik, xəstəlik mənbəyinə çevrilmişdir. Törənə biləcək nəmişlik xəstəlikləri ilə üz-üzə qalan Əmirxan qohumlardan, dostlardan, tanışlardan qəpik-qəpik borc pul toplamış, evinin dam örtüyünü dəyişmək üçün lazımi qədər tikinti materialı almış və evinin onsuzda sökülüb-dağılmış dam örtüyünü sökərək, yeni örtük düzəltəmyə qərar verir.

Yazıq ailənin, qaragün Əmirxanın qara günləri elə həmin andan başlamışdır. Belə ki, Əmirxan həyat yoldaşı ilə işləyərkən, təxminən on beş, iyirmi gənc qoçu oğlanlar onun həyətinə hücum etmiş, bütün materialları darmadağın etmiş, təxminən əlli ədəd “şiferini” sındırmış, başqa materialları da həyətə səpələmişdir. Köməksiz, çarəsiz, əlacsız qalan Əmirxan və həyat yoldaşı bunlardan kim olduqlarını və niyə onların həyətinə icazəsiz soxularaq, materiallarını sındırıb-dağıtdıqlarını soruşmuşlar. Həmin quldur dəstəsinə rəhbərlik edən, özünü “Nəsimi” kimi təqdim edən “baevoy nayomnik”, “bizi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov göndərib. Onun tapşırığını yerinə yetiririk, arxamızda o dayanıb. Lazım gəlsə materialını dağıdarıq, lazım gəlsə özünüzü də öldürərik. Ağıllı olun gedin onu görün, yoxsa başınıza od yağdıracağıq”. Ev sahibəsi oğlunun ön cəbhədə xidmət etdiyini, bu günlərdə məzuniyyətə gələcəyini, onun dincəlməyə yerinin olmayacağını dedikdə Nəsimi, “az məgər sənin oğlunu mən göndərmişəm cəbhəyə? Cəhənnəmə olsun” demişdir...

Qeyd edək ki, ailədə heç kim işləmir. Ailəyə bir manat da olsa, pul daxil olmur. Onlar nəinki, Sumqayıt İcra Hakimiyyətinə pul vermək iqtidarındadır, hətta material üçün aldıqları borc pulları necə qaytaracaqlarını belə bilmirlər...

Bunu da xüsusi olaraq qeyd edirik ki, həqiqətən də bu ailənin tək oğlu hazırda əgəri xidmətdədir, O, ön cəbhədə düşmənlə üz-üzə dayanıb. Hər an düşmən gülləsinə tuş gələ bilər. Lakin buna baxmayaraq, fəxrlə düşmənlə göz-gözə durub ki, ata-anası, ailəsi, xalqı öz evində rahat yaşasın. Əgər onun ata-anası başlarını “soxmağa”, qar-yağışdan qorunmağa bir dam örtüyü düzəldə bilməyəcəklərsə, əgər icra hakimiyyətinin qoçuları hər an onun ailə üzvlərini qorxu-təlaş, həyəcan içərisində saxlayacaqlarsa, hətta onları ölümlə belə təhdid edəcəklərsə, o zaman həmin əsgər kimi və nəyi qoruyur? Axı, əsgərlərə deyirlər ki, ata-ananı, bacını qoruyursan. Əgər onun anası Sumqayıt şəhər İcra Hakimiyyətinin qoçularının tapdağı altındadırsa, o niyə xidmət edir?

Redaksiya olaraq, həmin şikayəti yerində araşdırmaq qərarına gəldik. “Gözdən-könüldən” uzaq olan həmin yaşayış massivinə yollandıq. Bərbad yollarla saat yarım irəlilədikdən sonra nəhayət ki, həmin “evi” tapdıq. Əgər buna ev demək mümkünsə. Yayın “oğlan” çağında 45 dərəcə istiliyin altında qap-qara qaralmış ər-arvadı görəndə ürəyimiz ağrıdı. Onlar, qoçular tərəfindən uçurdulmuş evdə, “Suriya” qaçqınları kimi yaşayırlar. Gördüklərimiz bizi dəhşətə gətirdi. İlahi, iyirmi birinci əsrdə insanları “Robinzon Kruzo” kimi yaşamağa vadar ediblərmiş. Bu haqda növbəti yazılarımızda oxuya biləcəksiniz ...

Şikayətçiləri dinləyirdik ki, qoçu dəstəsinin başçısı “Nəsimi” gəlib çıxdı. Çatan kimi qabaqdangəlmişlik etməyə, şikayətçilərə qışqırmağa, bağırmağa onlara “ev sahibliyi” etməyə başladı. Biz özümüzü təqdim edərək, ona səsinin tonunu aşağı salmağı, vətəndaşları qorxu-ürkü içində saxlamamağı, etikalı olmağı məsləhət gördük. Eyni zamanda ona izah etməyə çalışdıq ki, icra hakimiyyətinin müvafiq şöbəsindən yeni ev tikənlər icazə almalıdır. Bu ev düz on ildir ki, mövcuddur. Bütün komunal xərcləri ödəyir. Komunal ödənişlərin qəbzləri var. Ev sahibləri sadəcə olaraq, məcburiyyət qarşısında dam örtüklərini yeniləmək istəyir. O isə, çox səviyyəsizcəsinə, həyasızcasına bizə qarşı gəlməyə, Azərbaycan mətbuatı, jurnalistləri haqqında nalayiq ifadələr işlətdi. Lakin “qəhrəmanımız” birdən çəkiliş qrupumuzun kameralarını gördü və “dabanına tüpürərək” havadarlarının yanına xəbər aparmağa “qaçdı”.

P.S. Şikayəti işıqlandırmağa hazırlaşarkən məlumat əldə etdik ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, şikayətçi ailə başçısı Əmirxanı, problemini mətbuata çıxardığına görə, ictimailəşdirdiyinə görə, “ilişdirməyə”, həbs etdirməyə hazırlıq görürlər. Biz “Araz Media” Qrupu olaraq, onları bu çirkin əməllərindən əl çəkməyə çağırır və həmin ailənin redaksiyamızın xüsusi nəzarətində olduğunu bildiririk. Ailənin qarşılaşacağı hər hansı zorakılığı dərc edərək, Azərbaycan rəhbərliyinə və dünyanın demokratik təsisatlarına çatdıracağımızı bildiririk.

Məsələ həllini tapanadək mövzunu gündəmdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ