SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrük sistemində Aydın Əliyev ab-havası...

Gömrük sistemində Aydın Əliyev ab-havası...

Tarix:

6-08-2018, 12:01

/ 1 414 dəfə oxundu.
Gömrük sistemində Aydın Əliyev ab-havası...

Azərbaycanı sərhəd qonşularına birləşdirən keçid məntəqələrində problemlər bitmək bilmir. Əsasən Rusiya sərhədində yerləşən Samur gömrük- keçid məntəqəsi və Gürcüstan sərhədində yerləşən "Sınıq körpü"də dəhşətli mənzərə yaranır.Demək olar ki, ölkənin giriş-çıxış qapısında insanları çilədən çıxarmaq üçün hər şey var. Burada yaranan problemin operativ şəkildə həllindən isə danışmağa dəyməz. Azərbaycan gömrükçülərinin həddən artıq ləng işləməsi qarşı tərəfin də işinə əngəllər törədir. Bəzən neytral zonadakı bütün xətlər maşınlarla dolduğundan, qonşu ölkənin gömrükçüləri də məcbur qalıb maşınları buraxmır.

Keçid məntəqələrindən nəqliyyat vasitələrinin ləng buraxılması bir yana, piyada keçidi belə doğru-düzgün tənzimlənmir. Bəzən 7-8 saatdan çox tıxacın yaratdığı mənzərə dözülməz həddə çatır.Vətəndaşlar deyir ki, sərhəd məntəqəsindən keçidin açarı təkcə qanunlardan keçmir. Sərnişinlərin sözlərinə görə, sərhəd-keçid məntəqəsində ən dözülməz vəziyyət bir aydan sonra, tətil bitib dərslər açılanda yaşanacaq.

Dövlətin strateji sahələrindən biri kimi gömrükdə də islahatların aparılması gözlənilirdi və hələ də ümidlər üzülməyib. Bu versiyanın tərəfdarlarının fikrincə, Dövlət Gömrük Komitəsinə yeni təyin olunan sədr Səfər Mehdiyev bu posta gətiriləndən sonra köhnə problemlər həllini birdəfəlik olmasa da, axır ki, tapacaq. Lakin keçən müddət ərzində gömrük sistemində nəzərəçarpacaq müsbət dəyişiklik hələ ki, hiss olunmadı. İslahatların ləngiməsi sabiq gömrük sədri Aydın Əliyevin trendini - qeyri-şəffaf vəziyyəti hələ də qoruyub-saxlayır. Nə ölkəyə gətirilən malların qeydiyyat prosesi sadələşdirildi, nə də vətəndaşlar, qonaqlar gömrük məntəqələrindən maneəsiz keçə bilirlər. Mütəxəssislər gömrükdə kadr dəyişkliyinin hələlik müsbət dəyişiklik yaratmadığını deyir. İqtisadçılar hesab edir ki, gömrük sahəsində müsbət dəyişikliklər üçün ilk növbədə strukturun idarəetmə sistemində ciddi islahatlar və ixtisarlar aparılmalı, bu postlara sahə mütəxəssisləri gətirilməlidir. Ən əsası da sərhəd-gömrük məntəqələrindəki monopoliya aradan qaldırılmalıdır.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki,statistika ölkəmizdə yüklərin gömrük rəsmiləşdirməsinin ortalama 2 iş günü ərzində həyata keçirildiyini göstərir: “Yüklərin 80 faizinin 1 gün müddətində rahat rəsmiləşdirildiyi deyilsə də, digər qismi isə bir sıra bəhanələrlə 2 ay müddətində gömrükdə saxlanılır və ya ölkəyə heç buraxılmır. Gömrükdən keçirilən bütün ticari yükləri tranzit (flow goods) və layihə (design goods) olaraq iki yerə qruplaşdırsaq, görərik ki, məhz layihə yüklərin rəsmiləşdirilməsi gecikdirilir. Tranzit mallar - həmcins və ya oxşar mallardır ki, ölkəmizdəki bəlli bir neçə monopolist şirkət tərəfindən eyni müqavilə çərçivəsində müntəzəm olaraq təchizatı həyata keçirilir. Layihə mallar - mürəkkəb daşınma xüsusiyyətləri, qeyri-trivial təsnifatı, göndəricilərin geniş coğrafiyası və s. baxımından ilk və ya birdəfəlik çatdırılmalardır. Gömrük münasibətlərinə nəzər salsaq, görərik ki, ilk kateqoriya yüklərə nəzarət olunmadan belə bəyannamələri möhürlənir, yəni onlara hər zaman yaşıl işıq yanır - deyə bilərik. Ancaq görünüşcə “yeni” bir bəyannamə həmən diqqəti cəlb edir, təxirə salınır, günlərlə növbələrdə gözləmə məcburiyyətində buraxılır. Beləcə, kiçik və orta sahibkarlar, sadə vətəndaşlar gömrükdəki tıxaclarda həm vaxt itkisinə, həm də zərərə məruz qalırlar.

Məsələn, qonşu Gürcüstanda milyarder Bidzina İvanişvilinin hakimiyyətə gəlməsindən sonra yüklərin gömrük nəzarətinə diqqətin artırıldığını deyilir. Müasir texnologiya və əməliyyat xidməti ilə təchiz olunmuş Gürcüstan Gömrük Xidməti dəfələrlə həm vətəndaşların, həm də şirkətlərin müsbət təqdirini qazanıb. Burada gömrük rəsmiləşdirilməsi əməliyyatı minimum 6 dəqiqə, maksimum 2 saata qədər vaxt alır. Gömrük rəsmilərinin bildirdiyinə görə, bəzi yüklər qırmızı zolağa yerləşdirilir və hərtərəfli yoxlanılır. Yaranmış bir sıra xırda problemlər onunla əsaslandırılır ki, əvvəlki statistikaya görə, yüklərin qırmızı zolağa düşmə ehtimalı 5-10 faiz idisə, hazırda bu nisbət bir qədər artıb. Məhz Bidzina İvanişvilinin hakimiyyətə gəlməsindən sonra bəzi siyasi təzyiqlərdən dolayı satınalma və lojistika ilə məşğul olan bir sıra şirkətlərin gömrükdə xırda çətinliklərlə üzləşdiyi bildirilir. Yəni, əvvəllər yüklər gömrükdə texniki yoxlamadan keçirilirdisə, hazırda taktikada bir qədər dəyişiklik edilib. Əsasən hakim dairələr xüsusi layihələr üçün xaricdən satın alınan tele, audio və videoavadanlıqların təşviqat məqsədilə istifadə edilə biləcəyini düşünürlər”.

“Yük maşınlarının təkcə açılması 4 saatdan artıq vaxt alır”

Analitik qeyd edib ki, Azərbaycanda həm idxalla məşğul olanların, həm də ixracatçıların gömrükdə müntəzəm olaraq çətinliklərlə üzləşməsi dəyişilməz gerçəklikdir: “İstər ixracatçı, istər idxalçı şirkətlər və istərsə də sadə vətəndaşlar ilk növbədə gömrük rüsumlarının tez-tez dəyişdirilməsindən, nəqliyyat infrastrukturunun kafi səviyyədə olmamasından, gömrük postlarında xidmət səviyyəsinin çox aşağı olmasından, bürokratiya və korrupsiya hallarından, icazə üçün sənədlərin sayının çoxluğundan, malların mənşəyini müəyyən edən dəqiq qaydaların olmamasından, malların gömrük dəyərinin qeyri-şəffaf müəyyən edilməsindən şikayətlənirlər.Əlverişsiz xarici valyuta tənzimlənməsi, ƏDV-nin qaytarılması üçün qeyri-şəffaf mexanizm isə problemin digər tərəfidir.Hesab edirəm ki, biznesimizin gömrükdə bu kimi problemlərə məruz qalmaması üçün gömrük islahatları və ümumilikdə təşkilati strukturun dəyişdirilməsi mütləqdir. İlk növbədə, gömrük yoxlanışları üzrə operativ və professional xidmət verə biləcək hüquqi şəxslər təsis edilməlidir.

Qənaətimcə, bu sahə üzrə keyfiyyətli xidmət göstərə biləcək sahibkarların gömrük təşkilatının strukturuna cəlb olunması daha məqsədəuyğun olar. Çünki gördüyünüz kimi, illərdir dövlət qurumlarının bu işin öhdəsindən gələ bilmədiyi göz qabağındadır. Gömrük əməkdaşlarının özbaşnalıqlarından dəfələrlə deyilsə də, problemin aradan qaldırılması üçün heç bir real addım atılmayıb. Beləcə, dövlət qurumlarının əməkdaşlarının sayı azaldılaraq, yerinə operativ əməliyyat heyəti yerləşdirilə bilər ki, nəticədə bir tərəfdən qaçaqmalçılıqla tez və effektiv mübarizə aparılmış olar, digər tərəfdən isə gömrük orqanlarının bəzi vəzifəli şəxslərinin özbaşnalıq və korrupsiya hallarına son qoyular. Beləliklə də, ölkədə dürüst biznes mühiti formalaşdırmaq mümkün olar. Məqsəd bütün texniki vasitələrlə təchiz edilmiş və yüksək professional xidmət edən gömrük orqanının yaradılması olmalıdır”.

Vüsalə Əhmədova hesab edir ki, gömrükdə idarəetmə prinsipləri, kadr siyasəti, infrastruktur və nəzarət prosedurları kökündən dəyişdirilməlidir: “Malların gömrük rəsmiləşdirilməsi üçün "vahid pəncərə" sisteminə keçid təmin edilməlidir. Məsələn, hazırda gömrük bəyannamələrinin elektron qaydada doldurulması həyata keçirilsə də, gömrükdə sənədlərin bir qismi (mənşə sertifikatı, gigiyenik sertifikat, hesab-faktura, qablaşdırma sənədi, hər cür spesifikasiyalar və s.) yenə də kağız formasında tələb olunur. Bu kimi sənədlər skan edilərək elektron qaydada sistemə yüklənilməlidir, gömrük nəzarət xidməti isə sistemə daxil olaraq onlara baxış həyata keçirə bilər. Digər tərəfdən də gömrüyümüzdə heç fitosanitar və radioloji xidmət kifayət qədər maddi-texniki bazaya malik deyil. "Vahid pəncərə" sistemində nəzarətin həyata keçirilməsi üçün maksimum müddət 4 saat nəzərdə tutulmalıdır. Gömrük işçiləri və nəzarətçilər hazırda bu prosesin uzadılması üçün istənilən variantlara əl atırlar. Yük maşınlarının təkcə açılması hələ 4 saatdan artıq vaxt alır”.

“Gömrük orqanlarına təsir imkanları aradan qaldırılmalıdır”

Ekspertin qənaətincə, korrupsiya halları ölkənin iqtisadi və milli təhlükəsizliyi üçün ciddi təhlükə olub və qalacaq da: ““Transparency International” kimi nüfuzlu beynəlxalq təşkilatın reytinqlərinə görə, korrupsiya halları yaşanan ölkələr arasında Azərbaycan da var. Nəzərə alsaq ki, gömrük orqanları dövlət büdcəsinin formalaşmasında, milli təhlükəsizliyin, sərhəddən keçən mallara və nəqliyyat vasitələrinə nəzarətin təmin olunmasında mühüm rol oynayır, gömrük orqanlarında korrupsiyanın təzahürü ölkənin iqtisadi təhlükəsizliyinə ciddi ziyan vuran amillərin başında gəlir. İlk növbədə bəzi dairələrin gömrük orqanlarına təsir imkanları aradan qaldırılmalıdır. Gömrük əməkdaşlarının hüquq-mühafizə orqanları və ya bu dairələrin təsiri altına düşməsi korrupsiya hallarının yaşanmasını qaçılmaz edir”.

Vüsalə Əhmədova hesab edir ki, gömrük orqanlarında korrupsiyaya qarşı mübarizənin əsas yollarından birincisi, kadr seçimində ədalətli davranmaqdır: “Namizədlərin mənəvi və işgüzar keyfiyyətlərini öyrənmək üçün mövcud psixoloji metodlar istifadə edilməlidir. Yalnız idarəetmə işçilərinin deyil, gömrük orqanlarının vəzifəli şəxslərinin də rotasiyası həyata keçirilməlidir. Sənədləşmə işlərinin elektron qaydada icrası, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlığının artırılması və bu sahəyə peşəkar təşkilatların cəlb edilməsi vacibdir. Beləliklə, gömrük sahəsində korrupsiyaya qarşı mübarizə üzrə işlər hərtərəfli və sistemli şəkildə həyata keçirilməli, təşkilati, iqtisadi, hüquqi, informasiya və kadr xarakterli kompleks tədbirlər görülməlidir”.

Şərhlər

XƏBƏR LENTİ