SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Özümüzü Binəqədi Bələdiyyəsinin qarşısında yandıracağıq”

“Özümüzü Binəqədi Bələdiyyəsinin qarşısında yandıracağıq”

Tarix:

2-08-2018, 09:38

/ 1 331 dəfə oxundu.
“Özümüzü Binəqədi Bələdiyyəsinin qarşısında yandıracağıq”

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Pərvanə Orucəli qızı Səfərova redaksiyaya məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Uzun illərdir haqqımızı tələb etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisinə, Bakı Şəhər Prokuroruna, Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə və Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığımız çoxsaylı şikayət məktubları heç bir müsbət nəticə vermədiyinə, problemimiz ört-basdır edildiyinə görə, məsələni ictimailəşdirmək qərarına gəldik. Ümidimiz qəzetinizin köməyi ilə səsimizi dövlət başçısına çatdırmaqdır.

Nəzərinizə çatdırım ki, biz ailəliklə 1960-cı ildə o vaxtkı Ermənistan SSRİ-nın Qafan rayonundan Bakıya köçmüşük. Respublikanın o vaxtkı birinci katibi mərhum Heydər Əliyevin boş sahələrin, yəni yararsız torpaqların abadlaşdırılması haqqında verdiyi qərara müvafiq olaraq, uzun müddət Binəqədi rayonu Xocasən qəsəbəsində əvvəllər məktəb direktoru, sonra isə müəllim işləyən atam Orucov Orucəli Əli oğluna fərdi yaşayış evi və bağ sahəsi salmaq üçün 30 sot torpaq sahəsi verilmişdi.

Biz ailə quranda həmin torpaq sahəsi ailəmizə hədiyyə edildi. Biz də ailə üzvlərimizlə birgə həmin daşlı-çınqıllı ərazini təmizlədik, oraya 100 kamaza yaxın torpaq tökdürüb yarğanları doldurduq və yararlı hala saldıq, əkib-becərdik, yaşamaq üçün ev də tikdirdik.

Artıq 34 ilə yaxındır ki, ailəmizlə birlikdə adı çəkilən ərazidə, yəni Binəqədi Rayonu Xocasən Bələdiyyəsi, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yaşayırıq. 34 il əvvəl evimizə qaz, su, işıq və kanalizasiya xətti çəkdirmişik. Hazırda həyətimizdə yaşı 40-a çatan 200-dən çox müxtəlif meyvə ağacı var.

Mən, Səfərova Pərvanə Orucəli qızı, 33 ildir 103 saylı Xocasən Orta Məktəbində müəllimə işləyirəm. Həyat yoldaşım Səfərov Baba Səfər oğlu uzun müddətdir xəstədir, ailəmizin maddi vəziyyəti qənaətbəxş deyil.

Qəribəsi odur ki, 2005-ci ilə qədər ailəmiz tərəfindən torpaq ərazisinin tutulduğu və ərazidə ev tikildiyi ilə bağlı heç bir etiraz və narazılıqla qarşılaşmamışdıq. Amma 2005-ci ildə bir nəfər gələrək bildirdi ki, guya bizim yaşadığımız ərazı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 2005-ci il tarixli Qərarı ilə ona verilib. Biz bununla bağlı Binəqədi rayon Xocasən Bələdiyyəsinə etiraz etdikdə Bələdiyyənin və İcra Nümayəndəliyinin bir neçə əməkdaşı və torpağın ona məxsusu olduğunu iddiaq edən şəxslə onun adamları bizə qarşı təzyiq göstərdi, ailə üzvlərimizi, xəstə həyat yoldaşımı döyərək onlara xəsarət yetirdilər.

Biz də dərhal Respublikanın Daxili İşlər Nazirliyinə, Binəqədi rayon Prokurorluğuna və polis bölməsinə rəsmi qaydada müraciət etdik. Araşdırılma aparıldığı haqda bizə məlumat verilsə də, sonda heç bir tədbir görülmədi(Daxili İşlər Nazirliyinin 21.04.2006-cı il tarixli məktubunun surətini o zaman şikayətimə əlavə etmişdim, hazırda da sənədin surətləri özümdədir).

Haqqımızı tələb etdiyimizə görə, bizə qarşı kampaniyaya başlanıldı, bizi susdurub ailəmizə madii zərbə vurmaq məqsədi ilə 2006-cı ildə bir baş inəyimiz oğurlandı. Daha sonra 64 baş qoyunumuzu zəhərləyib öldürdülər, bununla da təsərrüfatımıza xeyli ziyan vurmuş oldular. Bu barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsək də, heç bir nəticə əldə edə bilmədik.

Bütün bu hadisələrdən sonra bir müddət nisbi sakitlik yarandı, amma bu il Zaur adlı şəxs 5-6 nəfər əlillə birgə 90 PK 186 dövlət nömrə nişanlı “OKA” markalı avtomobillə evimizə gələrək bizi hədələdi və bildirdi ki, torpağımız bələdiyyənin 2006-cı il tarixli qərarı ilə ona verilib. Bu dəfə də bizə qarşı şiddət göstərdilər, müxtəlif xəsarətlər aldıq.

Bir müddət sonra Zaur adlı şəxslə birgə evimizə gələn əlillərdən bir neçəsi bizdən üzr istədi və söylədi ki, “bizi aldadıb sizə gətiriblər, sizə qarşı haqsızlıq etmişik, bizi bağışlayın”. Hətta əlillərdən biri bildirdi ki, “bu cür işlər üçün bizə hər dəfə 100 manat haqq verilir”.

Zaur adlı şəxs dəfələrlə evimizə gəldi və bizə bildirdi ki, torpağımız ona məxsusdur, ərazini 120 min manata alıb. Bizə buruqların yanında 0,8 sota yaxın torpaq sahəsi ayırıb verməyi təklif etdi. Bizi hədələdi ki, yaşadığımız ərazini xoşluqla tərk etməsək, bu işin axırı bizim üçün yaxşı olmayacaq. Ona cavab verdik ki, “bizə təklif etdiyin ərazini özünə saxla. Deyəsən sənin qanunlardan xəbərin yoxdur, kiməsə arxayın olub çirkin oyun oynayırsan, bu özbaşınalığa, hegemonluğa son qoy, yoxsa aidiyyatı qurumlara şikayət edib, sənin əməllərin barədə məlumat verəcəyik”. O isə əhvalını pozmadan bildirdi ki, “hara istəyirsiniz yazın, mən heç kimdən qorxmuram, öz gücümə inanıb bura gəlmişəm, pulum var, indi hər şeyi pul həll edir”.

Zaur adlı şəxs torpağın sahibi olduğunu təkidlə iddia etsə də, istinad etdiyi Binəqədi rayon Xocasən Bələdiyyəsinin 05.08.2016-cı il tarixli 08/03 saylı Qərarında torpaq sahəsinin Zaurun deyil, Məmmədov Sabit Rasim oğlunun adına rəsmiləşdirildiyi qeyd edilib.

Zaura etirazımızı bildirəndən sonra, Binəqədi rayon Bələdiyyəsinin sədri, bu günədək ailəmizin başına min bir oyun gətirən Anar Abbasov Zaurla birgə evimizə gəldi və məni bələdiyyədəki iş otağına apardı. Orada mənə dedi ki, “gəl xoşluqla bu məsələni yoluna qoyaq. Bu məqsədlə mənə əvvəlcə 1000, sonra 3000, daha sonra isə 5000 manat pul təklif etdi və söylədi ki, bu pulu götür, torpağın halalığını ver get. Sən kiminlə baş-başa gəldiyini bilmirsən”.

Ona cavab verdim ki, “mən hüquqlarımı tələb edirəm, sizin qərarınız saxtadır, əgər qanunla hərəkət etsəydiniz, bu cür yollara əl atmaq əvəzinə, məhkəməyə müraciət edərdiniz. Neçə illərdir, mənə məxsus ərazidə min bir əzab-əziyyətlə yaşıllıq salmışam, meyvə ağacları əkmişəm, bu günə qədər vergiləri də vaxtlı-vaxtında ödəmişəm. Artıq 34 ildir ki, adı çəkilən ərazinin faktiki sahibiyəm, o torpağın hüquqi sahibi olmaq haqqımdır. Əgər qanunla hərəkət edirsinizsə, nə üçün dəfələrlə müraciət etməyimə baxmayaraq, həmin torpağın mənim istifadəmə verildiyi haqda qərar çıxarmırsınız?” Bu sözlərimdən sonra mənə yenidən hədə-qorxu gələrək, “get fikirləş, ağıllı ol, qərarını ver”, - dedilər.
(Ardı var)

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ