SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » SƏFƏROVLAR SÜLALƏSİNİN İNTERNAT EVİNƏ HÜCUMU

SƏFƏROVLAR SÜLALƏSİNİN İNTERNAT EVİNƏ HÜCUMU

Tarix:

1-08-2018, 12:08

/ 1 495 dəfə oxundu.
SƏFƏROVLAR SÜLALƏSİNİN İNTERNAT EVİNƏ HÜCUMU

Saray qəsəbəsindəki fiziki və əqli qüsurlu uşaqlar üçün 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunmalıdırlar. 405 yerlik internat evində hazırda 125 nəfər uşaq yaşayır. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə internat, aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. İnternat evində yataq və qidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilmiş, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri, konfrans, idman və musiqi zalları fəaliyyət göstərir. Uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinələrinin, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklərin yaradıldığı internat evində dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi — de-istitusionallaşdırma məsələsi ilə bağlı işlər görülür və artıq bir çox uşağın doğma ailələrinə qovuşmasına nail olunub. Di gəl, Əmək və Əhalinin Sosial Müdafiəsinin nəzdində olan 405 yerlik, hazırda 125 nəfər uşağın yaşadığı bu müəssisədə dövlətin qayğısı «qayçılanır». Direktor Pərvanə Səfərova burada sözün əsl mənasında korrupsiya çetesi yaradıb. Belə ki, bu çetenin əsas üzvlərindən olan baş təsərrüfatçı Zeynəb Hacıyeva internata gələn əti və digər ərzaq məhsullarını sürücü Əhmədin vasitəsilə daşıtdırıb mağazalarda satdırır. Zeynəb həmçinin uşaqların əksəriyyətinə verilən pensiya müavinət kartını özündə saxlayıb pulu bankomatdan özü çıxarır və direktora verir. Uşaqlara normativə görə günərzi 4 dəfə xörək bişirilməli halda, cəmi 1-2 dəfə keyfiyyətsiz ətdən hazırlanmış şorba verilir. İkinci növ xörək isə ümumiyyətlə bişirilmir. Direktor P. Səfərova anbara nəzarəti öz xalası qızına etibar edib, o isə öz növbəsində deyilənə görə həqiqi mənada yezidliklə məşğuldur. İnternatın içindəki informatorun verdiyi məlumata görə, uşaqlara verilməyən yeməyin anbarda qalıb xarab olduğu hallar da olur. Hətta azyaşlılar üçün pampers bezləri də aptek və dükanlarda satdırılır. Antisanitariya ucbatından qoxudan otaqlara daxil olmaq olmur, iydən baş çatlayır. Uşaqların əyin-başları səliqəsiz, çirkə bulaşmış vəziyyətdə olur. Bildirilir ki, internata ayrılan vəsaiti mənimsəyən direktor haram kapital hesabına tez-tez özünə zinət əşyaları alır, hətta son vaxtlar qara rəngli bahalı avtomobil də alıb. Yay mövsümündə istirahətini Kislovodsk sanatoriyasında keçirir. İşdə olduğu müddətdə xüsusi kabinetində internata verilən süddən süd vannası qəbul edir. Məlumatda həmçinin bildirilir ki, uşaqları müayinə edən tibb bacısı da xanım direktorun dayısı qızıdır ki, o da öz vəzifəsinin öhdəsindən gəlmir. Təsərrüfat müdirinin də direktorun qohumu olduğu deyilir. Dərman preparatlarının özünü deyil, əvəzində həmin dəyərdə pulu alırlar. Direktor bütün bu maxinasiyaları Nazirliyin ondan pul istəməsi ilə əlaqələndirir. Ştat cədvəlində «ölü canlar mövcuddur. Guya sanitar işləyən, çörək bişirən Fazilə adlı qadın aylarla işə gəlmir, amma aybaay maaşını alır. Halbuki internata çörəyi normativdən az kəmiyyətdə pulla alırlar. İşləmədiyi halda məvacib alanlardan biri də Fazilənin qardaşı bərbər Nofəldir. Demaqoq adam sayılır deyə bayram və əlamətdar günlərdə ətindən tutmuş digər ərzaq payına qədər evinə göndərilir. Məlumata görə, baş mühasib Gülsura qızını yanında mühasib işlədir. Bilinmir rəsmi işçidir, yoxsa qeyri-leqal. İnteranatın idarəçiliyini faktiki olaraq Zeynəb Hacıyeva həyata keçirir. Direktor isə zəhmətsiz gəlir əldə edir, öz komfortlu otağında istirahəti ilə məşğuldur. Müəəsisədəki informatorumuz bildirir ki, işlədiyi müddət ərzində günlərlə direktorun üzünü görmür: «Direktor qoyun ətinin kilosunu 8-9 manata qəssablara verir, hər dəfə də 40-50 kilo birdən. Axşam saat 7-də işçiləri yola salandan sonra özü anbara düşüb maşını ərzaqla doldurub aparır və qohum-əqrəbasına pay-püşk edir». İnterat uşaqlarının ən yuxarı yaş həddi 18 olduğu halda burada 30-dan yuxarı yaşda sakinlər də var. Məsələn, 32 yaşlı Nəzakət və 36 yaşlı Elxan hələ də orada qalıb işləyirlər. Deyilənə görə internatda yaşayanların əksəriyyəti 18 yaşdan sonra orada məskunlaşmaq üçün 500-600 manat pul veriblər.Təxmin etmək asandır ki, onların əməyi qul kimi istismar olunur. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar təkcə dövlətin deyil, ictimai qurumların və ayrı-ayrı imkanlı şəxslərin də göstərdikləri qayğıdan yararlana bilmirlər. Hətta bəzi mənbələrin iddiasına görə, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən yardım dilənirlər.

Mənbənin verdiyi məlumatlara görə, Pərvanə Səfərovanı ƏƏSMN-də güclü əl qoruyur. Bu əlin adı nazirin katibi İqbal İnqilaboğludur. Nə vaxt oraya yoxlama gələndə bir neçə gün qabaq direktorun xəbəri olur ki, həmin ərəfədə kollektif səfərbər olur və «tam heyətlə gücləndirilmiş iş rejiminə keçirilir». Binəva xəstələr ömürlərində ən yaxşı günü elə həmin gün, komissiya gələn günü görürlər.

Qarşı tərəfin də mövqeyini öyrənmək üçün dəfələrlə Pərvanə Səfərova ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab vermədi. Bir neçə dəfə mühafizəçiyə və telefona cavab verən işçilərə telefon nömrəmizi saxlayıb suallarımıza cavab almaq istəsək də Pərvanə xanım məqalədə gedən suallara cavab verməkdən yayındı.

Odur ki, Pərvanə xanımın da mövqeyini dərc etməyə hazırıq.

İnanırıq ki, cənab Sahil Babayev yetm malına göz dikən bu qohumlararın internatda at oynatmalarının qarşısını alacaq və bu sülalənin internat evinə hücumunun qarşısını alacaq.

Mövzunu davam etdirəcəyik

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ