SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ƏƏSMN-də saxta pensiya oyunu: xidmət rəisi işə çıxmır, əməkdaşları isə onkoloji xəstələri təhdid edir

ƏƏSMN-də saxta pensiya oyunu: xidmət rəisi işə çıxmır, əməkdaşları isə onkoloji xəstələri təhdid edir

Tarix:

25-07-2018, 15:19

/ 1 496 dəfə oxundu.
ƏƏSMN-də saxta pensiya oyunu: xidmət rəisi işə çıxmır, əməkdaşları isə onkoloji xəstələri təhdid edir

Mənim bacım 4-cü mərhələ xərçəng xəstəsidir. Onu müalicəsi üçün Türkiyəyə apardıq. Hazırda Milli Onkologiya Mərkəzində qeydiyyatdadır və xəstəliyi ilə əlaqədar birinci qrup əlildir. Bu gün bilmişəm ki, bacıma Əlillərin Bərpa Mərkəzindən zəng gəlib. Onunla çox kobud danışıblar".

Bu sözləri telekanallardan birinin tanınmış əməkdaşı (Adını doğmasına görə açıq yazmırıq) sosial şəbəkədə yazıb.

Telejurnalist bildirib ki, zəng edən məmur bacısını hədələyib: "Deyib ki, gəlməsən, əlilliyə görə ödəniş dayandırılacaq (Ünvanı da Göz İnstitutun arxasında deyib). Zəng edən elə belə də deyib. Başqa sözlər də deyilib. Bu insan ağır xəstədir. Bu, nə rəftardır? Bu, necə danışıq tərzidir? O mərkəz xərçəng xəstəsini sağaldacaqmı? Bu xəstə insult, ürək və bu tip xəstələr siyahısına aid deyil axı. Siz kimsiz ki, bu cur ağır xəstələrlə belə rəftar edirsiniz?".

Jurnalist sual edib ki, o, bacısını hər kəsdən, o cümlədən bu tip ağır rəftardan qoruduğu halda, onun əsəbləri ilə niyə və nə üçün oynamalıdırlar:

"Onun nəyini reablitasiya edəcəksiz? Birincisi, gedin oz beyninizi müalicə edin! Xəstələrlə rəftarı öyrənin. Mənim bacım aylardır gəzə bilmirdi, sümüklərindəki metastaza görə. Indi səhifələrinə daxil olub, baxdım ki, heç onkoloji xəstəliyin adı yoxdur orada. O zaman niyə onkoloji xəstəni narahat edirsiz ki?!".

Mia.az araşdırıb ki, telejurnalistin bacısına edilən zəng Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müvafiq mərkəzi tərəfindən edilib:

"Həmin zəng nazir Sahil Babayevin saxta əlillk və qruplara görə pensiya təyinatı ilə bağlı səlahiyyət çərçivəsini aşan araşdırma tələbindən qaynaqlanır. Çox təəssüf ki, bu zaman nazirlik "qaş düzəltdiyi yerdə göz çıxarmaları"nın da fərqində deyillər.

Bəli, jurnalist ilk növbədə ona görə haqlıdır ki, heç bir məmur xəstə və ya adi vətəndaşla kobud danışa, onu təhdid edə bilməz.

İkincisi, hamı əla bilir ki, pensiya təyinatları Səhiyyə Nazirliyinin müvafiq epikrizləri əsasında təyin edilir. Yəni bunu dəyişdirmək və ya ona düzəliş etmək səlahiyyəti də ƏƏSMN-in rəhbəri Sahil Babayevlik deyil.

Üçüncüsü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin kurasiyasında onkoloji xəstələr, ümumiyyətlə, yoxdur. Belə olan halda, həmin xidmətin mərkəzin əməkdaşının belə təhdidvari zəngi tamamilə qanunsuz olmaqla yanaşı, həm də hüquqi məsuliyyət yaradır".

Məlumat verən mərkəzin əməkdaşlarından biri deyib ki, son həftələr xəstəlik sənədinə baxmadan belə zənglər ucdantutma çox adama edilib: "Təkrar edirəm, bu, sadəcə dərəbəylikdir, qanuni deyil və birmənalı olaraq, nazir Sahil Babayevin qanunsuz tələbindən qaynaqlanan özbaşınalıqdır.

Sizə onu da deyim ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov xəstədir, 5-6 aydır işə çıxmır. Bundan istifadə edən nazirliyin və xidmətin bəzi fürsətçil məmurları əndazəni daha da aşıblar. Yəqin ki, nazirlik buna, yəni telejurnalistin şikayətinə rəsmi münasibət bildirəcək".

Qeyd edək ki, telejurnalistin yazdığı şikayət xarakterli statusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir əvəzi Fazil Talıbov bir neçə jurnalist tərəfindən "tağ" edilsə də, o, məsələyə reaksiya verməyib.

Onu da bildirək ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov "Azərbaycan Dövlət Dəmir Yolları" ASC-nin rəhbəri Cavid Qurbanovun qardaşıdır.

O, bu vəzifəyə 2015-ci ilin aprel ayında sabiq nazir Səlim Müslümov tərəfindən təyin edilib.

Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarətdir.

Şərhlər

XƏBƏR LENTİ