yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Abituriyentlər iki ciddi faktla üz-üzə: Universitetlərdə tələbə "aclığı" başlayıb

Abituriyentlər iki ciddi faktla üz-üzə: Universitetlərdə tələbə
18-07-2018, 16:38 479 dəfə baxılıb

Abituriyentlərin əksəriyyəti niyə Azərbaycan universitetlərində təhsil almaq istəmir?
Daha bir tədris ilinə yekun vuruldu. Təhsil Nazirliyi də tədris ilinin yekunu ilə bağlı illik hesabat verdi. Hesabatda maraqlı statistika açıqlandı. Bildirildi ki, 2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəblərə qəbul olunmaq üçün ərizə verib.

Bu göstəriciyə əsasən deyə bilərik ki, ötən illərlə müqayisədə bu il ali təhsil ocaqlarına qəbul olunmaq üçün müraciət edənlərin sayında əhəmiyyətli dərəcədə (23 588) azalma müşahidə olunur. Belə ki, 2014-2015-ci tədris ilində 97 362, 2015-2016-cı tədris ilində 93 116, 2016-2017-ci tədris ilində 89 444 nəfər ali məktəblərə ərizə vermişdi. Rəqəmlərə diqqət yetirdikdə aydın görünür ki, ali məktəblərə qəbul üçün ərizə verənlərin sayı ildən-ilə mütəmadi olaraq azalır.

Sputnik Azərbaycan bu azalmanın səbəblərini araşdırmağa çalışıb. Təhsil eksperti Kamran Əsədov bildirib ki, məzunların sayı azalsa da, ali məktəblərin plan yerlərinin sayı artır: "Son 8 il ərzində birinci sinfə gedən şagirdlərin sayı artsa da, XI sinfi bitirən şagirdlərin sayı 11% azalıb. Bir neçə ilin statistikasına görə, 2010-dan 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb. 2010-cu ildə 97328 nəfər olan məzun sayı 2014-də 84878-ə, 2018-də isə 82 minə qədər düşüb".

"2015-ci ildə məzun sayı 3486 nəfər artsa da, 2016-da bu rəqəm 1212, 2018-də isə 1500 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayında özünü göstərir. Ümumiyyətlə, 2010-cu illə müqayisədə 2016-da məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib" — deyə Əsədov əlavə edib.

Ekspert onu da vurğulayıb ki, hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbul olma şansını artırır: "2018-cı ildə təklif olunan yer sayı keçən ilə nisbətən 7,5% və ya 2905 yer artıb. 2010-da qəbul planı 30510, 2011-də 31419, 2012-də 34098, 2013-də 36537, 2014-də 37841, 2015-də 38831, 2016-da 41736 olub. 2018-ci ildə isə, artıq 45 min yer olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin şansını çoxaldır".

K.Əsədov bu şəraitdə abituriyent sayının azalmasının səbəblərinə də aydınlıq gətirib: "Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ərizə verənlərin sayının azalmasının əsas səbəbi DİM tərəfindən keçirilən imtahanların qiymətinin baha olmasıdır. Digər səbəbləri ölkədə fəaliyyət göstərən universitetlərdə təhsil haqqı məbləğinin yüksək, təhsilin keyfiyyətinin isə aşağı səviyyədə olmasıdır. Buna görə də məzunların əksəriyyəti xarici ölkələrdə təhsil almağa çalışır".

Təhsil eksperti Məlahət Mürşüdlü də bu məsələnin ciddi araşdırılmalı olduğunu düşünür: "Azərbaycan universitetlərinin 85 faizində təhsil ödənişlidir. Ona görə abituriyentlər arasında araşdırma aparılmalı, sorğular keçirilməlidir ki, problemin kökü tapılsın. Abituriyentlərin Azərbaycan universitetlərinə hansı səbəbdən maraqlarının olmadığı öyrənilsin".
Xanım ekspert müşahidələri nəticəsində o qənaətə gəlib ki, bəzi ailələrin Azərbaycan universitetlərini seçməməsinin səbəblərindən biri təhsil haqqının yüksək olmasıdır: "İkinci məsələ isə, Azərbaycanda ali məktəbə qəbul olmağın çətinliyidir. Ona görə də abituriyentlər xarici ölkələrə, xüsusilə Türkiyə universitetlərinə üz tuturlar. Orada qəbul çox asandır, oxumaq isə xeyli çətindir. Bizdə isə qəbul çətindir, oxumaq asan. Təhsil Nazirliyi bu məsələni araşdırmalı və problemin həlli yolunda müəyyən addımlar atmalıdır".

Təhsil ekspertlərinin məsələ ilə bağlı düşüncələrini soruşduqdan sonra qərara gəldik ki, bu barədə xaricdə ali təhsil almış və ya alan tələbələrin də fikirlərini öyrənək. Hansı səbəbdən ali təhsil almaq üçün xarici ölkələrin universitetlərini seçdiklərini soruşaq.

Hazırda Qazaxıstanın Türküstan şəhərində yerləşən Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetində ali təhsil alan Ruslan Cahangirli bildirdi ki, həmin ali məktəbi seçməkdə başlıca səbəb təhsilin tamam ödənişsiz olmasıdır: "Əlavə olaraq, burada təhsil alan tələbələr üçün nəzərdə tutulmuş Qazaxıstan və Türkiyə dövlətlərinin təqaüd proqramından da yararlanmaq mümkündür".

"Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, 4-5 il boyunca təhsil aldığın ölkədə həm də o ölkənin dilini öyrənmək üçün böyük şans yaranır. Təhsil aldığın coğrafiyanın da sənə qazandırdıqları az olmur. Təhsillə yanaşı, həm də böyük təcrübə əldə etmiş olursan. Fərqli dünya görüşünə yiyələnirsən. Bütün bunlar da hər bir gəncin gələcək həyatında əhəmiyyəti rola oynayır" — deyə Ruslan Cahangirli əlavə etdi.

Orta və magistratura təhsilini Almaniyada almış Rəşad Quliyev isə seçimini belə əsaslandırdı: "Ailəm ilə Almaniyada yaşadığım üçün orta məktəbi Almaniyada bitirmişəm. Lakin daha sonra vətənə qayıdaraq təhsilimi Bakı Dövlət Universitetində davam etdirmişəm. Magistr təhsilimi isə yenidən Almaniyada aldım. Buna səbəb isə Avropaya inteqrasiya, geniş biznes əlaqələri, iş imkanlarıdır. Və təbii ki Avropada yaşayan insan üçün bu təhsil yaxşı karyera qurmaq imkanı verir".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ