SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Agentliyin 10 günü və narazı qalan mütəxəssislər: - Qurum işçilərini necə seçir?

Agentliyin 10 günü və narazı qalan mütəxəssislər: - Qurum işçilərini necə seçir?

Tarix:

13-07-2018, 10:26

/ 1 410 dəfə oxundu.
Agentliyin 10 günü və narazı qalan mütəxəssislər: - Qurum işçilərini necə seçir?

Qida Təhlükəsizliyi Agentliyi (QTA) 20 illik mütəxəssisi işə qəbul etmir.

Bu iddia ilə “Cümhuriyət” qəzetinə Azərbaycan Kənd Təsərrfatı Nazirliyi yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutunun (BETİ) mütəxəssisi Əbülfət Əliyev müraciət edib. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi İnstitutunda Publik Hüquqi şəxs və ya təlimatçı kimi onun yararlı olduğu bildirilsə də, sonradan qurum mütəxəssisi işə götürməkdən imtina edib. Mütəxəssis niyə geri qaytarılıb?

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan baytarlığa aid bəzi səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib. Bu səbəbdən də Əbülfət Əliyev Agentliyə işə qəbul üçün CV göndərib: “Bizim çalışdığımız idarə Qida Təhlükəsizliyinin səlahiyyətlərinə verilib və ayın 2-dən etibarən fəaliyyətdədir. Amma bugünkü gün mən hələ də işə gəlirəm və hər gün tabelə imza atıram. Bilinmir ki, bizim aqibətimiz necə olmalıdır. 3 ay əvvəl Agentliyə CV göndərdim və mənə bildirildi ki, sizi Qida Təhlükəsizliyi İnstitutu fəaliyyətə başlayan kimi çağıracağıq. Lakin gözlədim, çağıran olmadı. CV -nin surəti ilə Qida Təhlükəsizliyi Agentliyinə üz tutdum. Göstəriş verildi ki, QT-İnstitutunda Natiq müəllimlə görüşüm. Natiq müəllim isə məni kadrlarlarla işləyən Gülnarə xanıma yönləndirdi. CV-ni ona verməyi və görüşməyimi bildirdi. Gülnarə xanım isə müsabiqədən keçməli olduğumu söylədi və Agentlikdə Mehman müəllimlə görüşməli olduğumu bildirdi. Yalnız onun rəyindən sonra məsələyə baxılacaq”.

“Laboratoriya mütəxəssisi başqa necə olur?”

Şikayətçinin sözlərinə görə, Agentlikdə onlara laboratoriya mütəxəssisi lazım olduğu bildirilib: “Düşündün ki, mənim də 20 illik laboratoriya işlərində təcrübəm var. Ona görə də qurum belə mütəxəssisi əldən buraxmaz. Baytarlıq Elmi-Tədqiqat İnstitutunda bruselyoz üzrə tədqiqatçıyam. O sahədə respublikada bir nömrəli mütəxəssisəm. Yalnız Mehman müəllim və işçilər bruselyoza dair elmi yeniliklərlə maraqlandılar. Əlavə bir sual verilmədi. Nə də əks fikir söylənmədi. Müsabiqədən çıxanda “sualınız varmı? ” deyə soruşdum, yoxdur - dedilər. Ertəsi gün QT-institutuna təkrar gəlib Gülnarə xanımla görüşdüm. Bildirdi ki, Mehman müəllim deyib ki, bruselyoz üzrə güclü mütəxəssisdi, lakin laboratoriya üçün yaramır. Bildirdim ki, Mehman müəllim bruselyozdan başqa sual verməyib, laboratoriya üçün yaramır, sözünü nə ilə əsaslandırır? Laboratoriyaya aid heç bir sual verilmədi. Mən 20 il laboratoriyada çalışmışam, aspiranturada oxumuşam və hətta dissertasiya da müdafiə etmişəm. Laboratoriya mütəxəssisi başqa necə olur?”

Əbülfət Əliyev iddia edib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyində kadr kimi 23-24 yaşlı gənclər çalışır: “Yəni təcrübəsi olmayan insanları işə götürürlər. Belə gənc kadrlar bu gün təhlükəsizliyə necə nəzarət edəcəklər? Məsələn, ətdən necə nümunə götürə bilərlər? Amma mütəxəssislər kənarda qalıb”.

“Baytarlıq elə sahədir ki, burada işləyənlər həmişə ayıq və sayıq olmalıdır"

Şikayətçi məsələni “Cümhuriyət” qəzeti vasitəsilə ictimailəşdirərək, prezidentə də müraciət edib. O deyib ki, məhz ölkə başçısının göstərişi ilə adıçəkilən Agentlikdə peşəkar kadr toplanmasına gərək var: “Xahişim ondan ibarətdir ki, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzliyə göstəriş verin, məni qəbul etsin, şəxsən tanış olsun və görsün ki, həmin Agentlikdə baytarlıq, o cümlədən, laboratoriya üzrə mənimlə diskussiya edəcək mütəxəssis yoxdur. Belə olan halda yediyimiz heyvandarlıq məhsullarının təhlükəsiz olmasını biz kimə həvalə etmişik? Yeni qurum 22-24 yaş göstəricisi ilə yox, peşəkar kadrlarla işə start verməlidir. Əgər bu belə deyilsə, nədən səlahiyyətlər bu quruma verilib? Qısa zamanda təcrübəsiz insanların sayəsində xüsusi təlükəli xəstəliklərin ölkədə yayılmasının və xəstəliklərin hara qədər yol açacağınının şahidi olacağıq. Halbuki mərhum prezident Heydər Əliyev “baytarlıq elə sahədir ki, burada işləyənlər həmişə ayıq və sayıq olmalıdır" - demişdi. İnanıram, dövlət başçısı bu məsələdə öz göstərişini verəcək”.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırda Agentlikdə baytarlıq üzrə laboratoriyaların komplektləşdirmə işləri həyata keçirilir: “Bununla bağlı da kadr məsələsində təkmilləşdirmə aparılır. Konkret olaraq sizin qəzetə müraciət edən yoldaşla bağlı araşdırma aparmalıyam. Həmin şəxs barədə bilgiləri aidiyyatı şöbəyə təqdim edəcəm. Barəsində ilkin rəy nə olub və digər məsələlərlə bağlı araşdırma aparandan sonra məlumat verə bilərəm”.

Şərhlər

XƏBƏR LENTİ