SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hər analiz 19 manat- Dəri-Zöhrəvi Dispanserdə rüşvəti belə istəyirlər :VİDEO

Hər analiz 19 manat- Dəri-Zöhrəvi Dispanserdə rüşvəti belə istəyirlər :VİDEO

Tarix:

14-07-2018, 10:45

/ 8 576 dəfə oxundu.
Hər analiz 19 manat- Dəri-Zöhrəvi Dispanserdə rüşvəti belə istəyirlər :VİDEO

Rüşvət, qanunsuzluq, köhnə labaratoriya, saxta arayış, uçuq-sökük otaqlar, etinasız münasibət, kələkbaz baş həkim, bir sözlə hər cür özbaşınalıq... Söhbət insanların az qala dərisini boğazından çıxardacaq olan, Respublika Dəri-Zöhrəvi Dispanserdən gedir. Səhiyyə sahəsində baş verən qanunsuzluq heç bir qurumdan müşahidə edilmir. İnsanların həyatı məhz bu sahəyə bağlıdır. Ancaq sərgilənən münasibət insanı dəhşətə gətirir. Elə Dəri-Zöhrəvi Dispanserdə digər problemli səhiyyə müəssisələrindən heç də geri qalmır.

Korrupsiya yuvası

Ölkə başçısı, prezident İlham Əliyev dəfələrlə müşavirə keçirib, xalqın narazılığını həll etməyə dair göstərişlər versə də, bəzi qurumlar bunu qulaqardına vurur. Prezidentin xalqın rifahı üçün atdığı addımları, vəzifə sahibləri darmadağın edirlər. Məmurlar dövlətə məxsus xidməti vəzifələri, əmək haqqı formasında ayrılan dövlət vəsaitlərini, digər səlahiyyət və imtiyazları öz şəxsi rəyləri əsasında seçdikləri vətəndaşlara təqdim edərək, problemlərə yol açırlar. Bir çox elmi, elmi-tədris və müalicə-profilaktik müəssisələrə rəhbərlik səriştəsiz, tez harınlayan, pul görəndə başı fırlanan, lazım olan tələblərə cavab verməyən kadrlara həvalə olunur. Eynən Şahnaz Baxşəliyeva kimi... Şahnaz Baxşəliyeva Səhiyyə Nazirliyinin Səhiyyə Xidmətinin Təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. 2008-ci ildən Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi vəzifəsinə təyin edilib. Baxşəliyevanın bu vəzifəyə necə təyin edilməsi faktını gələn sayımızda dərc edəcəyik. İndi isə insanların həyatı ilə necə "çilingağac” oynamasını diqqətə çatdıracağıq. Ancaq bunu qeyd edək ki, bu vəzifəyə nüfuzlu himayədarlarının köməyi ilə təyin edilib. Elə görünən budur ki, talançılığının səbəbi güvəndiyi himayədarlarıdır. Hər kəsə bəllidir ki, səhiyyə nazirinin əmrinə əsasən dövlət müəssisələri 12 ildir, xəstələrə pulsuz xidmət göstərir. Çünki bu müəssisələr dövlət hesabına maliyələşir. Lakin görünən budur ki, Baxşəliyevanın gözü doymur. Baş həkim sanki işçilərinə "xəstələri soyun” əmri verib. Xəstələr burada sözün əsil mənasında "dərisi soyulur”! Pul verməyənlər isə həkimlər tərəfindən rədd edilir. "Məcburi müayinə, dispanserin yeni "yem”ləri” Məlumdur ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun var. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Qaydaya uyğun olaraq, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində pulsuz həyata keçirilməlidir. Qanunda dövlət müəssisələrinin qeyd edilməsinə baxmayaraq, özəl tibb mərkəzlərindən bəzilərində də nikahdan öncə tibbi müayinə aparıla bilər. Lakin dövlət müəssisələrində pulsuz olan bu xidmət özəl klinikalarda ödənişsiz deyil. Bu məlumat Səhiyyə Nazirliyi tərəfindən yayılıb. Dəfələrlə vurğulanıb ki, bu müayinələr dövlət xəstəxanalarında pulsuzdur. Nəzərə alsaq ki, siflis, qotur, digər dərizöhrəvi xəstəliklər məhz sözügedən Dispanserdə həyata keçirilir, onda görərik ki, burada qanun pozuntusu kifayət qədərdir. Respublika Dəri-Zöhrəvi Dispanserində müayinədən keçən cütlüklər bildirir ki, onlardan, yoxlanılan hər xəstəlik üçün pul tələb edilir:
"Nikah üçün dispanserdən verilən arayış vacibdir. Müayinələr vaxtı pul vermədik. Buna görə bizə arayışı vermirdilər. Toya az qaldığı üçün məcbur qalıb pul verdik ki, arayışı götürə bilək. Toy araya düşdüyü üçün nazirliyə şikayət etməyə fürsət olmadı. Pul verməyəndə deyirlər ki, özəl klinikaya getsəydiniz bir analiz üçün 70 manat ödəyəcəkdiniz, bizə 20 manat verməyə pulunuz yoxdur? Rüşvət istəyən onlardır, utanan biz...” "Nazirin əmri, baş həkimin kələyi” İyun ayından qüvvəyə minən icbari müayinə, Respublika Dəri-Zöhrəvi Dispanserin necə çirkli oyunlar həyata keçirdiyini göstərir. Əldə etdiyimiz məlumata görə, Dispanserin həkimləri cütlüklərdə aşkarlanan xəstəliyi ört-basdır eləmək üçün yüksək məbləğ tələb edirlər. Müayinə toy ərəfəsində həyata keçirildiyi üçün, nə oğlan, nə qız pis vəziyyətə düşmək istəmir. Çünki onlarda aşkarlanan xəstəlik çox ciddi olar və nəticədə nəzərdə tutulan nikah ləğv oluna bilər. Həkimlərlə bu cür sövdələşməyə adətən toyu olacaq qızın ailələri müdaxilə edir. Fikirləşirlər ki, qızda aşkarlanan siflis onları biabır edə bilər. Buna görə də, sağlam olduqları ilə bağlı arayış almaq üçün yüksək məbləğ ödəyirlər. Bu kələkbazlığı həyata keçirən həkimlərdir, qol çəkən isə baş həkim Şahnaz Baxşəliyeva.

Qanunları pozan baş həkim

Şahnaz Baxşəliyevanın baş həkim təyin olunmasından sonra sözügedən dispanserdə vəziyyət son dərəcə acınacaqlı hal alıb. İlk növbədə dəri-zöhrəvi xəstələrinin müalicəsi zamanı onlara verilən dərmanların keyfiyyətsiz olması səbəbindən Respublika Dəri Zöhrəvi Dispanserə müraciət edən şəxslər arzuolunmaz durumla üzləşməli olurlar. Bu müəssisədə xəstələrin qeydiyyata alınması halları da, aldığımız məlumatlar arasındadır. Dispanserə gələn xəstələr əksər hallarda birbaşa konkret həkimlərin qəbuluna yönəlirlər. Müalicə haqqının ödənişi də nəğd şəkildə, yerində həyata keçirilir. Sonradan isə, vəsaitlər yenə də nağd şəkildə yığılaraq müəssisənin rəhbərinə təqdim olunur. Qeyd edək ki, Oqtay Şirəliyev 2008-ci ildə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğvinə dair əmr imzalayıb. Həmin əmrdə göstərilib ki, 2008-ci il fevral ayının 1-dən etibarən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilir. Həmçinin qeyd olunub ki, səhiyyəyə ayrılan büdcə vəsaitinin ilbəil artırılması, tibb müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsindən irəli gələn əmrin icrasına dair göstərişlər artıq Səhiyyə Nazirliyinin bütün strukturlarına verilib. Ancaq görünən budur ki, baş həkimin tamahı bütün qanunları üstələyir.

Sonda bu tibb ocağında çəkilmiş videonu nəzərə çatdırırıq. Rusdilli həkimin danışığndan aydın olur ki, hər bir analiz üçün 19 manat tələb olunur. İndi nazir Oqtay Şirəliyev öz daxili əmrini pozan baş həkimə qarşı hansı tədbirləri görəcək? Bunu yaxın zamanda görəcəyik.

azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ