SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərenerji” tərəfindən bizim əvvəllər göstərdiyimiz iradlar düzəldilməyib” - Kəmaləddin Heydərov

“Azərenerji” tərəfindən bizim əvvəllər göstərdiyimiz iradlar düzəldilməyib” - Kəmaləddin Heydərov

Tarix:

5-07-2018, 10:42

/ 1 265 dəfə oxundu.
“Azərenerji” tərəfindən bizim əvvəllər göstərdiyimiz iradlar düzəldilməyib” - Kəmaləddin Heydərov

“Mən srağagün qəzanın baş verdiyi yerə getdim. Müşahidə etdim ki, cərəyan açarı olan hissənin içərisindəki yağ dağılıb və qabağında olan kanallarda kabelləri yandırıb”.

Bunu Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar bu gün keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Kəmaləddin Heydərov bildirib ki, “Azərenerji” ASC təhlükəsizliyin təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin tövsiyələrinə riayət etməyib.

“Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı, açıq olmamalıdır, hər hansı qəza baş verəcəyi təqdirdə yağlar oraya tökülməsin. Təəssüf ki, təxminən 63 açarın hamısının qabağındakı kanalların üstü möhkəmləndirilməyib. Komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığım müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç bir düzəldilməyib. Ərazi quru otlardan təmizlənməyib. Soyutma qurğularının heç biri işləmir. Orada soyutma kanalı ilə gölün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalıdır. Amma qəza baş verən gün suyun temperaturu 28 dərəcə, dünən isə 26 dərəcə olub. Bu isə soyutma işlərinə maneçilik törədir. Cənab Prezident, Siz çox düzgün qeyd etdiniz ki, oradakı hər hansı yarımstansiyada qəza olduğu halda, nəinki sistem çökməməlidir, heç o stansiyanın digər bloklarında da başqa bir şey olmamalıdır”, - deyə K.Heydərov vurğulayıb.

Nazir qeyd edib ki, elektrik xətlərində, digər yerlərdə hər hansı qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir: “Biz orada energetiklərlə söhbət etdik və ikinci dəfə blokun çökməsinin səbəbini soruşdüq. Orada müşavirə keçirirdik, birdən-birə enerji kəsildi. Heç kim bizə işləyən qurğunun hansı səbəbdən dayanması barədə məlumat verə bilmədi. Biz digər qurumlarla birgə hərəmiz öz kanalımızdan istifadə etməklə qəzanın hansı tərəfdən olduğunu müəyyənləşdirməyə çalışdıq. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub, ona görə də burada açılma baş verib. O biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə çökmə olub. Biz illər boyu yazdığımız məsələlərlə bağlı sənədləri dünən Baş Prokurorluğa, eyni zamanda, Daxil İşlər Nazirliyinə təqdim etdik”.

Kəmaləddin Heydərov bildirib ki, qəza baş verən stansiya fiziki və texniki cəhətdən köhnədır.

“Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən, bu sahədə beynəlxalq təcrübəsi olan qurum əvvəlcə audit edib vəziyyəti öyrənsin. Ondan sonra digər şirkətlər bu stansiyanın necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birini dəstəkləməklə işləmə mexanizmini müəyyənləşdirməlidir. Belə olan halda nəinki hər hansı yarımstansiyada, hətta hər hansı istilik və ya digər elektrik stansiyalarında qəza baş verməsi ölkədə böyük problem yaratmayacaq”, - deyə nazir vurğulayıb.

Prezident İlham Əliyev Kəmaləddin Heydərova bu təklifləri komissiyaya təqdim etməyi tapşırıb və əlavə edib ki, təkliflər komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır.

Şərhlər

XƏBƏR LENTİ