SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Uşaqlarımızın sağlamlığı bu ünvana əmanətdir... - ŞİKAYƏT VAR

Uşaqlarımızın sağlamlığı bu ünvana əmanətdir... - ŞİKAYƏT VAR

Tarix:

28-02-2017, 09:33

/ 1 371 dəfə oxundu.
Uşaqlarımızın sağlamlığı bu ünvana əmanətdir... - ŞİKAYƏT VAR

Bu gün respublikamızın səhiyyə müəssisələrində yaşanan və bir çox vəzifə sahiblərinin günahları ucbatından əmələ gələn qanunsuzluqların, baş alıb gedən anarxiyanın varlığını eşitdikcə, yaxud da gördükcə sanki dəhşətə gəlirik. Son günlər belə bir olayların yaşandığı səhiyyə müəssisələrindən biri də, Sumqayıt şəhər Səhiyyə İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 3 saylı Uşaq Poliklinikasının olduğu bildirilir. Həkim günahı ucbatından olmazın olaylarla üz-üzə qalan və Sumqayıt şəhərinin 42-ci məhəlləsində yaşayan Səmədzadə soyadlı valideyinlər bildirirlər ki, “15 fevral 2017-ci il tarixdə doqquz aylıq körpəmizin səhhətində əmələ gələn ciddi problemlə bağlı, adı çəkilən səhiyyə müəssisəsinə müraciət etməli olduq. Onu da vurğulayaq ki, övladımız lap körpə vaxtlarından “allergiya” xəstəsi olmuş və xəstəliyi ilə bağlı poliklinikada olan “delo”sunda müəyyən qeydiyyatlar da yazılmışdı. Amma, həmin gün yaşadığımız ərazi üzrə sahə həkimi vəzifəsini daşıyan Xalidə xanım övladımızı ciddi müayinə etmədən, ondan hər hansı qan analizi götürmədən, hətta övladımıza məxsus “delo”da olan qeydiyyatlara nəzər belə yetirmədən doqquz aylıq Fateh Səmədzadəyə peyvənd iynəsi vurulmasını məsləhət bildi. Elə ki, həmin günün axşamçağı oldu, övladımızın səhhətində əmələ gələn problem bizi başqa bir həkimə müraciət etməyə vadar etdi. Diqqəti cəlb edən hal o oldu ki, doqquz aylıq körpəmizi müayinə edən həmin həkim bildirdi ki, “bu körpəyə peyvənd iynəsi vurmaq olmaz, çünki uşaq “allergiya” xəstəsidir” dedikdə, sanki şoka düşdük. O halda bildik ki, doqquz aylıq Fateh Səmədzadənin təkrar pis duruma düşməsində, məhz “allergiya” xəstəsi olan övladımıza peyvənd iynəsinin vurulması başlıca səbəb olub. Belə bir addımların atılması ya həkim səhlənkarlığı, ya da ki, həkim savadsızlığı kimi qiymətləndirilməlidir. Hələ bunlar azmış kimi baş verən hadisədən bir neçə gün sonra, daha dəqiq desək 24 fevral günü adı çəkilən səhiyyə müəssisəsində olub yaşananlarla bağlı aydınlıq gətirilməsini tələb etdikdə, 3 saylı Uşaq Poliklinikanın şöbə müdiri Aybəniz xanım “olub da, get həkimin başını yar” deməkdən də çəkinmədi. Əslinə baxsan istər şöbə müdiri, istərsə də baş həkim Tacirə xanım bizi qəbul edib baş verənlərə aydınlıq gətirmək əvəzinə, bu cür davranışların nümayiş etdirilməsi bir daha onu söyləməyə əsas verir ki, adı çəkilən səhiyyə ocağında sanki insan taleyi ilə “iqruşka” oynayırlar”. Əslinə baxsan yaşanan belə bir olay olduqca xoşagəlməz hadisə olduğundan, biz də bir redaksiya olaraq baş verənləri heç cür tərdirəlayiq addım hesab etmirik. Yalnız onu qeyd etməyi özümüz üçün bir borc bilirik ki, həkim məsuliyyəti olduqca böyük olmalıdır. Çünki, baş verə biləcək hər hansı hadisəyə görə cavabdehliyi həkim və adı çəkilən səhiyyə müəssisəsinə rəhbərlik edənlər daşıyırlar. İnanırıq ki, açıqlamanın dərci aidiyyəti qurumların, xüsusilə də səhiyyə naziri cənab Oqtay Şirəliyevin diqqətindən heç də kənarda qalmayacaq və yaşananlarla bağlı lazımi araşdırmaların aparılması üçün o, tabeçiliyində olan şəxslərə müvafiq tapşırıqlarını da verəcək. Əldə etdiyimiz məlumatlara görə, bu gün Sumqayıt şəhərindəki 3 saylı Uşaq Poliklinikası xoşagəlməz olayların girdabında boğulmaqdadır. Çünki poliklinikada saysız-hesabsız problemlərin, xoşagəlməz amillərin varlığı və s. məhz belə bir addımların atılmasını zəruri edən səbəblərdir. Bu yöndə araşdırmalarımızı davam etdirib, yaxın günlərdə çoxsaylı oxucularımızı yaşananlarla bağlı məlumatlandırmağa da çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Şərhlər

XƏBƏR LENTİ