SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı qəssabxanalarında köhnə bazara təzə nırx: - “Ət azı 2 dəfə bahalaşacaq...”

Bakı qəssabxanalarında köhnə bazara təzə nırx: - “Ət azı 2 dəfə bahalaşacaq...”

Tarix:

19-06-2018, 09:43

/ 1 529 dəfə oxundu.
Bakı qəssabxanalarında köhnə bazara təzə nırx: - “Ət azı 2 dəfə bahalaşacaq...”

Qida Təhlükəsizliyi Agentliyi öz işinə ölkə əhalisini standartlara cavab verən ət və ət məhsulları ilə təmin etməklə başlamaq niyyətini açıqlayıb. Belə ki, yaxın zamanlarda Bakıda müasir standartlara cavab verən ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Ancaq bu, həm də Bakıda və ətraf qəsəbələrdə demək olar ki, hər küçədə rast gəldiyimiz ət kəsimi məntəqlərinin ləğv olunacağı deməkdir.

Qəssablara qadağalar gəlir

Çünki əgər agentliyin planaşdırdığı kimi olacaqsa, ət kombinatları istifadəyə veriləndən sonra qəssabların rayonlardan paytaxta iri və xırdabuynuzlu heyvan gətirməsi də mümkün olmayacaq. Əslində bu gün fəaliyyət göstərən ət kəsim yerlərində gigiyenik qaydalara əməl edilmədiyi ortadadır. Bu baxımdan, atılacaq addımın keyfiyyətli məhsulların satışına şərait yaradacağı gözlənilir. Bununla bağlı ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, stasionar, modul və mobil tipli kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə prezident sərəncamı var. Sərəncamın icrası ilə Qida Təhlükəsizliyi Agentliyi məşğul olacaq. Prosesin necə və hansı şərtlərlə aparılacağı ilə hələ ki, tam məlum deyil. Qida Təhlükəsizliyi Agentliyini də məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Qurumdan bildirilib ki, agentlik tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qərarlar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsimi məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan tələbatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkili nəzərdə tutulub.

Bir qadağanın 3 nəticəsi

Məsələ ilə bağlı ekspertlərin fikri isə fərqlidir. Ekspertlər hesab edir ki, hazırda fəaliyyət göstərən sallaqxanalara standartların tətbiqi üçün möhlət verilməlidir ki, bu sahədə boşluq yaranmasın, qiymət artımı olmasın. Nəzərə alsaq ki, bu gün ət satışı ilə kifayət qədər çox sayda şəxs məşğul olur, birdən-birə onlara tətbiq ediləcək qadağalar işsizliyə səbəb olacaq. Digər tərəfdən, ətin qiymətinin bahalaşma ehtimalı da irəli sürülür ki, bu da ölkə əhalisi üçün xoşagəlməz haldır. Üçüncü məqam- Azərbaycan alıcısı üçün vacib olan məsələlərdən biri də ətin keyfiyyəti ilə bağlıdır.

Hamı var, onlardan başqa

“Cümhuriyət” qəzetinin əməkdaşı paytaxtdakı bir neçə ət kəsimi və satışı məntəqəsində olub. Qəssablarla söhbətimizdən məlum oldu ki, onlar yeni qaydalardan ümumiyyətlə xəbərsizdirlər. Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən ət kəsim və satış yerlərində səhər tezdən iş artıq başlamışdı. Saat 06:30-dan etibarən artıq iri və xırdabuynuzlu heyvanlar kəsim yerlərinə gətirilmişdi. Məntəqədə təkcə qəssablar və mal sahibləri yox idi. Kəsim prosesini maraqla izləyən məhəllə sakinlərini də unutmayaq. Amma heyvan kəsiminin gigiyenik qaydalara, standartlara cavab verdiyini yoxlamaq üçün aidiyyatı qurumlardan kimsəni görmədik. Adəti üzrə kəsim başladı, eyni zamanda mal sahiblərinin gətirdikləri iri və xırdabuynuzlu heyvanların daha çox çəki verməsi üçün qəssabların işinə müdaxiləsi də...

“Gəlib buraları bağlayacaqlar?”

Prosesi bir müddət kənardan izləyib kəsim yerinə yaxınlaşdıq. Şəkil çəkmək üçün icazə istədik, qəssablar da, mal sahibləri də etiraz etmədi. Kəsim yerlərində olanlardan yeni qərar, görüləcək işlər, ət kəsimi və satışı yerlərinin bağlanacağı haqqında deyilənləri soruşduq.

Xəbərsiz olduqları hiss olunurdu. Özləri də çox keçmədən bunu dilə gətirdilər. Qəssablardan birinin sözlərinə görə, belə qərar olmaz: “Biz uzun müddətdir ki, bu işlə məşğul oluruq. Ailəmizi bununla saxlayırıq. Onsuz da indi işlər zəifdir. Qiymətlər günü-gündən bahalaşır. Rayonlardan heyvan almaq müşkülə çevrilib. İri və xırdabuynuzlu heyvanların sayı ciddi şəkildə azalıb. Daha rayonlarda heç kim əvvəlki kimi heyvandarlıqla məşğul olmur. Səbəbi də başadüşüləndir. Yem bahadır, otlaq sahələri də yoxdur. İndi də deyirsiz ki, gəlib buraları bağlayacaqlar. Heç belə iş olar?”

“Qiymət azı 2 dəfə bahalaşacaq, əgər...”

Qəssabla söhbətimizə kənardan müdaxilələr də olurdu. Hər kəs öz fikrini bildirmək istəyirdi. Heyvan sahibi olan T.S deyir ki, rayonlardan qəssab və ya heyvan sahiblərinin mal gətirməsinə qadağa qoyulsa, qiymətlər ən az 2 dəfə bahalaşacaq: “Bakıda heyvan yoxdur. Bir- iki nəfər qəsəbələrdə özü üçün saxlayır, onları da satmırlar. Biz gedib Bərdədən, Ağcabədidən, Beyləqandan və digər rayonlardan heyvan gətiririk, onu da güclə tapırıq. Biz də çalışırıq elə qiymətə alaq ki, üstündə 5-10 manat da biz qazanaq. İndi deyirlər ki, rayonlardan gətirilən heyvanlar Bakıya buraxılmayacaq? Bəs bu kombinata mal haradan gətiriləcək?”

“Biz işimizi “köhnə qayda”da həll edirik”

Söhbətimizi bitirib başqa bir kəsim məntəqəsinə yaxınlaşdıq. Orada da qızğın iş gedirdi. Amma adəti üzrə kəsilən heyvanın sağlam olub-olmadığını yoxlayacaq heç kimə rast gəlmədik.Niyəsini qəssabdan soruşduq. Sualımıza əsəbi şəkildə “Biz bu məsələləri köhnə qaydada həll edirik”,- deyə cavab verdi. Köhnə qayda”nın nə olduğunu nə biz soruşduq, nə o dedi. Cavab hər ikimizə də aydın idi.Kəsilən heyvanın haradan gətirilməsinə gəlincə, “Bərdə malıdır, özümüz gətirib kəsib, satırıq” cavabını aldıq.

Ətdən çox, ciyərə müştəri var

Bu minvalla demək olar ki, qəsəbədəki bütün kəsim və satış yerlərinə gəzdik. Nəticə dəyişmədi.Hər kəs “köhnə” qaydada öz işi ilə məşğul olurdu, yeni qaydalardan da xəbərsiz olduqlarından narahat görünmürdülər.Kəsim üçün hazırlanan, amma növbəsini gözləyən heyvanları isə gediş-gəlişin gur olan yerlərinə bağlayıb reklam edir, alıcı gözləyirdilər.Adəti üzrə qəssabı tanıyanlardan isə sifariş yağırdı. Əsaəsn də heyvanın ciyəri ilə bağlı... Ciyər sifariş verənlərin birinə yaxınlaşıb soruşduq:

-Haradan bilirsiz ki, kəsilən heyvanın ciyəri təmiz, sağlam olacaq?

-Bunları 3 ildən çoxdur ki, tanıyıram. Həmişə burdan alver edirəm. Sağ olsunlar, hörmət edirlər. Ona görə də inanıram.Mənə xəstə heyvanın ciyərini verməzlər.

Divarda arayışlar, növbədə adamlar...

Maraqlıdır, qəssab özü kənardan baxmaqla kəsdiyi heyvanın hansısa xəstəlik daşıyıcısı olduğunu bilirmi? Məsələn, kim zəmanət verə bilər ki, kəsilən heyvan xəstəlik daşıyıcısı deyil? Doğrudur, kəsim məntəqələrinin divarları arayışlar, icazələr baxımdan “zəngindir”.Hamısı da məntəqənin fəaliyyəti üçün nəzərdə tutulub, yəni kəsilən heyvanların “sağlamlıq kağızı” deyil.

Saat 08:30-dan sonra demək olar ki, bütün məntəqələrdə kəsim bitmişdi. Qəsəbə sakinləri təzə ət almaq üçün növbəyə düzülmüşdülər.Biz də reportajı yekunlaşdırıb qəsəbədən ayrılmaq qərarına gəldik.

Qeyd: Hazırda cərimələr az olduğu üçün qanunsuz ət kəsimi ilə məşğul olanlar çoxdur və onlar mənşəyi məlum olmayan məhsulu satmağa cəhd göstərirlər.

Şərhlər

XƏBƏR LENTİ