SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AMEA-da seçki hazırlığı: - Akif Əlizadənin əleyhinə olan da var

AMEA-da seçki hazırlığı: - Akif Əlizadənin əleyhinə olan da var

Tarix:

6-06-2018, 09:39

/ 1 477 dəfə oxundu.
AMEA-da seçki hazırlığı: - Akif Əlizadənin əleyhinə olan da var

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək. AMEA-nın bir çox elmi işçiləri hesab edirlər ki, hazırkı prezident Akif Əlizadə tam dəstək alaraq, yenidən prezident olacaq. Bu barədə “Trend”ə açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də danışıb. “Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz iyunun 8-də keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçkilərində Akif Əlizadəyə tam dəstək verəcək” deyə, o bildirib.

İ.Həbibbəylinin sözlərinə görə, akademik A.Əlizadə ötən 5 il ərzində AMEA-ya uğurla rəhbərlik edib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, A.Əlizadə akademiyanı durğunluq dövründən çıxararaq onu islahatlar mərhələsinə çatdırıb, onun rəhbərliyi ilə elmin fundamental və tətbiqi sahələri genişləndirilib, inkişaf edib: “Mən akademiyanın üzvü olaraq, yalnız Akif Əlizadənin namizədliyi haqqında düşünürəm. Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz də Akif Əlizadəyə növbəti seçkilərdə tam dəstək verəcək. İnanıram ki, AMEA-nın digər üzvləri də Akademiyanın növbəti 5 il ərzində Akif Əlizadənin rəhbərliyi altında inkişaf etməsini istəyirlər”.

Akademiyanın üzvü tarixçi Dilavər Əzimli da “Yeni Müsavat”a bildirib ki, Akif Əlizadənin prezident seçiləcəyini gözləyir: “Hamı bilir ki, Akif müəllimin özü seçiləcək. Təbii ki, Akif Əlizadənin gördüyü işlər məni qane edir. AMEA elmi qurumdur, o da elmi qurumun rəhbəri kimi idarə etməyi bacarır. Akif Əlizadə akademikdir, uzun müddətdir ki, elm adamıdır. AMEA-da getdikcə müəyyən mənada maaşların artımı hiss olunur. Ancaq hər halda, daha yaxşı şəraitin olmasını istəyərdik. Hesab edirəm ki, ildən-ilə bu məsələlər öz həllini tapacaq. Dövlət nə qədər güclənərsə, onun sahələri də güclənir. 10-20 il bundan öncə ilə müqayisədə indi xeyli fərqlər var”.

AMEA-nın üzvü tarixçi Yasəmən Qaraqoyunlu isə hesab edir ki, Akif Əlizadə prezident seçilməli deyil: “Ölkə başçısına məktubum olmuşdu. Oradakı məsələlərlə bağlı aylarla Akif Əlizadəyə müraciət etdim ki, məni qəbul eləsin. Ancaq onun köməkçisi aylarla müxtəlif bəhanələrlə bu görüşün baş tutmasına imkan vermədi. Bir rəhbər ki, öz işçisinin problemləri ilə maraqlanmırsa, o, nə üçün rəhbər olmalıdır? İndiyə qədər rəsmi ərizə ilə AMEA rəhbərliyinə dəfələrlə müraciət etmişəm ki, həyat yoldaşım xəstədir, bir övladım da əlildir və mənə növbədənkənar ev verilsin. Hələ də məktubuma rəsmi şəkildə heç bir cavab gəlməyib. Yalnız Həmkarlar İttifaqı mənə cavab verib ki, Saray qəsəbəsində elmi işçilər üçün ev tikilir və gedib oradan mənzil ala bilərsiniz. Elmi işçilərin bu evə sahib olmaları üçün ilkin ödəniş kimi 10 min manat lazımdır. Bu ödəniş olmasa, hər ay 1000 manat pul verməliyik. Bunları ona görə sayıram ki, AMEA-nın işçilərinin sosial problemləri çoxdur. Bu problemləri həll edə bilməyən akademiyanın rəhbəri ola bilməz. Ona görə də Akif Əlizadənin namizədliyini qəti şəkildə dəstəkləmirəm. Prezidentin səlahiyyəti elmin inkişafına dəstək olmaqdır. İnsan yeməsə, içməsə, onun problemi həll olunmasa, elmlə necə məşğul ola bilər? İndiyə qədər AMEA prezidenti məsələ qaldırmayıb ki, elmi işçilərin sosial probleminin həlli üçün nə etməliyik. Yaxud da bizim ”Tomson" jurnalında elmi məqalələrimizin dərc olunması üçün hansı köməklik göstərilib? Bu istiqamətdə heç bir addım atılmayıb. Elə namizəd istəyirəm ki, o, elmin inkişafı üçün ciddi şəkildə ölkə rəhbərliyi qarşısında çıxış etsin".

Şərhlər

XƏBƏR LENTİ