SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Xəzər Dəniz Gəmiçiliyi”n səhlənkarlığı ölümə apardı: Motorçu ailəsindən ittihamlar

“Xəzər Dəniz Gəmiçiliyi”n səhlənkarlığı ölümə apardı: Motorçu ailəsindən ittihamlar

Tarix:

27-02-2017, 09:09

/ 1 807 dəfə oxundu.
“Xəzər Dəniz Gəmiçiliyi”n səhlənkarlığı ölümə apardı: Motorçu ailəsindən ittihamlar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin səhlənkarlığı nəticəsində həyatını itirmiş mərhum əməkdaşının ailəsi acınacaqlı vəziyyətdədir

Müraciət edən xanımı mərhum Abdulov Rövşən Nuru oğlu barəsində yazıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Şair Vidadi” gəmisində motorçu vəzifəsində işləyib. 03 iyun 2003-cü ildə saat 04:30 radələrində mərhum həyat yoldaşım iş vaxtı naməlum şəraitdə Qara dənizdə itkin düşüb.

23 yanvar 2009-cu il tarixli qətnamə ilə Abdulov Rövşən Nuru oğlu ölmüş elan edilib və ölüm haqqında şəhadətnamə 2009-cu ilin mart ayının 17-də verilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş vermiş hadisədə özünü təqsirli saymasa da və əməyin mühafizəsi qaydalarının onun tərəfindən pozulmadığını iddia etsə də, bədbəxt hadisənin təhqiqatı zamanı elə məqamlar ortaya çıxıb ki, bu məqamlar müəssisənin birbaşa təqsirli olduğunu təsdiqləyir”-deyə R.Abdulovun həyat yoldaşı qeyd edib.

Onun sözlərinə görə, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyindən hadisə barəsində aparılmış təhqiqatın yekun aktını əldə edib:

“Aktdan görünür ki, təhqiqat komissiyasının üzvləri Abdulov Rövşənin 2003-cü ilin mayın 16-da Rusiyanın Novorossisk limanından çıxandan sonra davranışında özünə qapanmaların, ara-sıra isə özü başağrılarının olmasını qeyd edib.

25 may 2003-cü ildə Nemrut limanından Poti limanına gedən zaman mərhum, gəmi kapitanının adına ərizə yazaraq sağlamlıq vəziyyətinə görə əvəzlənməsini istəyib. Kapitan da buna uyğun olaraq kadrlar xidmətinə teleqram vurub və əvəzedici tələb edib.

Gəmi Poti limanında olanda, yəni 28 may 2003-dən-02 iyun 2003-dək mərhum Abdulov Rövşən özü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kadrlar xidmətinə zəng vurub və əvəzlənməsini istəyib.

Lakin ona gələn reysdə əvəzedici təyin edəcəklərini bildiriblər. Təhqiqat komissiyası mərhumun işini bilən, sakit xarakterli biri olduğunu da qeyd edib. Əgər mərhum əvəzedici istəmişdisə həqiqətən onun sağlamlığı ilə problemi olub.

Bu problem ona öz vəzifəsini icra etməyə imkan verməyəcək qədər ciddi olub. Məhz buna görə 25 may tarixindən gəmi kapitanından əvəzlənməsini tələb edib. Bu alınmadıqda isə artıq vəziyyətin daha da ciddiləşdiyini görüb özü kadrlar xidmətinə zəng vurub”.

Mərhumun xanımı bildirib ki, Kadrlar Xidmətinə zəng vurduğu günün gecəsi saat 04:30-da bədbəxt hadisə baş verib:

“Bütün bunlar isə müəssisənin səhlənkarlığını və öz işçisinin problemini diqqətə almamasının göstərir.

Təhqiqat aktından görünür ki, bədbəxt hadisə qarşısıalınmaz qüvvənin təsiri ilə baş verməyib. Mərhumun ailəli və iş yoldaşlarının dediklərinə görə sakit xarakterli olduğunu nəzərə alsaq özünə qəsd etməsi ehtimalı yoxdur. Əksinə, əvəzedici tələb etməsinə baxmayaraq cəmiyyətin 8 gün ərzində mərhumun əvəzedicisini təyin etməməsi bədbəxt hadisənin baş verməsində onun birbaşa təqsirli olduğunu sübut edir”.

Vəkil Yusifov Ceyhun ayrılıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə hadisənin ilkin təhqiqat sənədlərinin verilməsi üçün sorğu göndərib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC isə özünün təqsirli olduğu müəyyən olunmasın deyə, cavab məktubunda bədbəxt hadisənin ilkin təhqiqat aktlarını tam şəkildə göndərməyib, hadisənin bütün məqamlarını cavabında qeyd etməyib.

Lakin, vəkil Ceyhun Yusifovun düşünülmüş addımı nəticəsində hadisənin digər təfərrüatları da DƏMX-dən sorğuya cavab məktubu vasitəsilə əldə olunub.

“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” AR-sı NK-nin 9 yanvar 2003-cü il tarixli qərarının 2.1-ci bəndində qeyd olunur ki, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.

Lakin təqsirkar müəssisə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC isə bu günə kimi ailəmizə heç bir maddi yardım, kompensasiya ödənişi etməmiş, nəticədə övladımı təkbaşına böyütmək üçün çox çətinlik çəkmişəm.

Fərz edin ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təqsirindən, səhlənkarlığından ailə başçımız olan həyat yoldaşım həyatından məhrum olmuşdur, halbuki, mərhum həyat yoldaşım dəfələrlə onun dəyişilməsini tələb etmişdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bizə yardım etməsi üçün müraciət etdikdə cavabları belə olmuşdur ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəzdində olan Maddi Yardım Komissiyasına müraciət etməliyik.

Lakin, maddi yardım komissiyası ona müraciət etdiyimiz vaxtdan 2 ay vaxt keçsə də, komissiya nəinki bizə maddi yardım göstərilməsi üçün təşəbbüs göstərmiş, heç cavab vermək əziyyətinə də girişməmişdir.

Hazırda “AzərbaycanXəzər Dəniz Gəmiçiliyi” QSC-yə qarşı pul tələbi ilə bağlı Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yenə də öz qərəzli münasibətindən əl çəkmir, bu dəfə də məhkəmədə işi qabaqcadan öz xeyrinə həll etdiklərinə, heç nə əldə edə bilməyəcəyimizə dair bizə qeyri-rəsmi ismarış da göndəriblər.

Ailəmizə azacıq maddi yardım göstərmək əvəzinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bütün yollara əl atır ki işi udmayım, təki, cəmiyyətdən pul almış adını qazanmayım, əks halda cəmiyyətin səhlənkarlığı öz təsdiqini tapacaqdır. Cəmiyyət isə özünün təqsirli sayılmaması üçün hər şeyi etməyə hazırdır.

Yuxarıda da qeyd etdiyim kimi, mərhum həyat yoldaşım sırf cəmiyyətin səhlənkarlığı ucbatından ölmüşdür. Hazırda övladımın 14 yaşı vardır, onu cəmiyyətimizə xeyirli fərd kimi yetişdirə bilməyim, normal təhsil almasını təmin etməyim üçün maddi imkanım yoxdur.

İşləmək məcburiyyətindəyəm, lakin, ailəmizdə başqa fərd olmadığından qız övladıma qayğı göstərməyim, normal tərbiyə alması üçün ona kifayət qədər vaxt sərf etməliyəm.

Bütün bunları etməli olduğumdan iş axtaranda da part-time işlər axtarıram, belə işlərin maaşı da təbii ki az olur. Bu isə yaşayış minimumundan belə azdır.
Sonda bir daha qeyd edim ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ailəmizə göstərməkdən imtina etdiyi maddi yardım ucbatından hazırda acınacaqlı vəziyyətdəyik.

Ümid edirəm ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bütün təsir və təzyiqlərinə baxmayaraq Səbail rayon məhkəməsində qaldırdığım haqlı iddiam təmin olunacaq və ədalət öz yerini tapacaq”-deyə şikayət məktubunda bildirilib.

Şərhlər

XƏBƏR LENTİ