SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsildə paradoks: Direktor 500, tabe olduğu şəxs isə 165 manat maaş alır

Təhsildə paradoks: Direktor 500, tabe olduğu şəxs isə 165 manat maaş alır

Tarix:

28-04-2018, 12:38

/ 2 556 dəfə oxundu.
Təhsildə paradoks: Direktor 500, tabe olduğu şəxs isə 165 manat maaş alır

Rayon təhsil şöbələrində çalışan və onlarla məktəbin məsuliyyətini öz üzərində daşıyan metodistlərin əməkhaqqıları tabeçiliyində olanların əməkhaqqılarından qat-qat aşağıdır. Belə ki, direktorlar minimum 495-500 manat, direktor müavinləri 440-450 manat, hətta müəllimlər 350-400 manat əməkhaqqı alırlarsa, onların tabe olduqları şəxslərin – metodist və ya metodkabinə müdirlərinin əməkhaqqısı 165-285 manat arasında dəyişir.
Əməkhaqqıları staj və vəzifə səlahiyyətləri bölgüsünə uyğun aparılırsa, necə olur ki, aşağı vəzifəli bir məmur, yüksək vəzifəli birindən daha yüksək əməkhaqqı alır?
Təbii ki, təhsil işçilərinin aldıqları vəsaitin azlığı neqativ halların ortaya çıxmasına gətirib çıxarır. Belə ki, Təhsil Şöbəsində çalışan metodistlər yoxlamaya getdikləri məktəblərdə neqativ halların qarşısını almaqdansa, özləri direktorlardan müəyyən “haqq” alaraq, bunun qarşılığında çatışmazlıqları görməzdən gəlir və ya ört-basdır edirlər.

Bəs bunun üçün Təhsil Nazirliyi hansı addımı atmalıdır?

Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında metodistlərin aşağı əməkhaqqı qarşılığında çalışdıqlarını təsdiqləyib və onların maaşlarının həqiqətən düzgün müəyyənləşdirilmədiyini deyib:
“Təhsil işçilərinin vahid sorğu cədvəlinə nəzər salanda görürük ki, vəzifə bölgüsü zamanı rayon təhsil şöbələrində çalışan bir çox müxbir işçilər var ki, onların vəzifə səlahiyyətləri çox olsa da, əməkhaqqıları düzgün müəyyənləşdirilməyib. Bu isə ondan irəli gəlir ki, təhsil müəssisələrində əməkhaqqı daha çox təlim prosesinin birbaşa aktiv iştirakçıları üçün nəzərdə tutulur. Ölkə başçısı tərəfindən əməkhaqqıları artırılan zaman da ilk növbədə dərs aparan, tədris prosesində birbaşa iştirak edən müəllimlərin maaşları ön plana çəkilir. Amma məndə olan məlumata görə, onların maaşları bəzən nəzarət etdikləri məktəblərin sayına görə də müəyyənləşir. Biri var rəsmi əməkhaqqı, biri də var qeyri-rəsmi gəlirlər. Əksər metodistlərin əməkhaqqıları az olsa da, gəlirləri kifayət qədərdir. Onsuz da onlar nəzarət etdikləri məktəblərə hər ay yoxlamaya getdiklərində qeyri-rəsmi formada vəsait yığırlar. Yəni, indiyə qədər onlardan bununla bağlı şikayətlər olmadığı üçün heç kim də bu məsələni qabartmayıb. Amma çox düzgün qeyd edirsiniz ki, metodistlərin səlahiyyətləri, gördükləri iş çox olsa da, əməkhaqqıları düzgün müəyyənləşdirilmir. Hər hansısa bir məktəb direktorunun aldığı maş 495 manat, direktor müavininin məvacibi 440 manatdırsa, metodistlərin staj ilinə görə aldıqları maaş miqdarı 165-285 manat arasında dəyişir. Bu, kifayət qədər aşağı məbləğdir. Əməkhaqqıların azlığı neqativ hallara meyilliliyi artırır.
Şikayətlər daha çox Tovuz, Qazax, Göyçay rayonlarından olan metodistlərdən gəlir ki, həmin rayonlarda təhsil şöbələrinin rəhbərləri məktəblərdən əlavə pul yığılmasına imkan vermirlər. Yəni, tam obyektiv yoxlama prosesi aparılır, ya da direktorların gəlirləri aşağıdır”.
Ekspert əvvəllər metodistlərin tədrisin aparılmasında da yaxından iştirak etdiklərini, lakin 2016-cı ildə keçmiş nazirin qərarından sonra onların dərs yükü miqdarının azaldıldığını, ya da ümumiyyətlə tədrisdən uzaqlaşdırıldıqlarını diqqətə çatdırıb:
“Əvvəllər metodistlər müəyyən məktəblərdə dərs deyərək əlavə vəsait əldə edə bilirdilər, amma 2016-cı ildən etibarən keçmiş təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən həmin şəxslərin birbaşa tədrislə məşğul olması qadağan edildi. Yəni, metodistlər, psixoloqlar artıq dərs saatı ala bilmədilər. Bu da müəyyən narazılıqların yaranmasına gətirib çıxardı. Əgər onlar hansısa ixtisas üzrə konkret kadrlardırsa, düşünürəm ki, onlara dərs yükü verilməlidir. Amma bəziləri də var ki, bundan sui-istifadə edir, adlarını tabeçiliklərində olan məktəblərə yazdırıb, dərslərə getmirlər. Əslində bu tip neqativ halların qarşısını almaq üçün Təhsil Nazirliyi belə bir addım atmışdı. Amma fikrimcə, biz onları dərs deməkdən uzaqlaşdırırıqsa, maaşları stimullaşdırıcı olmalı və mütləq şəkildə artırılmalıdır”.

Çingiz Səfərli

Şərhlər

XƏBƏR LENTİ