SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Caspian Service" ədalət axtarışına çıxsa da... - QALMAQAL

"Caspian Service" ədalət axtarışına çıxsa da... - QALMAQAL

Tarix:

18-04-2018, 09:15

/ 1 916 dəfə oxundu.
"Caspian Service" ədalət axtarışına çıxsa da... - QALMAQAL

Belə bir misal var: adətən xəstələnəndə loğmana üz tutarlar ki, dərdə əlac etsin, bəs loğman xəstələnəndə nə edək? Bu misal mahiyyətcə, bir daha sizləri tanış edəcəyimiz hadisələrlə çox bənzərdir. “Bir daha” sözünü ona görə vurğulayırıq ki, ölkənin tikinti sektorunda tanınan “Caspian Service” MMC-nin illərdir ki, qərəzli məhkəmə qərarlarından zərər çəkməsi haqqında, 12 və 27 mart tarixlərdə saytımızda materialların dərc edildiyini, bizi izləyən diqqətli oxucunun yadına salaq. Ölkə prezidenti İlham Əliyevə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanlanmış bu müraciətlərdə, tikinti şirkətinin kollektivi qərəzli, subyektiv, bəzən bir-birini təkzib edən məhkəmə qərarlarından zərər çəkdiklərini bildirmiş, kömək istəmişdilər. Bütün mübahisəli məsələlərin həlli məhkəmədə həll olunur. Verilən qərarları da məhkəmə icraçıları yerinə yetirir. Bəs, məhkəmə qərarlarının icraçıları birbaşa vəzifələrini yerinə yetirməyəndə nə olur?
“Caspian Service” MMC-nin saytımıza ünvanlanan bu günkü müraciəti də məhz məhkəmə icraçılarının vəzifələrini yerinə yetirməməsi haqqındadır. Yəni, yuxarıda dediyimiz fikrə qayıdaraq, “loğman xəstələnəndə” nə etməli sualı qarşısında qalanda, şikayət edən tikinti şirkətinin başına gələnlər, bir məşhur filmdə deyilən kimi: “lap “Min bir gecə”nağıllarındakı kimidir”.
Müraciətdə hüquqi terminlər, iş nömrələri, tarixlər çox olduğundan oxucuları yormamaq üçün məsələlərin mahiyyətini açıqlamağı məqsədəuyğun hesab edirik. (Perspektivdə qarşı tərəfdən hər hansı bir sual yaranarsa materialları olduğu kimi təqdim etməyə hazırıq).
Qısa bir xatırlatma: “2004-cü ildə “Aran Qala” MMC-nin təsisçisi Hüseynov Əlihüseyn Famil oğlu Beyləqan rayonunun Allahyarlı kəndində yerləşən kərpic zavodunu “Caspian Service” tikinti şirkətinə təklif edib. Tərəflər razılaşıb və “Caspian Service” MMC 1 300 000 dollar ödəməklə zavodu Əlihüseyn Hüseynovun adından çıxararaq Əliyev Allahverən Şükür oğlunun adına sənədləşdirib.
İlk baxışda hər şeyin qaydasında olduğu görsənsə də, bundan sonrakı proseslər məhkəmə müstəvisinə keçib. Belə ki, Əlihüseyn Hüseynovun Latviyada yaşayan və Latviya vətəndaşı olan qardaşı Əlirza Hüseynov, öz qardaşını başqa təsisçilərin olduğunu gizlətdiyinə görə məhkəməyə verib və 17 noyabr 2008-ci ildə Nəsimi rayon məhkəməsində kərpic zavodunun üzərinə həbs qərarı çıxartdırıb. Həbs qərarından sonra zavod məhkəmə icraçılarına “saxlanca” verilib və faktiki olaraq həm “Caspian Service” MMC-nin, həm də Alahverən Əliyevdən alınıb. Sövdələşmə alınmadı, olsun. Etiraz yoxdur, elə isə şirkətin pulunu qaytarın. Amma kimdir şirkətin pulunu qaytaran! İş yenidən məhkəmə müstəvisində həll olunur, amma necə?
Məhkəmə araşdırması zamanı Əlihüseyn Hüseynovun “Caspian Service” MMC-ni və Allahverən Əliyevi aldatdığı məlum olmuş və xüsusi qərardadla Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanmışdır. İstintaq zamanı əlavə olaraq Əlihüseyn Hüseynova Cinayət Məcəlləsinin bilə-bilə sənədləri saxtalaşdırma və külli miqdarda vergi ödəməkdən yayınma maddələri ilə də ittiham elan edilmişdir. Bakı Ağır cinayətlər məhkəməsinin 31.10.2012-ci il tarixli hökmü ilə, hakim Azad Məcidov, təqsirkar Əlihüseyn Hüseynova 7 il 6 ay azalıqdan məhrumetmə cəzası kəssə də, 4 il sınaq müddəti ilə şərti cəza verilmişdir. Hakim Azad Məcidov tərəfindən “Caspian Service” MMC-yə dəyən 1.300.000 ABŞ dollar məbləğində zərər, süni şəkildə azaldılaraq 437 632 min
manata endirilmiş, 105 032 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi hökm edilsə də, vəsait büdcəyə ödənməmişdir. Baxmayaraq ki, prokurorluq qeyd olunan hökmdən protest verir, Ali Məhkəmə əsaslandırılmış etirazı yeni bir əsas gətirməyərək təmin etmir. Məhkəmə onu da nəzərə almır ki, Əlihüseyn Hüseynov özündən başqa zavodun daha 11 təsisçisini də aldadıb, onların mənafeyi nəzərə alınmayıb.
Bundan sonra nə baş verir? Hökmün verilməsindən altı ilə yaxın vaxt keçsə də, məhkəmə hökmü ilə Allahverən Əliyevə ödənməli olan pul hələ də verilməyib. Beyləqan rayon icra şöbəsi bu 6 ildə bir dəfə olsun belə, hökmü yerinə yetirməyə cəhd etməyib, tikinti şirkətinin, Allahverən Əliyevin dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb, heç bir hüquqi addım atılmayıb. Sizcə, bu işin ardınca hansı addım atılsa yaxşıdır. Qanuna görə dələduzluğu sübut olunan şəxs zərərçəkənə vurmuş olduğu məbləği tam ödədiyi halda onun həbsi barədə qərar yüngül cəzaya dəyişdirilə bilər. Amma, Əlihüseyn Hüseynov ödəməli olduğu puldan bir manat belə qaytarmadığı halda, hakim ona 4 il şərti cəza verməklə azadlıqda saxlayır. Burda təkcə Allahverən Əliyevə yox, məhkəmə hökmü ilə dövlət nəfinə ödənməli olan 105 032 manatdan da heç nə ödənməyib. Yaxşı, tikinti şirkətinə olan təzyiqi, hakimlərin, icraçıların “sehirli əl”in tapşırığını yerinə yetirdiklərini çətin də olsa başa düşmək olur. Bəs, iqtisadi vəziyyətin kifayət dərəcədə gərgin olduğu bir vaxtda təqaüdçüyə, şəhid ailəsinə, veterana verilməsi nəzərdə tutulan dövlət pulunun ödənməməsinə nə ad verək? Bunun da qarşısını Latviyadan uzanan əl kəsir? Cənab məhkəmə icraçıları, axı Sizin də maaşınız o pulların hesabına verilir. Yoxsa Sizlərin pulunu Əlirza Hüseynov cibindən verir? Maraqlıdır və araşdırmağa dəyər. Bir məsələni də qeyd edək ki, indiyədək vergi orqanları da dövlətin büdcəsinə onların xəttilə çatacaq 105 032 manatın tələbini etməyib, maraq göstərməyib. Tikinti şirkətinin kollektivi yeni rəhbərliyin bu məsələyə diqqət yetirəcəyinə ümid edir.
Burda vacib olan bir nüansı “Caspian Service” xüsusi olaraq qeyd edir: “... tikinti şirkətinin təsisçisi Allahverən Əliyevə azaldılaraq ödəniləcək 437 632 manat məbləğ, hökm elan olunan 2012-ci ildə 400 000 avroya bərabər idi, vaxtında ödənilsəydi şirkət bir çox problemlərini həll etmiş olardı. Bu gün ödəniləcək məbləğ heç qeyd olunan valyutanın yarı dəyərini belə təşkil etmir. Məhkəmə icraçılarının məsuliyyətsiz davranışı şirkətə böyük zərər vurmaqda davam edir”
Məhkəmə qərarı könüllü icra edilmədiyindən, Beyləqan icra şöbəsi tərəfindən hökm üzrə icraat başlanaraq, borclu Əlihüseyn Hüseynova və “Aran Qala” MMC-yə təklif olunub ki, 10 gün müddətində icranı təmin etsinlər. İcra sənədinin icrasının təmin olunması üçün borclunun əmlakının siyahıya alınmasına və həmin əmlakın üzərinə həbs qoyulmasına baxmayaraq, icra şöbəsi çıxarmış olduğu qərarı icra etməyib. İcra şöbəsi hətta Məşədi İbad qədər də davrana bilməyərək “... bir parça kağız nədir ki,...” bu barədə zərərçəkmiş şəxs qismində tikinti şirkətinin təmsilçisi Əliyev Allahverən Şükür oğluna məlumat verməyib. Altı il keçir.
Müraciətdə bildirilir: “Beyləqan icra şöbəsinə, konkret olaraq şöbənin rəisi İlkin Məmmədova öz qərarını icra etməkdə nə, daha doğrusu, kim mane olur? Yenəmi Latviyadan gələn “xahişlər”, yenəmi sözü “daşdan keçən” Ali Məhkəmə məmurlarının subyektiv mövqeləri? Bəs, çoxsaylı kollektivin mənafeyi, bəs şah olan qanun və onun icrası? İlkin Məmmədovun qanuna, hüquqa hörmətsizliyi bununla bitmir. Tikinti şirkətinin müraciətində yazılır: - “şikayətimiz əsasında Şirvan İnzibati – İqtisadi məhkəməsi iki dəfə məhkəmə prosesi təyin edib və İlkin Məmmədovu da dəvət edib. Hər dəfə İlkin Məmmədov məhkəməyə hörmətsizlik göstərərək prosesə qatılmayıb”.
Müraciətdə deyilir: “Əmlakın qiymətləndirilməsi işini həyata keçirən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən “Aran Qala” MMC–yə məxsus olan Beyləqan rayonu Allahyarlı kəndinin ərazisində yerləşən qeyri-yaşayış sahəsinin (zavod binası daxilində quraşdırılmış avadanlıqlarla birlikdə) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilib və qeyri yaşayış sahəsi 900.000 manat məbləğində qiymətləndirilib. Qeyd olunan ekspert rəyi Beyləqan rayon İcra şöbəsinə 25 aprel 2015-ci il tarixində daxil olsa da, borc ödənilməyib və bununla əlaqədar İcra şöbəsi tərəfindən hər hansı bir tədbir həyata keçirilməyib. Bu barədə Beyləqan İcra Şöbəsinə “Caspian Service” MMC-nin təsisçisi, zərərçəkən Əliyev Allahverən Şükür oğlu tərəfindən 19.02.2016-cı il tarixdə rəsmi müraciət edilsə də, yenə də icra onlar tərəfindən nəinki təmin edilməyib, hətta müraciətə cavab belə verilməyib”.
İşdəki tarixlərə diqqət edin - zaman kəsimi günlər, aylar, hətta il deyil, illərdir. Bu isə minlərlə insanın əmək haqqına, dolanışığına, bir şirkətin isə perspektivinə zərbə deməkdir.
“Daha sonra Əliyev Allahverən Şükür oğlu tərəfindən 05.07.2017-ci il tarixdə icra şöbəsinə müraciət edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli hökmünün ona aid hissəsinin icra edilməsi xahiş edilib. Müraciətə qeyri-müəyyən bir cavab verilərək bildirilib ki, “Aran Qala” MMC-nin qiymətləndirilməsi və hərrac yolu ilə satılaraq dəymiş ziyanın ödənilməsi məqsədilə, MMC-yə məxsus sənədlərin Beyləqan icra şöbəsinə göndərilməsi üçün guya ayrı – ayrı vaxtlarda müraciətlər olub”. Cənab icra nümayəndələri, Sizə nə lazımdır? Fakt budur ki, müraciət olunub və sizlərin vəzifəsi onu yerinə yetirməkdir, müraciətlərin verilmə vaxtının müxtəlifliyini bəhanə gətirmək yox.
Müraciətdən aydın olur ki, “Beyləqan İcra şöbəsi hökmün icrasını yerinə yetirmir. Bundan əlavə hökmün icrası üçün bilərəkdən borclunun (məhkumun) “Aran Qala” MMC-dəki payına yönəltmə və qiymətləndirmə icra edilməli olduğu halda, “Aran Qala” MMC-nin tam olaraq qiymətləndirilməsi tapşırığı verilib. Bu tapşırıq da icra edildikdən sonra, “Aran Qala” MMC-nin digər təsisçilərinin maraqlarına toxunduğundan mübahisələndirilib və onun nəticələri, yəni ekspert rəyi məhkəmə qaydasında etibarsız hesab edilib. Yenə də yuxarıda qeyd edilən “xarici ölkədən gələn xahiş”, borclunun (məhkumun) qardaşı, Latviya vətəndaşı Əlirza Hüseynovun məhkəmə qərarlarına və icraya təsir edən səlahiyyətli dostlarının – Latviya Respublikasının prezidenti Raymond Veyonisin tapşırığı Azərbaycan qanunlarını həyata keçirməyə mane olub? Bəlkə başqa nüans da var? Nəzərə alsaq ki, “Aran Qala” MMC ilk dəfə dövlət qeydiyyatından 1994-cü ildə keçib və zavodun ilk təsisçiləri sırasında bir çox şəxsin olması, bəzi şübhələr yaradır.”- tikinti şirkətinin müraciətində belə deyilir.
Göründüyü kimi Beyləqan rayon İcra Şöbəsinin rəisi İlkin Məmmədov rəsmi müraciətlərə baxmayaraq hökmün icrasından yayınır, hərəkətsizlik göstərir. “İcra məmurları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən məhkəmə orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir. Beyləqan rayon İcra Şöbəsi isə bu günə kimi Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış hökmün icrasını həyata keçirmir.
Qeyd edək ki, məhkəmənin saxta müqaviləyə əsaslanıb (bu barədə 12 mart tarixində saytımızda məlumat verilib) Allahverən Əliyevə dəyən zərərin azaldılması barədə hökmün hissəvi ləğvinə dair ərizəsinin təmin edilməməsi haqqında Ali məhkəmənin hakimi Əziz Seyidovun qərarından Konstitusiya məhkəməsinə şikayət edilib. Tikinti şirkəti ümid edir ki, ilk baxışdan adi gözlə görünən saxta imzaların təsbiti Konstitusiya məhkəməsinin təcrübəli və səriştəli hakimlərinin icraatında da öz təsdiqini tapacaq və haqq-ədalət bərpa olacaq. Konstitusiya məhkəməsi hakimlərinin işə əlavə edilən müqaviləyə diqqətli baxışı, tikinti şirkətinin nə dərəcədə haqlı olduğuna tutarlı sübut olacaq. Nəzərinizə çatdırılan müqavilənin saxta olduğunu istintaq və məhkəmə orqanları görməzdən gəlsə də, diqqətli oxucu əsli olmayan, yalnız maraqlı tərəf – “Aran Qala” MMC tərəfindən təsdiqlənən bu müqavilədə imzaların saxta olduğunu adi gözlə də görə bilər.

Saxta imzaların şəkli

Müraciətin sonunda xüsusi olaraq vurğulanır: “... təzadla dolu, eyni zamanda təəccüb doğuran bir məsələni diqqətinizə çatdırmaq yerinə düşər. Əvvəllər də qeyd edildiyi kimi, “Caspian Service” MMC-nin fəaliyyəti yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda – Avropa ölkələrində, Qazaxıstanda da yaxşı tanınır və bu istiqamətdə yeni tikinti layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu günlərdə İctimai televiziyada şirkətin fəaliyyəti və perspektivləri barədə süjet verilmiş və “Caspian Service” MMC-nin rəhbəri Rəhim Sultanov geniş çıxış etmişdir.
Ölkəmiz adına yalnız müsbət rəylər formalaşdıran, Azərbaycan memarlığının xaricdə tanınmasına xidmət edən bu işlərin fonunda, adının çəkilməsini məqbul hesab etmədiyimiz Ali Məhkəmənin yüksək ranqlı hakimlərindən biri şirkətə qəribə və kifayət dərəcədə qeyri-ciddi olan bir ismarış çatdırıb: “Caspian Service” MMC, “Aran Qala”-nın 2.040.000 ABŞ dolları və 450.000 manatlıq təzminat iddiasını qəbul etsin ( ?!), balansından bütün əmlakları silsin, icra məmurları gəldikdə isə bildirilsin ki, şirkətin heç nəyi yoxdur, müflis olub. Bununla da hər şey bitəcək”.
Diqqət edin: Hüquq və ədalət sisteminin səlahiyyətli nümayəndəsi faktiki olaraq böyük bir şirkəti fırıldaqçılığa, nəticədə cinayət tərkibi olan əmələ - dələduzluğa sövq edir, məsləhət görür. Bununla da “Caspian Service” MMC-ni, fırıldaqçılıq və dələduzluqla məhkum olunmuş “Aran Qala” MMC-nin rəhbərliyi ilə eyniləşdirmək istəyir. Şirkət qanunsuzluğun zorla qəbul olunmasını məsləhət görən hakimin son məqsədinin tikinti şirkətini müflis elan etməklə, bilərəkdən, ya bilməyərəkdən minlərlə iş yerinin bağlanmasına çalışdığının fərqində olmamasına təəssüf hissi keçirdiyini bildirir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

moderator.az

"Caspian Service" ədalət axtarışına çıxsa da... - QALMAQAL
"Caspian Service" ədalət axtarışına çıxsa da... - QALMAQAL
"Caspian Service" ədalət axtarışına çıxsa da... - QALMAQAL

Şərhlər

XƏBƏR LENTİ