SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cəbhə bölgəsinin zabitinə qarşı LOMBARD DƏLƏDUZLUĞU

Cəbhə bölgəsinin zabitinə qarşı LOMBARD DƏLƏDUZLUĞU

Tarix:

11-04-2018, 09:30

/ 1 330 dəfə oxundu.
Cəbhə bölgəsinin zabitinə qarşı LOMBARD DƏLƏDUZLUĞU

Azərbaycan Ordusunun düşmənlə üz-üzə xidmət edən, bu ölkənin suverenliyi uğrunda canını ortaya qoyan zabitimiz Lombard fırıldaqçılığına məruz qalıb.

Daxil olan şikayət bir çox mətləbləri, o cümlədən, kredit fırıldaqçılarının bu dövlətin heç bir dəyərinə sayğı göstərmədiyini ortaya çıxardır.

Ön cəbhədə döyüşən zabitə qarşı arxa cəbhədə dələduzluq

Kərimov Rüstəm Elşad oğlu Azərbaycan Ordusunun zabitidir. Düşmənlə üz-üzə olan N saylı hərbi hissədə xidmət edir. O, bütün həyatını Azərbaycanın suverenliyini qorumaq, qarlı günlərdə belə Vətənin uğrunda mübarizə aparmağa həsr etmək yolunu seçib. Amma bu istəkdə bulunan və ön cəbhədə xidmətə başlayan Rüstəm Kərimova zərbəni arxa cəbhədə-Nəsimi rayonu, Mir Cəlal Əliyev küçəsi, 18 A ünvanında yerləşən Lombardda vurublar.
R. Kərimov deyir ki, aldığı məvacibdən pul toplayaraq avtomobil almaq qərarına gəlir. Avtomobil sahibi ilə 14500 manata razılaşır. Lakin 10500 manat ödəmək iqtidarında olduğu üçün Lombarddan kredit götürmək qərarına gəlir. Nəsimi rayonu, Mir Cəlal Əliyev küçəsi, 18 A ünvanında yerləşən Lombardla razılaşır. Razılığa görə, o, 4300 manat kredit qarşılığında aldığı avtomobili Lombardın əməkdaşı Pərvanə Muxtarovanın adına keçirir. P. Muxtarova ona avtomobili sürmək üçün etibarnamə verir. Hər ay Lombarda 361 manat ödəməli, krediti tam ödədikdən sonra isə avtomobili onun adına keçirməli imişlər.

3 aya 4700 manat faiz, yaxud Lombardın görünməmiş fırıldağı

R. Kərimov avtomobili aldıqdan təxminən 15 gün sonra qəza keçirir. Sığorta şirkəti avtomobilin təmiri üçün təyin olunan 1240 manatı ödəməyə razılaşır, lakin prosedura görə bu pul P. Muxtarovanın hesabına köçürülməlidir. Çünki avtomobil onun adınadır.
R. Kərimov deyir: "Mən bununla bağlı Lombarda müraciət etdim. Lombardda mənə kredit verən Xəyal adlı şəxs razılaşmadı. Daha sonra sığorta şirkəti pulu Pərvanə Muxtarovanın hesabına köçürüb, avtomobil "Qrand Servis”də təmir olunduqdan sonra Lombarda aparılıb. Mənim bu prosesdən heç bir xəbərim olmadı. Bu proseslər təxminən bir neçə ay apardı. Həmin müddətdə aylıq 361 manatı ödəmədim, nəticədə 3 aylıq gecikmə yarandı. Mən aylıq ödənişi gecikmə ilə birlikdə ödəmək üçün Lombarda getdim, lakin Xəyal adlı şəxs mənə bildirdi ki, onlar bunu qəbul etmirlər. Mən götürdüyüm 4300 manatı faizi ilə birlikdə ödəməliyəm. Yalnız bundan sonra avtomobili mənə verəcəklər. Bir neçə gün sonra xəbərdarlıq etdilər ki, avtomobili satacaqlar. Bu yaxınlarda isə bildirdilər ki, avtomobili artıq satıblar. Mənə dedilər ki, avtomobili 12000 manata satıblar. Guya mənim borcum faizi ilə birlikdə, həmçinin, maşının cəriməsi ilə birlikdə 9000 manatdan çox eləyir. Halbuki, maşının cəriməsi maksimum 150 manat ola bilər. 12000 manatdan 9000 manatı özlərinə götürürlər, mənə də cəmi 3000 manat verirlər. Beləcə hər şey qurtarır. Halbuki mən avtomobilə 10500 manat nəğd pul ödəmişəm. Avtomobili alan şəxsin dilindən kağız yazılıb ki, mən ona 10500 manat nəğd pul ödəmişəm, həmçinin, Lombarddan 4300 manat alıb vermişəm. Amma Lombard 3 ay gecikməyə görə 4700 faiz alır. Bu dələduzluqdur”.

R. Kərimov deyir ki, ona avtomobilin 12000 manata satılması ilə bağlı heç bir sübut göstərilməyib. Həmçinin, bu alqı-satqıdan onun ümumiyyətlə xəbəri olmayıb.

Burada açıq qalan məqamlar var:

1. 3 aylıq gecikməyə görə necə 4700 manat faiz gəlir?
2. 14500 manata alınan avtomobil bazar qiymətinə yox, 12000 manata satılır.
3. Lombard avtomobili 12000 manata satıbsa, bununla bağlı hər-hansı qəbzi, yaxud alqı-satqı müqaviləsini niyə avtomobilin əsil sahibinə göstərmir?
4. Lombard doğrudanmı avtomobili satıb? Sübut olmadan kim zəmanət verə bilər ki, Lombard avtomobili satdığını iddia edir və faizi şişirdərək, R. Kərimova 3000 manat verməklə qazanc əldə etmək istəyir. Adi hesablamaya görə, Lombard buradan 7 min qazanc əldə edib. Belə ki, real qiyməti 14500 manat olan avtomobilə 7300 manata (4300 manat kredit kimi, 3000 manat da satışdan qalan pul kimi) əldə edir.

Hadisənin analizi da göstərir ki, bu, Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, Azərbaycan Ordusunun düşmənlə üz-üzə xidmət edən zabitinə qarşı böyük dələduzluqdur.
R. Kərimov məsələ ilə bağlı Binəqədi rayon polis bölməsinə şikayət etdiyini bildirib. O, həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini qeyd edib. O, ümid edir ki, dövlət rəhbərliyi bu məsələni diqqətdə saxlayacaq.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Miq.az

Şərhlər

XƏBƏR LENTİ