SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AMEA-da təxribat, yoxsa şəxsi-qərəzlik?

AMEA-da təxribat, yoxsa şəxsi-qərəzlik?

Tarix:

4-04-2018, 16:07

/ 1 624 dəfə oxundu.
AMEA-da təxribat, yoxsa şəxsi-qərəzlik?

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynova qarşı təzyiqlər davam edir.

Yenicag.az xəbər verir ki, saytımızda “AMEA-nın kağız üzərində apardığı “qazıntı”ya etiraz edən alimə qarşı “HÜCUM”” başlıqlı yazıdan sonra institutun elmi işçisi Səbuhi Hüseynovun həyat yoldaşı Gülüstan İsayevaya da qarşı həm mənəvi, həm də fiziki təzyiqlərə məruz qalıb.

Səbuhi Hüseynovun sözlərinə görə, institut rəhbərliyinin onun heyifini həyat yoldaşından alması alimlərə yaraşmayan hərəkətdir:

“Həmin institutda kadrlar şöbəsinin müdiri işləyən həyat yoldaşım Gülüstan İsayevaya təzyiqlər başladı. Bu azmış kimi, hamilə yoldaşıma fiziki təzyiq də göstəriblər. İnstitutun direktoru Maisə Rəhimovanın və elmi işlər üzrə müavin Nəcəf Müseyiblinin adamı kimi tanınan Mətanət Hüseynova yoldaşıma xəsarət yetirmək məqsədi ilə ona hücum edib. Məqsəd məni qorxutmaq və bildirdiyim fikirlərə görə, daha sərt təzyiq etmək idi. Dərhal polisə zəng etdim. 28-ci bölmənin əməkdaşları hadisə yerinə gəldi və izahatlarımızı aldılar”.

Müsahibimin sözlərinə görə, Qarabağın arxeoloji qazıntıları barədə yazılara tutarlı cavabı olmayan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu acizlikdən bu yola əl atıb:

“İnstitutun rəhbər şəxslərinin Qarabağ adı ilə yediyi pullarını haqlı olaraq qeyd etmişdim. İnstitutun direktoru bir az da irəli gedərək, bizi təhqir edərək, bunları dedi:

“Qarabağ indi yadınıza düşüb, bəs torpaqlar işğal olunanda hardaydız?”. Harada olduğumu deyim, hörmətli Maisə Rəhimova, Ağdam və ümumiyyətlə, Qarabağın işğalı vaxtı mənim 13 yaşım vardı. Lakin mən anamla son günə qədər güllənin və raketin altında Ağdam şəhərində olmuşam. Atam və qayınatam ermənilərlə üz-üzə döyüşdə idi. Canları bahasına düşmənlə mübarizə aparırdılar. Atamın başı bu işə elə qarışmışdı ki, oğul övladı olan məni belə unutmuşdu. Çünkü Ağdamdan bir az da gec çıxsaydıq, anamla məni ermənilər əsir götürəcəkdilər. Siz yaxşı olar ki, rəhbərlik etdiyiniz, ancaq başsız qalan o institutunuza baxın. Sıfır səviyyədə idarəçilik etdiyiniz o cür mühüm bir strateji institutu korrupsiya yuvasına döndərməyiniz bəs deyilmiş kimi, hələ bir düşmənimiz olan erməni ilə mübarizədə də uduzursunuz. Ayıbdır! Torpaq uğrunda canından keçən oğulların ruhundan ayıbdır! Qarabağ üstündə korrupsiya qurmağa haqqınız yoxdur”.

Bundan sonra da susmayacağını deyən Səbuhi Hüseynov onu da qeyd edib ki, hadisə ilə əlaqədar Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib.

Səbuhi Hüseynovun səsləndirdiyi fikirlərlə bağlı institutun elmi işlər üzrə müavini Nəcəf Müseyibli Yenicag.az-a açıqlamasında bildirib ki, adıçəkilən şəxs 2 həftədən çoxdur əcaib işlərlə məşğuldur:

“Düşünürəm ki, bunun hamısı təxribatdır. O, heç nəyə məhəl qoymadan məni və institutun xanım direktorunu təhqir etməklə məşğuldur. Ölkəmiz prezident seçkiləri ərəfəsindədir, təxribat törətmək istəyən qüvvələr var; düşünürük ki, Səbuhi Hüseynov da o qüvvələrə işləyir. Prezident seçkiləri ərəfəsində istəmirik ki, səs-küy olsun, seçkilərdən sonra məhkəməyə müraciət edəcəyəm”.

Qarabağ ekspertizalarının işləməməsi məsələsi ilə bağlı Nəcəf Müseyibli bunları deyib:

“Bəs gördüyümüz bu qədər işlərimiz nədir? Daha bir sual: “Bu qədər informasiyalar Səbuhi Hüseynovda haradandır?”. Onun həyat yoldaşı institutun kadrlar şöbəsinin müdiridir. Bu cür informasiyaları da oradan alır”.

Səbuhi Hüseynovun həyat yoldaşı Gülüstan İsayevaya edilən təzyiqlərə gəlincə isə elmi işlər üzrə müavin bunu yalan adlandırıb:

“Polisə müraciət edildiyi doğrudur. Onlar da gəlib, nəyə görə çağırıldıqlarına təəccübləndilər. Bu, təxribatdır. Polisi Gülüstan İsayevaya qarşı şəxsi-qərəzlik zəminində çağırıblar”.

Şərhlər

XƏBƏR LENTİ