SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Havar müəllimdən absurd davranışlar... - İngils dilini bilməyən müəllim ingiliscə dərs deyir

Havar müəllimdən absurd davranışlar... - İngils dilini bilməyən müəllim ingiliscə dərs deyir

Tarix:

7-03-2018, 09:42

/ 1 354 dəfə oxundu.
Havar müəllimdən absurd davranışlar... - İngils dilini bilməyən müəllim ingiliscə dərs deyir

Azərbaycanda nümunəvi təhsil müəssisəsi hesab olunan Qafqaz Universitetinin bağlanmasından ziyan görən ilk növbədə tələbələr oldu.

Doğrudur, bu universitetdə Fətullah Gülənçilərin Azərbaycanda ABŞ üçün qızıl beyinli robortlar hazırlayacağı haqda ehtimallarla bağlı suallar hələ də açıq qalıb. Amma bu başqa söhbətin mövzusudur.

İndi bu olayların təsirindən universitetdə ala-yarımçıq təhsil alan tələbələrin şikayətlərini ictimailəşdirmək istəyirik. Çünki Qafqaz Universitetinin qapanmasından təhsilimizin zərər görməsini tələbələrin sadaladıqları da istisna etmir.

“Zərərlidir” deyib, dağıdılan ən reytinqli universitet

Ən yüksək bal toplayan tələbələrin seçdiyi ən reytinqli Qafqaz Universitetində dərs deyən müəllimlərin əməkhaqları da başqa ali məktəblərlə müqayisədə çox yüksək idi. Amma sonra nə həmin müəllimlər qaldı, nə də həmin maaş.

Bu, elə bil bizdə artıq ənənəyə çevrilib. Yenisini qurmadan, “faydasızdır”, “zərərlidir” deyib dağıtdığımız qurumların sonradan bərpa olunmasının, yaranan boşluğun yerinin doldurulmasının əziyyətini çəkirik.

“Elə bil biz bu universitetin ögey tələbələriyik”

Bizə üz tutan tələbələr deyir öncə rəhbərliyi və adı Bakı Mühəndislik Universitetinə dəyişdirilən ali məktəbdə təhsilə və tələbələrə də münasibət dəyişdi: “Universitetə Havar Məmmədov rektor gələndən sonra özümüzü orada ögey tələbə kimi hiss etməyə başladıq, çünki həmin gündən qarşımıza qadağalar, yasaqlar qoyuldu”.

“Liftlərin, kompüter otaqlarının qapısı tələbənin üzünə bağlandı”

Gileylənən tələbələrin sözlərinə görə, ilk olaraq liftlərin qapıları üzlərinə bağlanıb: “Rektor tapşırıb ki, tələbələr liftə minməsin. Sonra komüpter otaqlarına buraxılmağımıza yasaq qoyuldu”.

İngilis dilli ixtisasda azərbaycanca tədris

Onları ən çox incidən məsələlərdən biri isə verilən təhsilin keyfiyyətinin gün-gündən aşağı düşməsidir. Belə ki, Qafqaz Universitetində ingilis dilində məktəbəqədər pedaqoji kadrların hazırlanmasıyla bağlı ixtisas açılıb. Bu ixtisasın tələbələrinə dərslər əvvəlki universitetdə əsasən ingilis dilində tədris olunurdu, sonra onlara bütün dərslər Azərbaycan dilində keçirilməyə başlayıb.

“Hədələnirik ki, narazılıq edən, qovulacaq”

Dövlət sifarişi əsasında təhsil alan tələbələr bundan narazılıq etdikdə isə onlara rektorun adından hədələr gəlib ki, şikayət edən universitetdən çıxarılacaq: “İlk vaxtlar bütün dərslər ingiliscə aparılırdı ki, biz ingiliscə mükəmməl öyrənək. Hazırda isə heç bir dərsimiz inigiliscə tədris olunmur. Universitetdə müəllimlərin ixtisarı olduğuna görə, indi kadr çatışmazlığı yaranıb. Kənardan dəvət olunan müəllimlər isə aşağı əmək haqqı aldıqları üçün tədrisi keyfiyyətli aparmırlar. Hətta ingilis dilində dərs deməyən müəllimə irad tutduqda ki, dərsi niyə azərbaycanca keçir, müəllim belə cavab verdi ki, 170-180 manat maaş alıram, ingiliscə bilsəydim, bu qədər maaşa dərs deyərdim, gedib daha gəlirli yerdə çalışardım. Bu necə olur, adlı-sanlı bir universitetdə müəllim dili bilməyə-bilməyə ingilisdilli ixtisasdan dərs deyir? Rektorluqdan xəbər aldıq ki, əgər kadr çatmırsa bizim günahımız nədir? Cavab verdilər ki, rektor deyib, etirazı olan universitetdən qovulacaq”.

Dövlətin pulu niyə israf olunur?

Məsələ ilə əlaqədar BMU və Təhsil Nazirliyinə sorğu ilə müraciət etdik.

Sorğuda tələbələrin redaksiyamıza söylədikləri problemlər qeyd olunmaqla yanaşı yazılır: “Əgər tələbələrin dediyi problemlər təsdiqini taparsa, belə qənaət yaranır ki, dövlət vəsaiti hesabına təhsil alan bu tələbələr məktəbəqədər hazırlıq müəssisələrində ingilis dilli kadr olaraq hazırlanmayacaq. O zaman bu istiqamətdə dövlət vəsaiti niyə israf olunmalıdır? Digər tərəfdən, bir universitetin rəhbərliyinin yeni mütəxəssilər cəlb etmədən, müəllim heyətində ixtisarlar aparması, tələbələrə qarşı hədələyici davranışı nə dərəcədə doğrudur?”

Sorğularımıza cavab aldıqda oxucularımızın diqqətinə çatdıracağıq.

Tələbələrin hüququnu pozmayın!

Təhsil eksperti Fəxrəddin Yusifov məsələni belə şərh edir: “Məlum sərəncamdan sonra Qafqaz Universiteti öz fəaliyyətini dayandırdı. Profil nöqteyi-nəzərindən Bakı Mühəndislik Universitetinə çevrildi. Tərkibində qalan fakültələr öz ixtisasları üzrə fəaliyyətlərini davam etdirməyə başladılar. Təbiidir ki, I, II kursdan sonra Mühəndislik Universitetinin profilinə aid olmayan bu ixtisasların davamı olmayacaq deyə, dərs deyən müəllimlərin ixtisarı da gözləniləndir. Çünki ştat vahidləri azaldığına görə, müəyyən ixtisarlar getməlidi. Deyək ki, əvvəllər min saat dərsi olan müəllim, növbəti ildən 800 və daha az saat dərs deyəcək. Belə bir məqamda ixtisarların olması zəruri olduğu üçün, yarımştatda qalıb işləməyə çox hallarda müəllimlər razılaşmır və işini tərk etməli olur.

Amma başqa yerə gedən müəllimlərin yerini yeni kadrlar tutmalıdır. Məsələn, ingiliscə məktəbəqədər ixtisaslarda dərs deyən müəllimlərin dərs saatı azaldığından, yarımştatla çalışmağa razı olmadğına görə, təbii ki, işini tərk edəcək. Rəhbərlik isə belə məqamda çarəsiz durumda qalıb ingiliscə dərs aparan müəllim olmadığından Azərbaycan dilində dərs deyən müəllim cəlb edəcək. Bu isə müəyyən ixtisas tələblərinə cavab verən məsələlərə uyğun gəlmir. Belə addım ixtisas xarakteristikasına uyğun gəlmirsə, burada tələbələrin bir günahı yoxdur. Ən azından o ixtisasa uyğun ingilis dilində dərindən bilən mütəxəssis onlara dərs deməlidir. Məsələnin belə tənzimlənməsi mövcud qanunvericiliyə uyğun deyil. Kənardan mütləq kadr cəlb olunmalıdır, müəllim mobilliyi məsələlərindən istifadə olunmaqla bu problem həllini tapmalıdır. Müəllim 170 manat deyil, 100 manat almış olsa belə, müvafiq ixtisasın tələbləri ingiliscə dərs tədris etməkdirsə, ingiliscə də tədris olunmalıdır. Təbiidir ki, bu müvəqqəti bir haldır. İki il ərzində bu universitetdə qeyri-profil ixtisaslar qalmayacaq. Amma bu haqq vermir ki, son iki il müddətinə sözügedən ixtisasda təhsil alan tələbələrin hüquqları pozulsun. Hər bir tələbə təhsil aldığı müəssisədə dövlətin nəzarəti nəticəsində təhsilin keyfiyyətinə kifayət qədər nəzarət etməlidir”.

““Fetöcu” adı ilə bu damğaya haqq edən də, etməyən də kənara atıldı”

Qeyd edilən problem valideynləri də ciddi narahat eləyir: “Dövlət bu tələbələrin təhsilini öz boynuna çəkib. Amma bu qayğıya universitet rəhbərliyi laqeyd yanaşır. “Fetöcu” adı ilə bu damğaya haqq eləyən də, eləməyən də işdən atıldı. Bəs bizim balalarımızın təhsil taleyi necə olacaq?! Ölkə rəhbərliyi nüfuzlu bir ali məkttəbi peşəkar saydığı elm adamına həvalə elədi. Biz çox arzu edərdik ki, Havar müəllim bizim səsimizi eşitsin, ona etimad olunan vəzifəni doğruldub, işinə daha məsuliyyətlə yanaşsın. Çünki bu gün ingilis dili dünyada hegemonluq edir. Hesab edirik ki, körpələrimizin məktəbəqədər təhsil müəssisələrindən başlayaraq ingilis dilinə mükəmməl sahib olması gələcəkdə bu hegemonluğun qarşısına çıxacaq gücdür. Məsəl var, deyirlər, öyrədənin beynindəki qaranlıq, öyrətdiyinin beynindəki zülmətdir. Öyrətdiklərinizin beynində zülmət yaratmayın!”
Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ