SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirdən məmurlara dərs: Şirəliyev qohumlarını işə götürməyi yasaqlayıb

Nazirdən məmurlara dərs: Şirəliyev qohumlarını işə götürməyi yasaqlayıb

Tarix:

21-02-2017, 00:06

/ 1 869 dəfə oxundu.
Nazirdən məmurlara dərs: Şirəliyev qohumlarını işə götürməyi yasaqlayıb

Səhiyyə sistemindəki nöqsanları, səhiyyə naziri Oqtay Şirəliyevi bəlkə də bizim qədər tənqid edən mətbu orqan yoxdur. Hər zaman tibb sahəsində nöqsanları qərəzsiz və faktlara söykənərək təqdim etməyə çalışmışıq.

Tibb ölkənin sağlamlığı və gələcəyi deməkdir və bu baxımdan səhiyyə sahəsindəki problemlərə ikiqat həssas yanaşırıq. Amma bu o demək deyil ki, Səhiyyə Nazirliyinin gördüyü müsbət işləri də təqdir etmirik.

Məsələn, səhiyyə naziri Oqtay Şirəliyev ciddi addımlar atmağa başlayıb. Nazir ilk öncə "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası"na ciddi nəzarət olunması üçün göstəriş verib.

O, hətta sertifikasiya imtahanından keçə bilməyən qohumlarına belə güzəşt edilməsinə qadağa qoyub. Nazir belə hallar baş verdiyi təqdirdə həmin şəxslərin ciddi cəzalandırılacağını deyib.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev faktı təsdiqləyərək bunları deyib:

“Əvvəlki illərdə tanış həkimlərin qeyri-rəsmi şəkildə sertifikasiyadan keçmələri üçün zəng vurub xahiş edərdilər. Mən də bir-iki dəfə zəng vurub həkim tanışım üçün xahiş etmək istədim. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyə Mustafayeva bildirdi ki, nazir Oqtay Şirəliyev göstəriş verib ki, mənim öz qohumum olsa belə sertifikasiya prossesində güzəşt edilməsin. Xüsusən müasir diaqnostikanı bilməyəndən, dərmanın adını tanımayandan sonra təbii ki, o həkim cəllada çevrilir. Cavab olaraq dedim ki, Zəkiyyə xanım, ən yaxın adamım da olsa mən sizdən xahiş etməyəcəm”.

Sertifikasiya prosesində həqiqətən şəffaflıq təmin olunubsa, bunu alqışlamaq olar. Əgər nazirin dediyi kimi, ən yaxın qohumuna belə qadağa qoyubsa və əməl olunursa, səhiyyə sahəsində irəliləyiş olacağına ümid etmək olar.

Eyni zamanda nazirin göstərişi ayrı-ayrı nazirliklərə, komitələrə və icra hakimiyyətlərinə nümunə olmalıdır. Bu gün müxtəlif vəzifələrdə qohum-əqrəbasını yerləşdirən məmurlar və nazirlər var. Hətta ad-familiyasını yaza bilməyən qohumunu yüksək vəzifəyə təyin edirlər.

O.Şirəliyevin nümunəsində bəzi nazir və məmurların da analoji addım atacağı gözləntisi var. Bununla cəmiyyətin inkişafını təmin etmək mümkündür.

Gələcəyə ailə-klan təfəkkürü ilə yanaşanlar həm xalqa xəyanət edir, həm gələcək üçün dərin problemlər qoyur. Savadlı kadr kənarda qalır və bisavad hansısa posta rəhbərlik edir.

Onu da deyək ki, Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalanıb.

Nazirlikdən verilən məlumata görə, "Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr Prezident Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən imzalanıb.

Əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ