SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident Mingəçevir elektrik paylayıcı şəbəkəsində açılış etdi

Prezident Mingəçevir elektrik paylayıcı şəbəkəsində açılış etdi

Tarix:

27-02-2018, 17:12

/ 1 418 dəfə oxundu.
Prezident Mingəçevir elektrik paylayıcı şəbəkəsində açılış etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında müstəsna rol oynayacaq.

Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomat idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsi də ötən müddətdə Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Kürdəmir, Ağdaş, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay şəhər və rayonları üzrə 1 milyon 200 min nəfər əhalini əhatə edən 261 min abonentə xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırıb. Ağsu rayonunda 110 kilovoltluq 3 və Ağdaş rayonunda 35 kilovoltluq 8 yarımstansiya tikilib, 490 yeni transformator məntəqəsi quraşdırılıb, 5700 transformator məntəqəsi əsaslı təmir olunub. Həmçinin 10,2 kilometr 110 kilovoltluq, 127 kilometr 35 kilovoltluq, 870 kilometr 6-10 kilovoltluq, 710 kilometr 0,4 kilovoltluq hava xətləri, 2300 kilometr özünüdaşıyan izolyasiyalı naqillər çəkilib. Habelə 11 min yeni sayğac quraşdırılıb və 51 min sayğac yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində texniki itkilər 13,5 faizdən 11,1 faizə enib, elektrik enerjisinin satışında yığım 65,5 faizdən 94,1 faizə yüksəlib.

Sonra Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə salıb.

Şərhlər

XƏBƏR LENTİ