SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nəsimi rayonunda “QANUNSUZ KÜÇƏ TİCARƏTİ” və adı hallanan XANIM deputat

Nəsimi rayonunda “QANUNSUZ KÜÇƏ TİCARƏTİ” və adı hallanan XANIM deputat

Tarix:

18-02-2018, 14:40

/ 1 499 dəfə oxundu.
Nəsimi rayonunda “QANUNSUZ KÜÇƏ TİCARƏTİ” və adı hallanan XANIM deputat

Son illərin müşahidələri göstərir ki, Azərbaycanda ictimai, iqtisadi, sosial həyatın az qala bütün sahələrində tənzimlənməli məsələlər, düyünə düşən problemlər yalnız və yalnız dövlət başçısının konstruktiv müdaxiləsindən, kreativ təşəbbüslərindən sonra həllə yönəlir. Bu sırada onu da qeyd etməyə dəyər ki, “qanunsuz küçə ticarəti” termini də Azərbaycan qanunvericiliyinə məhz Azərbaycan Prezidenti tərəfindən 2015-ci il dekabrın 29-da Milli Məclisə təqdim olunmuş və 2016-cı il mayın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsi ilə daxil olub.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” müəyyən məhdudiyyətlər qoymaqla yanaşı, küçə ticarətinin aparılmasını istisna etmir. Həmin Qaydalara əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə yalnız dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları satmaq olar. Digər ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir. Vergi qanunvericiliyinin pozulması hallarına gəldikdə isə, küçə ticarəti ilə məşğul olan şəxsə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanında vergi uçotuna alınmadığı halda 40 manat məbləğində, əhali ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatı və ya ciddi hesabat blankları tətbiq etmədən apardığı halda təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində, ikinci dəfə yol verildikdə 800 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin heç kəsə sirr deyil ki, paytaxtın bir çox yerlərində qanunsuz küçə ticarəti, o cümlədən küçədə satılmasına icazə verilməyən malların satışına göz yumulur.

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) “Küçə ticarətində inzibati baryerlərin müəyyənləşdirilməsi” mövzusunda tədqiqat çərçivəsində aparılmış müsahibələr nəticəsində məlum olmuşdur ki, İçəri şəhər ərazisi və metro keçidləri istisna olmaqla digər yerlərdə küçə ticarəti ilə məşğul olanlar dövlətin müxtəlif nəzarət və yoxlama orqanlarına fərqli məbləğlərlə ödənişlər edirlər. Bu ödənişlər həmçinin fəaliyyətə başlama və fəaliyyət dövrlərinə görə də fərqlənir. Belə ki, fəaliyyətə başlayanlar aşağıdakı kimi qeyri-rəsmi ödənişlər edirlər.

Qeyri-rəsmi ödənişlər fəaliyyət dövründə də davam etdirilir. Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində “Naiqin bazarı” kimi tanınan qanunsuz küçə ticarəti zolağı formalaşıb. Səsi-küyü, yola-rizə törətdiyi maneçiliklə yaxın ətrafda yaşayan sakinlərin rahatlığını pozan və onların dəfələrlə DİN-nin “102” xidmətinə şikayət etməsinə səbəb olan bu bazarın Tovuz əsilli sahibi Naiqin xanım deputat Qənirə Paşayevanın himayəsindən faydalandığı barədə söz dolaşsa da, aşkar görünən budur ki, qeyd olunan ünvanda küçə ticarətinə rəvac verilməsinə başlıca sorumlu şəxs Nəsimi RİH başçısı cənab Asif Əsgərovdur. Bir müddət əvvəl yəqin ki, kampaniya xatirinə rayon rəhbərliyi orada küçə ticarətinə qarşı reyd aparıb ticarətçilərin sırasını dağıtsa da, sonradan bu işin necə deyərlər, başı buraxıldı. İnanmaq istəyirik ki, bu yazıdan sonra həm Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti, həm də Nəsimi rayon Polis İdarəsinin rəisi cənab Musa Musayev sözügedən ünvanda qanunsuz küçə ticarətinə son qoyulması üzrə ciddi tədbirlər görəcəklər.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ