yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Akademikin “ÖLÜM VƏ VERGİ” haqda əminliyi… – “Pul kisəsi, yoxsa həyat?”

Akademikin “ÖLÜM VƏ VERGİ” haqda əminliyi… – “Pul kisəsi, yoxsa həyat?”
16-02-2018, 10:45 257 dəfə baxılıb

Səmədzadənin kənd təsərrüfatı və vergilər barədə fikirləri niyə etirazla qarşılanır?


Əksər ağsaqqal alim, məmur və deputatlarımızın ayrı-ayrı tədbirlərdə səsləndirdikləri fikir və təkiflərə diqqət yetirəndə, toplum olaraq düşdüyümüz durumun səbəblərini anlamaq və dəyərləndirmək xeyli asanlaşır.

Hadı Rəcəbli, Arif Rəhimzadə, Abid Şərifov, Hacıbala Abutalıbov və adını çəkmədiyimiz onlarla məqam və şöhrət sahibləri var ki, az qala ictimaiyyət qarşısındakı hər çıxışları ilə yeni “şedevr” yaradır və tarixə düşə bilirlər.

Təəssüf ki, son fikirləri ilə bu sıraya qoşulmağa namizədlər arasında hörmətli akademik Ziyad Səmədzadə də görünməyə başlayıb. Əlbəttə ki, hətta kababxana işlədən də “müəllim” deyə çağırılan bir məmləkətdə akademik adı daşımağın hansı xüsusi mənəvi zövq verdiyi barədə bir şey deyə bilmərik, bunu hörmətli akademiklərimiz daha yaxşı bilər. Ancaq onu deyə bilərik ki, bu titullar dünya elminə hansısa qlobal yeniliklər bəxş etməsə də, onları daşıyanlara kifayət qədər komfortlu həyat bəxş edə bilib…

Ziyad müəllimin “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda səsləndirdiyi əsas iki fikrə diqqət yetirməmək mümkün deyil. Bunlardan birincisi, Z.Səmədzadənin sonradan akademik şəkildə inkar etmək istədiyi kənd təsərrüfatının vergiyə cəlb olunması fikridir: “Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”. Bunu Azərbaycan iqtisadiyyatını və əhalinin sosial durumunu a-dan z-yə qədər bilməli olan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri deyir. Bundan sonra sosial şəbəkələrdə hörmətli akademik kəskin tənqid olundu. Bu mövzuda sağlam tənqidi isə gözardına vurmaq düzgün olmazdı. Məsələ ondadır ki, kənd əhalisinin vəziyyəti vergisiz-filansız da ürəkaçan deyil. Kəndlər onsuz da boşalır, işçi qüvvəsi paytaxta və xarici ölkələrə axır, qalanlar isə gözlərini ailədəki qocaların pensiyasına və sosial müavinətlərə dikib. Elə kənd yoxdur ki, mağazalarının nisyə dəftərləri borcluların adı ilə boya-boy dolu olmasın və sair.

Kənddə azdan-çoxdan istehsal olunan məhsullarınsa nəinki xarici ölkələrə satılması, hətta paytaxta gətirilməsi belə, bir çox maneələrlə qarşılanır və əksər hallarda sərf etmir. Məsələn, son zamanlarda Ağdam-Bərdə zonasında yerkökü sahələrində məhsul yığımı mənasız işə çevrilmişdir. Qiymətlər kəndçiyə sərf etmir, məhsulun xaricə çıxarılması imkanları isə məhduddur. İndi beləsindən necə vergi tələb edəcəksiniz? Oxşar durum digər məhsullarla da bağlı yaşanır.

Təbii ki, ola bilsin Z.Səmədzadə vergitutma obyekti kimi, iri fermer təsərrüfatlarını nəzərdə tutur ki, bunlara da əsasən quşçuluq və heyvandarlıq müəssisələri daxildir. Ancaq bu ideyanın da həyata keçirilməsi yaxşı heç nə vəd etmir. Çünki verginin tətbiqi mütləq kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirəcək və əhalinin əhəmiyyətli kəsimi üçün əlçatmaz olacaq, necə ki, heç indi də çoxları üçün əlçatan deyil.

Akademikin ikinci fikri: “Mən bir daha əmin oldum ki, dünyada iki şeyə çarə yoxdur: bir ölümə, bir də vergiyə”.

Lap rusların tez-tez yada saldığı məşhur «Кошелёк, или жизнь» (“Pul kisəsi, yoxsa həyat”) ifadəsi yada düşür. Hörmətli Ziyad müəllimin bu cümləsinin öz mahiyyəti və dərinliyinə görə bir akademikə (!) nə dərəcədə yaraşdığını söyləmək bizim həddimizə deyil. İnanırıq ki, bu fikri bir qədər ironik formada səsləndirib… Çünki elə onunla eyni tədbirdə çıxış edən yeni vergi naziri dedi ki, bu sistemdə bir sıra iri şirkət və şəxslərin himayə edilməsi halları var. Bu o deməkdir ki, külli miqdarda vəsait vergidən yayındırılıb və ölən-filan da olmayıb, deməli vergiyə çarə var! Amma baxır kimlər üçün…

Həmin tədbirdə çıxış edən digər ağsaqqal deputat Vahid Əhmədov isə əksinə, verginin az qala ölüm hökmünə çevrilməsinin düzgün olmadığını dedi: “Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və onun yığılmasında çətinlik yaranır. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm…”

Deputat doğru deyir, ancaq sona qədər demir. Deyir hər şeyi açıqlamaq istəmirəm. Sual olunur – niyə? Bu, şəxsi məsələdirmi, yaxud dövlət sirridirmi? Əlbəttə yox. Buna deyirlər “oxu atıb, yayı gizlətmək”. Əksinə, problemi açmaq və həqiqəti söyləmək deputatın birbaşa vəzifəsidir! Elə bu faktın özü, bizim bir çox sahələrdə olduğu kimi, deputatlar sarıdan da analoqumuzun olmadığını sübut edir…

Bir də ki, olmazmı hörmətli iqtisadçı-akademik Z.Səmədzadə büdcənin, nə yolla olursa-olsun doldurulmasına diqqət yetirdiyi qədər, büdcə vəsaitlərinin necə xərclənməsi prosesilə də maraqlansın. Bu, Maliyyə Nazirliyinin və Milli Məclisə tabe olan Hesablama Palatasının işi olsa da, parlamentin komitə sədri kimi, Ziyad müəllimin də ən azı söz haqqı var. Ancaq bu haqdan istifadə edirmi? Axı bir vedrəni, yəni bu halda büdcəni nə qədər doldursan da, onun dibi deşikdirsə, camaata əziyyət verməyin nə mənası qalır? Büdcənin necə xərcləndiyini görmək üçün isə heç akademik olmağa da ehtiyac yoxdur. Büdcədən maliyyələşən dövlət qurumlarının, nazirlik və komitələrin başında duranların, eləcə də büdcə vəsaitləri hesabına həyata keçirilən layihələrin icraçılarının maddi durumuna, həyat tərzinə, mal və mülklərinə diqqət yetirmək kifayətdir.

Vahid müəllimin sözü olmasın: “Mən burda hər şeyi açıqlamaq istəmirəm…”(azpolitika.az)


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: haqda, Akademikin, VERG, heyat, yoxsa, kisesi, Pul, VE, OLUM, eminliyi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ