SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bakı Bus” niyə tıxacdan çıxa bilmir? – Daimi bəhanə

“Bakı Bus” niyə tıxacdan çıxa bilmir? – Daimi bəhanə

Tarix:

12-02-2018, 15:28

/ 1 721 dəfə oxundu.
“Bakı Bus” niyə tıxacdan çıxa bilmir? – Daimi bəhanə

Bakının illərlə acınacaqlı vəziyyətdə olan yol-nəqliyyat-marşrut probleminin birdəfəlik həll olunması üçün “Bakı Bus” avtobusları xəttə buraxıldı. Artıq 3 ilə yaxındır şəhər sakinlərinin xidmətinə verilən olduqca komfortlu avtobuslar hamının ürəyincə olsa da, vaxtaşırı yaranan problemlər bəzən etirazlara səbəb olur.
Bu marşrutlar az qala hər gün getdiyi istiqamət üzrə gecikir və uzun intervallar yaranır. “Bakı Bus” avtobuslarının hərəkət etdiyi xətt üzrə, adətən, BNA başqa marşrutların xidmət göstərməsinə imkan vermədiyindən, vəziyyət daha da dramatikləşir. Bəzən yarım saatdan çox dayanacaqda bir marşrutu gözləməyə onlarla insan yığılır. Bu zaman isə sərnişin sıxlığı yaranır. Üstəlik, insanlar mənzil başına gecikirlər.
Vaxtaşırı olaraq rast gəlinən digər problem isə uzun gecikmədən sonra “Bakı Bus”un eyni xətt üzrə işləyən 4-5 avtobusunun qısa fasilələrlə gəlməsi olur. Nəticədə, ilk avtobuslarda sərnişin sıxlığı, digərlərində isə boşluq özünü göstərir.
Düzgün nizamlanmayan və səriştəsiz şəkildə idarə edilən “Bakı Bus”un komfortlu, rahat avtobusları nəticədə neqativ rəylərə yol açır.
Məsələ ilə əlaqədar açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Bakı Bus” marşrutlarında (3 saylı marşrut avtobusunun timsalında – red.) bu gün də yaşanan problemin izahını eyni sözlə - tıxac problemi ilə əlaqələndirdi.
M.Ağayevin sözlərinə görə, bir marşrut xətti üzrə avtobuslar gecikmə ilə və həmçinin bir-birinin ardınca gəlirsə, bu artıq həmin avtobusların müəyyən bir ərazidə tıxacda qalmasının göstəricisidir:
“Vətəndaşın dayandığı dayanacağa yaxın ərazidə tıxacın olmaması yolların boş olması demək deyil. Marşrut xəttinin keçdiyi digər bir ərazidə tıxac olur və gecikmə baş verir. Bu gün (12 fevral – red.) yaşanan problem də tıxacdan qaynaqlanıb. Bəzən olur ki, bir xətt üzrə hərəkət edən eyni nömrəli avtobusun bir neçəsi eyni vaxtda tıxacda qalır. Məsələn, olub ki, eyni xətt üzrə gedən 4 avtobus eyni tıxacda qalıb. Yol açıldıqdan sonra isə həmin avtobuslar ard-arda dayanacağa gəlib”.

Maraqlıdır, məgər avtobuslar “bir-birinin ardınca” tıxaca düşür ki, tıxacdan da eyni vaxtda çıxırlar?

Üstəlik, rabitə sisteminin mobilləşməsi, intelektual idarəetmə imkan verir ki, hətta tıxac problemi olduqda belə nəqliyyatın hərəkəti tənzimlənsin.

Amma...

M.Ağayev bildirib ki, avtobusların tıxacda qalmaması üçün BNA xüsusi hərəkət zolaqlarının çəkilməsi ilə bağlı təklif irəli sürüb:
“İki ünvanda - Y.Səfərov və M. Füzuli küçələrində bu zolaqlar çəkildi. Lakin aparılan məlumatlandırma və maarifləndirmə işlərinə baxmayaraq, fərdi nəqliyyat vasitələrini idarə edən sürücülərimizin bir çoxu hələ də bu zolağın tələbinə əməl etmir”.
Xatırladaq ki, Avropa Oyunları zamanı çəkilən xətlərə sürücülər ciddi əməl edirdilər və heç bir problem də yaşanmırdı. Görünür, BNA eksperimenti ilə bağlı “maarifləndirmə işlərini” düzgün həyata keçirmir. Hər halda, bununla bağlı maarifləndirici çarxlar hazırlanmayıb (və yaxud yetərincə yayılmayıb) və DYP ilə əməkdaşlıq qurulmayıb.
Əslində isə problemin kökü nə çəkilən zolağa fərdi sürücülərin girməsində, nə də tıxacdadır. Bunlar intervala nəzarət mexanizminin tapılmamasını “izah edən” ənənəvi cavablardan başqa bir şey deyil.

Şərhlər

XƏBƏR LENTİ