SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda mütəşəkkil “Ağ şəhər” dələduzluğu: Dəstə üzvləri Qazaxıstan vətəndaşını aldatdı

Bakıda mütəşəkkil “Ağ şəhər” dələduzluğu: Dəstə üzvləri Qazaxıstan vətəndaşını aldatdı

Tarix:

20-02-2017, 00:25

/ 3 046 dəfə oxundu.
Bakıda mütəşəkkil “Ağ şəhər” dələduzluğu: Dəstə üzvləri Qazaxıstan vətəndaşını aldatdı

Qazaxıstan vətəndaşını “Ağ Şəhər” layihəsi adı ilə aldadaraq külli miqdarda pulunu ələ keçirən və başına oyun gətirən dələduz qruplaşma himayə olunur

Bu barədə müraciət edən Qazaxıstan vətəndaşı Rövşən İsmayılov şikayət məktubunda yazıb.

Onun sözlərinə görə, dəstənin üzləri barəsində aparılan cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Yasin Mikayıllının icraatındadır:

“Cinayət işi ilkin olaraq Abşeron RPİ-də başlanmış və ilkin istintaq hərəkətləri aparılmışdır. Lakin Əsgərov Ramin Ədalət oğlu və Əsgərov Ədalət adlı şəxslər özlərini təmizə çıxarmaq üçün, guya özlərinin də aldandığını göstərmək məqsədilə Bakı şəhər BPİ-nə şikayət etmişdir ki, iş Abşerondan götürülsün və Bakı şəhər BPİ-nə verilsin. Qazaxıstan vətəndaşı kimi televiziyada “Ağ Şəhər” layihəsini görüb bəyənmişdim. Bundan sonra həmin layihədən ev almaq üçün Azərbaycana gəlmişəm. Burada mənim həmin Ağ şəhər layihəsindən mənzil almaq istədiyimi bilən qohumlarım mənə Ramin və Ədalət adlı ata-oğulun makler işi ilə məşğul olduğunu bildirdilər”.

Şikayətçi qeyd edib ki, bundan sonra Əsgərov Ramin Ədalət oğlu onu “Ağ şəhər” layihəsindən binaya aparıb: “1 otaqlı mənzili göstərərək bildirdi ki, həmin mənzil onundur.

Bundan sonra mənzili almaq üçün dəyərini öyrəndim və mənə mənzilin dəyərinin 60 000 ABŞ dolları olduğunu bildirdi. Məni inandırmaq üçün hətta bildirdi ki, bu mənzili Ələkbərli Ziya Fəxrəddin oğlu “AENT-E” MMC-dən almışdır.

Buna dair 27 iyun 2014-cü il tarixli “AENT-E”MMC-nin direktoru Cəfərov Əkbər Qurban oğlu ilə Ələkbərli Ziya Fəxrəddin oğlu arasında bağlanmış 150 nömrəli müqaviləni, maliyyə arayışını da mənə göstərdilər. Bundan sonra notariusda həmin mənzilə dair iddiasının olmadığına dair Ələkbərli Ziya adlı şəxsin təsdiqlənmiş ərizəsini də mənə təqdim etdilər.

Bundan sonra notariusa gedərək evə dair sənədləşmə işlərini həyata keçirmək üçün Ələkbərli Ziya Fəxrəddin oğlundan mənə və Əsgərov Ramin Ədalət oğluna etibarnamə aldıq və mən evin dəyəri olan 60 000 ABŞ dollarını Əsgərov Ramin Ədalət oğlunun atası Əsgərov Ədalətin ofisinə gedərək ödədim.

Bundan bir müddət keçəndən sonra aldığım mənzilə getdiyim zaman məni heç yuxarı buraxmadılar, bildirdilər ki, birincisi bura Ağ şəhər layihəsinin binaları deyil, ikincisi də Ələkbərli Ziya adlı şəxsin bu binada mənzili yoxdur.

Bu məqamda qeyd edim ki, Əsgərov Raminin mənə satdığı mənzil Gəncə prospekti 29/35 A ünvanında yerləşirdi. Qazaxıstan vətəndaşı kimi ərazinin tanımamağımdan sui-istifadə ediblər”.

Müraciət sahibi qeyd edib ki, mənzil Ağ şəhərdə yerləşmirmiş. Mən də Qazaxıstan vətəndaşı kimi əsas gəlişim məhz bu layihədən ev almaq idi, lakin, bu ev heç Ələkbərli Ziyaya məxsus deyilmiş. Bundan sonra, mən Əsgərov Ramin və Ədalətin əli ilə Ziya və Arif adlı şəxsləri tapdım.

Ziya və Arif isə mənə bildirdi ki, bu mənzil alınmırsa, onda sənə Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evini verərik. Hətta, həmin evin eskiz layihəsini də təqdim etdilər. Lakin, Ədalətə verdiyim 60 000 ABŞ dollarının az olduğunu və əlavə 13 000 ABŞ dollarını da verməli olduğumu bildirdilər.

Bundan bir müddət sonra isə öyrəndim ki, həmin fərdi yaşayış evi məndən başqa da bir neçə şəxsə satılıb, hətta, sonradan eskiz layihəsi ilə Abşeron rayon İcra Hakimiyyətinə getdikdə mənə həmin sənədin də saxta olduğunu və məni aldatdıqlarını bildirdilər.

Bu cəhd də alınmadığından və mən 73 000 ABŞ dolları pulumu itirdikdən sonra Abşeron RPŞ-nə şikayət etdim. Bu zaman şikayətim araşdırılaraq Ramin və Ziyanı tutdular.

Lakin, Əsgərov Ramin 2 gün saxlanıldıqdan sonra mənim pulumdan 20 000 manatı qaytardı. Ziya isə barəsində 4-5 aya yaxın istintaq getdikdən sonra, 13 000 manatımı ödədikdən sonra onu da buraxdılar”.

Şikayətçi yazıb: “Hazırda Əsgərov Ramin və Ədalət bildirir ki, guya Arif və Ziya onları da aldatmışdır, əgər Əsgərov Ramin Ələkbərli Ziya və Arif adlı şəxsin onu aldatdığını bilirdisə, onda Ramin bunu bilə-bilə niyə məni aldatmışdır?

Niyə mən şikayət edənə qədər Ziya və Arifdən şikayət etmirdilər? Niyə gözləyirdilər ki mən şikayət verim? Bütün bu addımlar (müstəntiqin senarisi) Əsgərovların özlərini aldanmış, zərərçəkmiş kimi göstərmək üçün atdığı addımlardır.

Digər tərəfdən iş materiallarından bəlli olur ki, Ziyadan evi aldıqdan sonra Əsgərov Ramin öz adına sənəd kimi etibarnaməni aldıqdan 5 gün sonra həmin evi mənə satmışdır. Bizim aramızda Ramin və Ədalət ilə elə 1 aydan çox danışıqlar getmişdir ki, razılığa gələk.

Necə olur ki, aldıqları evi 5 günə satırlar? Bu suala Əsgərovlar ehtiyac üzündən olduğu cavabını versə də bu o qədər inandırıcı görünmür. Daha inandırıcı olan Əsgərovların Ələkbərli Ziya və Arif ilə əvvəlcədən razılaşmaqla bir dələduz dəstəsi kimi mənə ev satmaları və pulumu ələ keçirmələridir.

Ələkbərli Ziya və Arif əgər bu 4 nəfər bir dəstənin üzvləri olmasa idi, ilkin aldığım ev ilə bağlı problem yarananda bildirərdi ki, evini Ramin və Ədalətdən almısan, get məsələni onlarla həll et. Bunu deməyərək, 60000 ABŞ dollarına əlavə olaraq 13000 ABŞ dolları ödəməklə yenidən məni aldatmaları bu 4 nəfərin bir olduqlarını bir daha sübut edir”.

Qazaxıstan vətəndaşı Politika.Az-a eləcə dəqeyd edib: “sgərovların aldandıqları halda şikayət etməmələri və mənim şikayətimdən sonra hərəkətə keçmələri də 4 nəfərin bir olmasına dair fikirləri daha da gücləndirir.

Əgər bu dələduzluq faktında Əsgərovlar təqsirsiz olsa idi, Abşeron RPİ-də gəlib 20000 manat ödəməzdilər. Həmin pulun 5000 manat hissəsi məhz poçt vasitəsilə ödənilmişdir.

Bütün bu faktlara baxmayaraq Bakı şəhər BPİ-nin İstintaq şöbəsi Əsgərovlar ailəsinə himayədarlıq etməsinə davam edir.

Üzləşdirmə zamanı da müstəntiq açıq şəkildə bəyan etdi ki, mən Əsgərov Raminə inanıram, o və atası barəsində heç bir prosessual tədbir görməyəcəm, hətta, çalışacam ki onlar da zərərçəkmiş şəxs kimi tanınsın.

Bu məsələni prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğunun müvafiq əməkdaşlarının da nəzərinə çatdırmaq istədim.

Lakin, oradakı nəzarəti həyata keçirən əməkdaş da müstəntiq kimi bildirdi ki, bu fakt üzrə Əsgərovlar təqsirləndirilən şəxs kimi cəlb olunmayacaq. Necə olur ki, həm istintaqı aparan müstəntiq, həm də nəzarət edən şəxslər istintaq davam etdiyi halda indidən belə yekun nəticəyə gəlmişlər?

Bu mövqedə olan şəxslər tərəfindən aparılan istintaqın obyektivliyinə necə inanmaq olar? Hətta, Abşeron RPİ-də Əsgərovlar tərəfindən ödənilmiş 20000 manatın da guya təzyiq nəticəsində olduğunu bildirirlər.

Əgər belə bir təzyiq var idisə niyə Əsgərovlar bu faktla bağlı şikayət etmirdilər? Niyə 20000 manatın 5000 manatını 1 həftə sonra poçt vasitəsilə ödəyiblər? Əgər haqlı idilərsə ödəməzdilər.

Sonda bir daha bildirmək istəyirəm ki, Əsgərov Ramin, Əsgərov Ədalət, Ələkbərli Ziya və Arif hamısı əlbir dələduz dəstənin üzvləridir.

Möhtərəm Prezident İlham Əliyevə, cənab Zakir Qaralova və cənab Ramil Usubova ünvanlanmış şəxsi və Qazaxıstan vətəndaşı olduğumdan konsulluğun və vətəndaşı olduğum dövlətin müvafiq qurumlarından göndərilmiş məktublar öz bəhrəsini verəcək, dələduzlar məsuliyyətə cəlb olunacaq, mənə vurulmuş zərər ödəniləcək və ədalət yerini tapacaqdır”.

Şərhlər

XƏBƏR LENTİ