SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Meqa-Siti Holdinq”in Yusif Sərracı varmış - GİLEY

“Meqa-Siti Holdinq”in Yusif Sərracı varmış - GİLEY

Tarix:

5-02-2018, 16:36

/ 1 900 dəfə oxundu.
“Meqa-Siti Holdinq”in Yusif Sərracı varmış - GİLEY

Redaksiyamıza Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bakı Fəhləsi küçəsi, ev 10-da yaşayan, Ermənistan qaçqını, Novruzov Sultan Bəhmən oğlu tərəfindən bir şikayət məktubu daxil olub. Adətən müxtəlif mövzulu şikayətlər redaksiyamıza olduqca çox gəlir. Hər birinə təbii ki, həssaslıqla yanaşırıq və çalışırıq bu problemlərə yardımçı olaq. Ancaq şikayətlərin içərisində eləsi olur ki, sadəcə adamın matı-qutu quruyur. Çünki, sənədlərlə tanış olanda şikayətçinin tam haqlı olduğunu və bunu həm də məhkəmə qərarı ilə təsdiqini tapdığını görürsən. Onda adam dəhşətə gəlir ki, şikayətçinin hüququna hörmət etməyən hansısa məmur, şirkət rəhbəri, hətta məhkəmə qərarlarını belə saymır. Bax onda, necə deyərlər, xiyar əyri bitir. Yəni, qalmaqal qopur, aləm bir birinə dəyir, tanışlıq zəngləri işə düşür ki, həmin yazı dayandırılısın və s. Nə isə...

Sultan Novruzovun da şikayəti məhz məhkəmə qərarlarını saymayan “Meqa-Siti Holdinq” şirkətinin təsisçiləri barədədir. Maraqlıdır ki, bu şirkətin fırıldaqları barədə televiziya və mətbuatda mütəmadi məlumatlar verilir. Elə “Təzadlar” qəzetinin 24 sentyabr 2017-ci il tarixli sayında Bakı şəhər sakini Rauf Bəşirovun şikayəti əsasında “Meqa-Siti Holdinq” Yasamal rayununda “at oynadır””. başlıqlı yazı dərc olunub. Bu fırıldaqçılara yuxarıdan “krışalıq” edənin izinə artıq düşmüşük. Yaxın zamanda bir mənzili bir neçə adama satan bu təsisçilər və onların havadarları barədə çox sesassiyalı məlumalarla çıxış edəcəyik.
İndi isə başına oyun açdıqlarına görə bu təsisçilərin cəzalandırılması barədə S.Novruzovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehiban Əliyevaya, Respublikanın baş prokuroru cənab Z.Qaralova, ədliyyə naziri cənab F.Məmmədova, korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi cənab K.Əliyevə və surəti “Təzadlar” qəzetinə ünvanlanmış şikayət məktubunda olduqca ciddi faktlar əksini tapıb.
Deməli, məsələ belədir. S.Novruzov 18 mart 2008-ci ildə “Meqa-Siti Holdinq” şirkətinin direktoru Elnur Məmmədovla müqavilə bağlayır ki, şirkətin Yeni Yasamal yaşayış maşssivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində, ümumi sahəsi 50.2 kvm-dən ibarət 1 otaqlı mənzil alacaq. Bağlanan müqavilənin 3.2 bəndində oxuyuruq: “Satıcı müqavilənin 2.1 bəndində göstərilən tikinti-quraşdırma işlərinin 24 (iyirmi dörd) ay ərzində tamamlayır Alıcıya təhvil verilir”.
“Meqa-Siti Holdinq” şirkəti bağlanan müqavilənin şərtinə əməl etmir və göstərilən müddətdən xeyli keçməsinə baxmayaraq binanın tikintisi başa çatmır. Bu barədə S.Novruzov şirkətin təsisçiləri olan Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimovla dəfələrlə söhbətlər etsə də nəticə hasil olmur. Belə olan surətdə S.Novruzov təsisçilərin ünvanına görə Xəzər rayon məhkəməsinə müraciət edir ki, indiyə qədər müqavilə əsasında şirkətə ödədiyi 31 min ABŞ dolları məbləğində pulunu geri alsın. Xəzər rayon məhkəməsinin 13 dekabr 2013-cü il tarixli, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən iclasında belə qətnamə qəbul edilir: “İddia qismən təmin edilsin. İddiaçı Novruzov Sultan Bəhmən oğlunun xeyrinə cavabdeh “Meqa-Siti Holdinq” MMC-dən 31000 (otuz bir min) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manata məzənnəsi ilə və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun”.
Məhkəmənin bu qərarından sonra düşünmək olardı ki, artıq hər şey həllini tapdı və problem çözüldü. Amma necə deyərlər, sən saydığını say, gör “Meqa-Siti Holdinq”in təsisçiləri - Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov nə sayır? Əslində onların nə saydığı və necə saydığı hamıya məlumdur. Elə təsisçilərdən biri – Fariz Nuriyev bunu məhkəmədəki yazılı ifadəsində də etiraf edib. Nə qədər qəribə olsa da, məhkəmə qarşısında və hakimin suallarına cavab olaraq, F.Nuriyev nəyi və necə saydıqlarını, yəni saxta yolla hansı işlər gördüklərini özü də bilmədən açıq şəkildə bəyan edib. F.Nuriyev yazılı ifadəsində və hakimin verdiyi suala cavab olaraq göstərib ki, “Meqa-Siti Holdinq”in iki dairəvi möhürü var. Biri, yəni əsli özündədir, digər saxta möhür isə, o biri təsisşçilərdədir. Hələ yaxşıdır deməyib ki, dörd nəfər təsisçinin hərəsində bir möhür var.
Deməli, bu insanlar saxtakarlığa o qədər öyrəşiblər ki, artıq belə iş, onların gündəlik həyat tərzinə çevrilib və bu səbəbdən qanunsuzluğu, özləri də bilmədən, məhkəmədə açıq etiraf edirlər. Burada çox maraqlı məqamlar üzə çıxır. Sən demə, Mirzə Fətəli Axundovun “Aldanmış kavakib” əsərində olduğu kimi “Meqa-Siti Holdinq”in də Yusif Sərracı varmış. Bildiyimiz kimi əsərdə ulduzların gözlənilən təhlükəsindən şahı qorumaq üçün vəzir, vəkil təklif edirlər ki, şah öz taxt-tacından könüllü əl çəksin və yerinə camaat arasında böyük hörmət, nüfuz sahibi olan, həmişə həqiqəti deyən, şahın qanunsuz əməllərinə qarşı açıq çıxış edən, çəkməçi Yusif Sərracı, aradan götürmək üçün onu təyin etsin. Belə də edirlər. Nəticədə Yusif Sərrac qısa müddətə də olsa, şahlıq edir, mütərəqqi islahatlar aparır. Ancaq tezliklə qaragüruhçu qüvvələr onu məhv edirlər.
“Meqa-Siti Holdinq” şirkətinə də dörd nəfər təsisçi olsa da, icraçı direktor Elnur Məmmədov təyin olunur. O, Elnur Məmmədov ki, nə möhürü, ştampı, nə də hər hansı əməliyyat keçirmək səlahiyyəti olub. Sadəcə müqavilələr bağlananda onun adı yazılır, pulların alıb verilməsinə isə bir başa təsisçilər Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov cavabdehlik daşıyıblar. Onların icazəsi olmadan E.Məmmədov hər hansı bir sənədə qol da çəkə bilməzdi. Belə olan surətdə isə ədliyyə nazirliyinin istintaq idarəsinin müstəntiqi ElmanYahyanın, Elnur Məmmədovun həbsinə qərar verməsi heç cür başa düşülmür. Necə deyərlər, pulu alanlar, yeyənlər qalıb bir kənarda, amma o puldan xəbərsiz E.Məmmədov həbs olunur.
“Meqa-Siti Holdinq”in Yusif Sərracı varmış Düzdür, direktor kimi E.Məmmədov məsuliyyət daşıyır, amma həm müstəntiq Elman Yahyaya, həm də digər cavabdeh qurumlara aydındır ki, bu işdə əsas günahkarlar adlarını çəkdiyimiz o dörd nəfər təsisçilərdir. O da maraqlıdır ki, həmin təsisçiləri müstəntiq istintaqa cəlb etməyib. Sadəcə şifahi olaraq onları dindirib və heç bir rəsmi sənədləşdirmə aparılmayıb. Əgər müstəntiq E.Yahya vaxtında təsisçiləri, el dilində desək, divara dirəsəydi, bu gün Elnur Məmmədov şirkətin Yusif Sərracı kimi qurban verilməzdi. Çünki, Yusif Sərrac məhv edilən kimi E.Məmmədov da həbs edilib, amma təsisçilər fəaliyyətlərinə davam edirlər. Hələ üstəlik təsisçilərdən olan nehrəmli Fariz Nuriyev həm də direktor kimi fəaliyyət göstərir. Ara yerdə Elnur Məmmədov həbs cəzası çəkir.
Aldığımız məlumata görə təsisçilərin dördü də birəmənalı olaraq Elnur Məmmədova söz veriblər ki, səni biz qurtaracağıq. Reallıq isə odur ki, “içəridə” E.Məmmədovu atasından və digər qohum-əqrabadan başqa heç kim yada salmır.
Nəticədə isə məhkəmə qətnaməsi ilə S.Novruzova “Meqa-Siti Holdinq” tərəfindən ödənməli olan 31 min ABŞ dolları məbləğində pulun taleyi hələ də qaranlıqdır. Çünki, pulu şəxsən qəbul edən təsisçilər icraçı direktoru həbs etdirməklə məsuliyyətdən yayınmaq istəyirlər. Elə ona görə S.Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehiban Əliyevaya, Respublikanın baş prokuroru cənab Z.Qaralova, ədliyyə naziri cənab F.Məmmədova, korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab K.Əliyevə və surəti “Təzadlar” qəzetinə ünvanlanmış şikayət ünvanlayıb.Məktubdan bir hissəni olduğu kimi təqdim edirəm:
Hörmətli cənab Prezident!
Ermənistan qaçqını olaraq, həmişə ulu öndər Heydər Əliyevin apardığı siyasəti dəstəkləmişəm. Onun çağırışlarına həmişə birinci səs verənlərdən olmuşam. Bu gün ulu öndərin layiqli varisi kimi Sizin apardığınız daxili və xarici siyasət ürəyimcədir. Prezident seçkilərində bütün ailəlikcə sizə səs vermişik və builki prezident seçkilərində də Sizə səs verəcəyik. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın imkansızlara, kimsəsizlərə, müalicəyə ehtiyacı olanlara, uşaq, qocalar və internat evlərinə göstərdiyi maddi və mənəvi qayğı hər bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbimi fərəh hissi ilə doldurur. Ona görə hər yerdə açıq şəkildə deyirəm ki, bu respublikanın prezidenti cənab İlham Əliyev və Birimci vitse-prezident xanım Mehriban Əliyeva kimi sahibləri var və heç kəs qanunsuzluğa yol verə bilməz.
Hörmətli cənab Prezident!
Çox təəssüf edirəm ki, yerlərdə bəzi məmurlar və iş adamları Sizin hüquqi dövlət quruculuğu yolunda çəkdiyiniz zəhmətə kölgə salırlar. Elə Sizə müraciətim də belə insanların ünvanını göstərməkdir. Məlumat üçün deyim ki, “Meqa-Siti Holdinq” şirkəti ilə bağladığım müqavilə əsasında alacağım evi ala bilmədiyim üçün ödədiyim 31 min ABŞ dolları məbləğində pulu qaytarmırlar.
“Xəzər rayon məhkəməsinin 13 dekabr 2013-cü il tarixli qətnaməsi ilə “Meqa-Siti Holdinq” MMC tərəfindən 31 min ABŞ dolları məbləğində mənə vurulmuş zərərin ödənilməsi üçün xeyrimə qərar da çıxarılmışdır. Həmin tarixdən bü günə kimi Xəzər rayon məhkəməsinin qərarı yerinə yetirilməmişdir. Mən məhkəmədə dəfələrlə bildirsəm də ki, 31 min ABŞ dollarını şirkətin icraçı direktoru və heç bir səlahiyyəti olmayan Elnur Məmmədova yox, təsisçilərdən biri olan Aqil Qədiqova vermişəm. Lakin heç kəs buna əhəmiyyət verməyib, nəticədə heç bir pul alıb, verməyə ixtiyarı olmayan Elnur Məmmədov həbs olunub. Ancaq təsisçilər yenə də mənim pulumu ödəmək istəmir. Təsisçilərdən Aqil Qədiırov hazırda başqa bir dələduzluq əməlinə görə Səbail rayon polis idarəsi tərəfindən həbs olunub və barəsində Cinayət Məcəlləsinin 306.2 maddəsi ilə cinayət işi açılaraq istintaq gedir.
Hörmətli cənab Prezident!
Məhkəmə proseslərində mənim tələbimlə təsisçilərdən Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov şahid qismində dindiriliblər.
Məhkəmə prosesində onlar yazılı surətdə verdikləri ifadələrində bildiriblar ki, holdinqin ilk gündən dairəvi möhürü, mənzillərin satılması, daxil olmuş pul vəsaitlərin xərclənməsi, borcların silinməsi kimi səlahiyyətlər Holdinqin icraçı direktoru kimi Elnur Məmmədovda olmayıb. Həmin səlahiyyətlər Holdinqin təsisçilərində olmuşdur. Hətta təsisçi Fariz Nuriyev verdiyi yazılı ifadəsində Holdinqin iki dairəvi möhürdən istifadə etdiyini, əsl dairəvi möhürün özündə olduğunu, ikinci saxta dairəvi möhürü digər təsisçilər – Maksim Zeynalov və Aqil Qədirovda olduğunu bildirib.
Hazırda bu iş üzrə Yasamal rayon məhkəmə icraçılarının verdikləri vəsadət əsasında məhkəmə prosesi gedir. Bu günlərdə olan məhkəmə iclasının birində Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun “Bəs nə üçün Elnur Məmmədovu icraçı direktor təyin etmisiniz və onun səlahiyyətlərini əlindən almısınız” – sualı təsisçilər tərəfindən cavabsız qalıb.
Hakim H.Səfərov həbsdən qabaq dəfələrlə təsisçi Aqil Qədirovu məhkəmə prosesinə dəvət etsə də, o məhkəmə prosesinə gəlməmişdir. Hakim H.Səfərov bildirib ki, yazılmış iddihamnamədə təsisçilərin adları və ifadələri olmadıqları üçün onları məsuliyyətə cəlb edə bilməz.
Hörmətli cənab Prezident!
Müvafiq qanunvericiliyə əsasən Holdinqin icraçı direktoru kimin olmasından asılı olmayaraq, mənə vurulmuş zərər Xəzər rayon məhkəməsinin qətnaməsində göstərildiyi kimi, “Meqa-Siti Holdinq” MMC tərəfindən ödənməlidir. Çox təəssüf ki, bu qətnamə hələ ki, yerinə yetirilmir. Elə yerinə yetirilmədiyi üçün də Yasamal rayon məhkəməsində proses davam edir.
İnanıram ki, məhz Sizin göstərişinizdən sonra nəhayət, haqq-ədalət öz yerini tapacaq və günahkarlar cəzalandırılacaq”.
Göründüyü kimi Sultan Novruzov böyük haqsızlıqla üzləşib və pozulmuş hüququnun bərpası üçün illərdir mübarizə aparır. Ancaq maraqlıdır ki, hər şey göz önündə ola-ola nə günahkarlar cəzalanır, nə də S.Novruzovun halal haqqı olan pulu qaytarılır.
KİV haqqında qanunauyğun olaraq, əks tərəf kimi “Meqa-Siti Holdinq” MMC-nin təsisıçisi və direktoru Fariz Nuriyevin də mövqeyini öyrəndik. F.Nuriyev bizimlə söhbətində bildirdi ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur. Yəni, tikilən həmin binaya o, cavabdehlik daşımır: “Yaxşı olar ki, bu barədə digər təsisçilər Aqil Qədirov və Maksim Zeynalovdan soruşasınız. Düzdür, Aqil Qədirov həbs olunub, amma Maksim Zeynalov iş başındadır. Mən Sultan Novruzovu son 6 ayda gedən məhkəmə prosesindən tanımışam və özünə də demişəm ki, bu işlərdə mənim heç bir günahım yoxdur”.
Mənim verdiyim “Siz məhkəmədə yazılı və şifahi ifadənizdə bildirmisiniz ki, Holdinqin iki möhürü var. Bu qanunsuzluğun etirafı deyilmi – sualıma F.Nuriyevin verdiyi cavabla növbəti sayımızda tanış ola bilərsiniz. Telefon söhbətimisdə F.Nuriyev bildirdi ki, “bütün suallarıma digər təsisçilər Aqil Qədirov və Maksim Zeynalov cavab verə bilərlər. Aqil başqa məsələ ilə bağlı həbs olunub, Maksim isə çöldədir”.
Maksim Zeynalov isə bu məsələlərin ümumiyyətlə ona dəxli olmadığını bildirdi:” Mən həmin şirkətin təsisçiliyinə 2012-ci ildə gəlmişəm. S.Novrusovun məsələsi məndən əvvəl olub.Yaxşı olar ki, Aqil Qədirovla əlaqə saxlayıb suallarınıza cavab alasınız”. Mən deyəndə ki, “axı Fariz Nuriyev deyir ki, Aqil həbs olunub” cavab verdi ki, “Aqil 3 günlük həbs olunub, sonra buraxılıb”. Maraqlıdır təsisçinin biri deyir Aqil həbsdədir, digəri isə buraxıldığını bildirir. Belə olan surətdə Aqil Qədirovun mənə verilən 050 668 93 40 nömrəli mobil telefonuna fevralın 5-də dəfələrlə zəng etsək də nömrə bağlı göstərdi.
Növbəti sayımızda həmçinin müstəntiq Elman Yahyanın, “Meqa-Siti Holdinq” təsisçilərinin Bakı şəhər sakinləri İdris Salayevin, Müslüm Abdullayevin və digərlərinin mənzillərini başqalarına necə satması barədə maraqlı faktları oxuya bilərsiniz.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ